Türkiyə prezidenti Qənirə Paşayevanın şeirini oxudu

 Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ahıska türklərinin sürgün edilməsinin 75-ci ildönümü ilə bağlı anma mərasimində çıxış edib. 
Maraqlıdır ki, Türkiyə lideri çıxışını Azərbaycanın beşinci çağırış Milli Məclisinin deputatı Qənirə Paşayevanın yazdığı “Ahıska” şeirini oxuyaraq tamamlayıb.
Həmin şeiri təqdim edirik:
“Ahıska!
Sensin içimde yanan kor ateş;
Sensin, ezeli ve ebedi yurdum!
Kavuşma ümidiyle yaşadım bunca yıldır;
Ümitler ki benim yenilmez ordum!
Ahıska!
Sen talan olmuş Türk yurdunun;
Gözü yaşlı maralısın.
Evladından ayrı düşmüş;
Anne gibi yaralısın…’’
Ahıska!
Yitirme ümidini bir gün de olsa,
Gelecek senin de altın çağların!
Bekle evlatlarını derviş sabrıyla;
Yeşertsin ümidi ulu dağların;
Birleşince tek bayrak altında erler;
Aydınlanacak yurtların, ocakların yanacak!”
Qeyd edək ki, mətbuatda, sosial şəbəkələrdə Türkiyə liderinin Qənirə Paşayevanın şeirini oxuması böyük maraqla qarşılanıb. Artıq çoxlarına məlumdur ki, Q.Paşayeva təkcə siyasi fəaliyyətlə deyil, həm də ədəbi yaradıcılıqla da məşğul olur. Bu günə qədər onun bir çox şeirlərinə mahnı bəstələnib, klip çəkilib. 
Məsələn, onun bir neçə il bundan əvvəl yazdığı “İstanbul” şeirinə bəstəkar Şilənay Hüseynova mahnı bəstələmiş və mahnı bir neçə müğənnin ifasında səsləndirilib. Hətta tanınmış türk müğənnisi Oya Ergün də bu mahnıya müraciət edib, klip çəkdirib.
Eləcə də Qənirə Paşayevanın sözlərinə yazılan “Salam olsun!” mahnısını sənətçi Ramal ifa edib, klip çəkdirib. 
Müğənni-bəstəkar Elza Seyidcahan da Q.Paşayevanın bir sıra şeirlərinə müraciət edərək, musiqi bəstələyib. Onların arasında “Ad günümü yola saldım sənsiz”, “Həsrət nəğməsi” və digər mahnıların adını qeyd etmək olar.
Buna baxmayaraq Qənirə xanımın bu günə qədər şeir kitabı dərc edilməyib.
Onu da əlavə edək ki, təkcə Qənirə Paşayeva deyil, bir neçə deputat məmur var ki, onlar həvəskar şairdir və maraqlı şeirləri var.
Məsələn, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat  Novruzəli Aslanov isə şeirlərini Novruz Aslan imzası ilə yazır. Deputat 10 ədəbi, elmi-kütləvi kitabın müəllifidir.  Onun şeirlərinə çoxlu mahnılar bəstələnib. 
Milli Məclisin üzvü Musa Quliyev də Musa Urud təxəllüsü ilə şeirlər də yazır. O, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10-dan çox ədəbi, bədii kitabın müəllifidir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin üzvü Cavid Qurbanov da bir neçə şeirin müəllifidir. Xatırladaq ki, o, ustad Aşıq Şəmşirin nəvəsidir.
Bakı Metropoliteninin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının rəhbəri Tağı Əhmədovun ədəbiyyat həvəskarı, şeir yazması barədə bəziləri məlumatlıdır. Qeyd edək ki, Tağı Əhmədov "Tağı Sadiq” imzası ilə şeirlər yazır. Tağı Sadiqin yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən bu gün ifa olunmaqdadır. Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində “Tağı Sadiq” imzası yetərincə tanınıb, məşhurlaşıb. 2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri tarzən Zamiq Əliyevə məxsus olan “Vurulmuşam” və “Tarzən” adlı albom-disklər buraxılıb.
Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən "YAP partiyası” musiqili klipində də musiqi Zamiq Əliyevə, sözlər Tağı Sadiqə məxsusdur.
Musiqi sahəsinin bəzi simaları Tağı Sadiqi incəsənətin yaxın dostu, himayədarı, nəğməkar şair adlandırırlar. Tağı Sadiqin yazdığı “Qısqanıram”, “Dilin dediyini ürəyim demir”, “Olaydı”, “Ceyranım”, “Odlanıram mən”, “Gözləməsin” kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.
Maraqlıdır, bəs peşəkar şairlər həvəskar şairlərin şeirlərinə necə münasibət bəsləyir, bəyənirlərmi?
Xalq şairi Fikrət Qoca mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əgər şeir yazırlarsa, qoy yazsınlar. Burda pis bir şey yoxdur. Əksinə kimisə təhqir etmək, aşağılamaq pis əməldir. Baxırsan ki, boğazına qalstuk taxır, amma səni təhqir edir. 
Zamanında dahi şairimiz Nizami Gəncəvinin də ətrafında zəif yazan şairlər var idi. Ümumiyyətlə həmin zaman bir dərnək olub və şairlər öz şeirlərini orada təqdim edirdilər. Onların arasından bizim dövrümüzə qədər gəlib çatan ancaq Nizaminin şeirləri olub. Həmin şairlərin bir xeyri olub ki, Nizamiyə bir fon yaradıblar. Beləliklə, böyük poeziya mühitində o cür dahi şair yetişib.
Eləcə də gözə şairəmiz Məhsəti Gəncəvinin ətrafında çoxlu sayda şeir yazan qadınlar olub. Onların hamısı bir yerə toplaşaraq, şeirlərini oxyurdular. Bu gün həmin şairə qadınların arasında Məhsəti Gəncəvidən başqa hansı şairə qadını tanıyırıq? 
İndi də çoxlu sayda şeir yazan tanımışlar var. Bəyəm biz onları tənqid etməliyik? Əlbəttə ki, yox. Çox sevindirici haldır ki, Qənirə xanımın şeiri Erdoğanın xoşuna gəlib və onu oxuyub. Əlbəttə ki, əgər bəyənməsəydi, oxumazdı”.
Nəğməkar şair Vüqar Əhməd də məsələyə öz münasibətini bildirib: “Şeir yazmaqda hər kəs sərbəstdir, kimsə bir söz deyə bilməz ki. Amma Qənirə Paşayevanın sözlərinə bu günə qədər çoxlu sayda musiqilər bəstələnib. Hətta bildiyim qədər Tünzalə Ağayeva da onun sözlərinə olan mahnısını ifa edib. Yəni, Qənirə xanımın bir neçə maraqlı şeirini oxumuşam”.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}