Qələbədən 13 gün sonra şəhid olan polkovnikin 47 yaşı olur

Bu gün Vətən Müharibəsində qəhrəmanlıq nümunəsi kimi döyüşən, şəhid polkovnik Babək Səmidlinin doğum günüdür.
Şəffaflıq.az qafqazinfo-ya istinadən xəbər verir ki, Səmidli Babək Mətləb oğlu 1974-cü ildə Göyçayda anadan olub. 1993-cü ildə Türkiyədə Quru qoşunları məktəbinə daxil olub, 1997-ci ildə həmin məktəbi bitirib. Bir müddət Türkiyə Silahlı Qüvvələrində təcrübə keçib. Bundan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. Birinci Qarabağ müharibəsində əsgər kimi döyüşüb.
Babək Səmidli daha öncə Ağcabədi və Füzulidə "N" saylı hərbi hissələrdə Qərargah rəisi vəzifəsində çalışıb. Bundan başqa, Lənkəranda hərbi polisin rəisi olub. Tovuzda tabor komandiri vəzifəsində fəaliyyət göstərən B.Səmidli 2018-ci ildə polkovnik rütbəsini alıb.
2016-cı il "Aprel döyüşləri" zamanı cəbhə boyu baş verən döyüşlərdə Talış yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə 1-ci Ordu Korpusunun Əməliyyat Bölmə Rəisi kimi iştirak edib və yaralanıb.
Vətən müharibəsində isə 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənovun müavini olan şəhid polkovnik Talış və Suqovuşan istiqamətində döyüşüb, həmin torpaqların düşmən işğalından azad olunmasında böyük şücaət göstərib.
Talış kəndinin və Suqovuşanın azad edilməsində müstəsna xidmətləri olub. Sentyabrın 27-dən oktyabrın 4-nə qədər davam edən Suqovuşanın azadlığı uğrunda döyüşlərin rəhbəri olub. Onun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Suqovuşanı işğaldan azad edib.
Noyabrın 23-də elə işğaldan azad etdiyi Suqovuşan kəndi ərazisində bir qrup Rusiya sülhməramlısı, Azərbaycan Silahlı Qüvvələri, erməni FHN əməkdaşları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə birlikdə döyüşdə həlak olanların cəsədlərinin axtarışlarını apararkən minaya düşərək şəhid olub.
B. Səmidli noyabrın 24-də doğulduğu Göyçay Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Onun dəfnində 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov iştirak edərək məzarı başında nitqlə çıxış edib: "Mən komandir olduğum müddətdə bütün savaşlara Babəklə bir yerdə girdik. Ən çətin yerlərdə, ən çətin anlarda dayağım oldu. Hətta döyüşün gedişatında elə bir məqam oldu ki, o məni həyata qaytardı, zamanında xəstəxanaya çatdırdı. Həmişə buna görə də ona "sağ ol" deyirdim. Babək bir əsgər kimi dövlətini, millətini, bayrağını sevən, Ali Baş Komandanına sədaqətli zabit idi. Bir dost kimi ləyaqətli, gözəl bir sirdaş, yaxın bir silahdaş idi".
O, şəhid olmamışdan bir gün öncə Göyçaya gəlib, öz ailə üzvləri ilə görüşərək yenidən xidmət yerinə qayıdıb. Ondan geriyə iki oğlu yadigar qaldı. Babək Səmidlinin atası Mətləb Səmidli həkim, qardaşı Müşfiq Səmidli isə Fövqəladə Hallar Nazirliyinin zabitidir.
B.Səmidli ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin "Zəfər" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}