ABŞ-da prezident seçkilərində qalib hələ məlum deyil: ştatlarda səslərin hesablanması davam edir


 

ABŞ-da prezident kürsüsü uğrunda mübarizənin qalibi hələ məlum deyil. Çünki istər indiki Prezident Donald Tramp, istərsə də sabiq vitse-prezident Co Bayden qələbə üçün zəruri olan 270 seçkiçi səsini hələ toplaya bilməyib.

Şəffaflıq.az xəbər verir ki, ABŞ-da mövcud seçki sisteminə görə dövlət başçısı 538 nəfərdən ibarət Seçkiçilər Kollegiyası tərəfindən seçilir. Hər bir ştatı təmsil edən seçkiçilərin sayı Konqresdə həmin ştatın nümayəndələrinin sayına bərabərdir. Seçkiçilər seçkilərdə əvvəlcə onların ştatında qalib gəlmiş namizədə səs verməlidirlər, lakin bunu bir vəzifə kimi tələb edən qanun yoxdur. Beləliklə, namizəd öz opponenti ilə müqayisədə daha çox amerikalının səsini topladığı halda, seçkiçilərin həmin namizədə daha az səs verməsi nəticəsində uduza bilər.

Təsdiqlənmiş son məlumata görə, Bayden 224, Tramp isə 213 seçkiçi səsi toplayıb. Doqquz ştatda, o cümlədən Arizona, Nevada, Viskonsin, Miçiqan, Pensilvaniya, Corciya, Şimali Karolina, Men və Alyaska ştatlarında qalib hələ müəyyən edilməyib.

Ümumxalq səsverməsində toplanmış səslərin sayına görə Bayden Trampı təxminən 2 milyon seçici səsi qədər üstələyir. Lakin Corciya, Şimali Karolina, Pensilvaniya və Miçiqan kimi böyük ştatlarda hələ milyonlarla bülleteni saymaq lazımdır. Gözlənildiyinə görə Pittsburq, Detroyt və Atlanta kimi şəhərlərdə və dairələrdə seçicilər demokratların xeyrinə səs verəcəklər.

Pensilvaniyada bülletenlərin təqribən 75 faizi hesablanandan sonra Tramp Baydendən təqribən 600 min səs çox toplayıb. Corciyada bülletenlərin 92 faizi hesablanıb. Bu ştatda Tramp təqribən 100 min səslə liderlik edir. Şimali Karolinada bülletenlərin 95 faizi hesablanandan sonra Prezidentin liderliyi 80 min səsə yaxındır. Arizona, Nevada və Viskonsin ştatlarında isə Bayden irəlidədir.

Ekspertlərin proqnozlarına görə, vaxtından əvvəl səsvermə bülletenləri və poçtla səsvermə bülletenləri hesablandıqdan sonra vəziyyət Baydenin xeyrinə dəyişəcək. Xatırladaq ki, pandemiya dövründə səsvermə məntəqələrində insanların çox toplaşmasının qarşısını almaq məqsədilə təqribən 100 milyon amerikalı vaxtından əvvəl səsvermə günlərində, habelə poçtla səsvermə yolu ilə öz iradələrini bildiriblər.

Səslərin tam hesablanması prosesi bir neçə gün davam edə bilər. Məsələn, Pensilvaniya ştatı poçtla göndərilmiş bülletenlərin sayı anomal dərəcədə çox olduğuna görə, səsvermənin nəticələri barədə yaxın günlərdə məlumat təqdim edə bilməyəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}