Azərbaycan Ordusu həm də BMT qətnamələrini icra edir...


 

Bu sözü tez-tez eşidirdik: “Ermənistan BMT-nin qəbul etdiyi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini nəzərdə tutan 822, 853, 874, 884 saylı 4 qətnaməsini icra etmir”.

Azərbaycan 27 il ərzində Ermənistandan bu qətnamələri icra etməyi israrla tələb etdi. Dünyadan, beynəlxalq təşkilatlardan isə Ermənistana bu qətnamələri icra etməsi üçün təzyiqlər göstərilməsi, sanksiyalar tətbiq olunması tələb olundu. Lakin nə Ermınistan bu qətnamələri icra etdi, nə də ona bunu etmələri üçün həmsədrlər, beynəlxalq aləm təzyiq göstərdi.

Azərbaycan dəfələrlə bəyan etdi ki, bu işğalla barışmayacaq, səbri tükənməz deyil, güc tətbiqi işə düşəcək, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək hüququndan istifadə edəcək, sabitlik pozulacaq. Ancaq Ermənistan və həmsədrlər BMT qətnamələrinin icrası məsələsi kimi, buna da əhəmiyyət vermədilər bu 27 ildə.

Ancaq təbii ki, Azərbaycanın müqəddəs, tarixi torpaqları işğalda qala bilməzdi, eyni zamanda istəməzdik ki, BMT kimi nüfuzlu bir qurumun qətnamələri icra olunmamış qalsın.

BMT-nin qətnamələrinin məğzini diqqətə çatdıraq:

822 saylı, 30 aprel 1993 tarixli qətnamə Kəlbəcərin işğalından sonra qəbul edilmişdi. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.

853 saylı, 29 iyul 1993 tarixli qətnamə isə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.

874 saylı, 14 oktyabr, 1993 tarixli qətnamədə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.

Nəhayət, 884 saylı 12 noyabr 1993-cü il tarixli qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.

Artıq mənzərə belədir: Azərbaycan BMT-nin 874 və 884 saylı qətnamələrinin əhəmiyyətli bir hissəsini artıq icra edib. Qalan tələbləri də Şanlı Azərbaycan Ordusu özü tam icra edəcək. Biz həm də dünyaya göstərmiş oluruq ki, biz BMT-nin, beynəlxalq hüququn tələblərinin pozulmasına göz yuma bilmərik...


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}