Səməd Seyidov: Azərbaycan-Aİ əlaqələrində əldə edilən uğurlar Avropa Parlamentində ölkəmizi istəməyən qüvvələri ciddi narahat edir


Azərbaycan ilə Avropa Parlamenti, Milli Məclislə Avropa Parlamenti, ümumiyyətlə Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv əlaqələr qurulur. Ona görə də hesab edirəm ki, son illər Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıqda əldə edilən uğurlar Avropa Parlamentində Azərbaycanı istəməyən qüvvələri ciddi şəkildə narahat edir.
Şəffaflıq.az bildirir ki,Bu fikri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Parlamentində Azərbaycana qarşı təşkil edilən dinləmələrə və qəbul edilən “qətnamə”yə dair AZƏRTAC-a açıqlamasında bildirib.Səməd Seyidov qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətdə danışıqlar hazırda konstruktiv şəkildə davam edir. Avropa Parlamentinin və Avropa İttifaqının qəbul etdiyi sənədlərdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunması bir başa öz əksini tapıb. Yəqin ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan həm iqtisadi, həm siyasi konstruktiv əlaqələr, yəni, münasibətlərin yüksələn xətlə inkişafı Azərbaycanı istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər. “Ancaq bu müzakirələrə baxarkən gördük ki, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələr bir istiqamətdə təşkil olunub: Azərbaycan-Avropa İttifaqı danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki, bu gün Avropa Parlamentinin özünün müzakirəsini gözləyən xeyli problemləri var. Misal üçün, Fransada gedən proseslər. Bu, kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir”,- deyə Səməd Seyidov vurğulayıb.
Milli Məclisin deputatı qeyd edib ki, bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir. Ancaq əminəm ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən Milli Məclis ilə Avropa Parlamenti arasındakı konstruktiv əməkdaşlıq davam etdiriləcək.
Bir neçə il bundan əvvəl də Azərbaycan ilə Avropa Parlamenti arasında gərgin bir dövrün yaşandığını xatırladan komitə sədri deyib: “Həmin dövrdə Avropa Parlamenti tərəfindən Azərbaycan ilə bağlı qərəzli qətnamə qəbul olundu. Azərbaycan da öz növbəsində, hətta Avronest Parlament Assambleyasından çıxdı. Bu proses 2017-ci ildə - Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanmasına və bu istiqamətdə danışıqların aparılmasına başlanıldığı dövrdə gedirdi. Avropa Parlamentindəki anti-Azərbaycan qüvvələrin ölkəmizlə bağlı qəbul etdirdikləri qətnamələr real vəziyyəti əks etdirmədiyinə və ikili standartlara əsaslandığına görə onların heç bir nəticəsi olmadı. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında danışıqlar prosesinin yekunlaşma ərəfəsində bu cür qərəzli bir “qətnamə” qəbul olunur. Onlar Azərbaycanda hansısa aclıq aksiyasından danışırlar. Ancaq belə bir məsələ, ümumiyyətlə, yoxdur. Bu, onu göstərir ki, onlar hər hansısa bir məsələni öyrənməmiş, onun mahiyyətini dərk etməmiş bu cür qərəzli “qətnamələr” qəbul edirlər. Prezident İlham Əliyevin də öz çıxışlarında qeyd etdiyi kimi, son illərdə Ermənistanda ciddi saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə müsbət rəy veriblər. Lakin sonradan erməni xalqı həmin rejimi tarixin zibilliyinə atdı. Bütün bunlar göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə konstruktiv danışıqlar aparmaq cəhdini ortaya qoyan kimi, ölkəmizi istəməyən qüvvələr bu cür ikili standartlara əsaslanan, qərəzli “qətnamələr” qəbul edirlər”.

Əsəd Məmmədov, AZƏRTAC

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}