Azərbaycan istiqlaliyyətinin mübarizi M.Ə.Rəsulzadənin fəaliyyəti “Azərbaycan” qəzetinin səhifələrində
O, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və 1902-1903-cü illərdə ona başçılıq etmişdir. 1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatının yaradılmasında iştirak etsə də, sonradan siyasi baxışlarında fərqliliyə görə təşkilatdan uzaqlaşmışdı. 1905-1907-ci illər rus inqilabının gedişatındə Azərbaycanda milli oyanışın qarşısını almaq məqsədilə çar Rusiyasının yeritdyi milli qırğın siyasəti Rəsulzadənin siyasi baxışların formalaşmasına güclü təsir göstərmiş, onun dövrün mətbuat orqanlarında dərc olunmuş yazılarında xalqımıza hüquq və azadlıqların uğrunda mübarizəyə "insanlara hürriyyət, millətlərə istiqlal!”şüarı ilə çağırmışdır. I Rus inqilabının məğlubiyyətindən sonra imperiya ərazisində azad fikirli insanlara qarşı təqiblərin artdığı çətin bir şəraitdə Rəsulzadə İrana mühacirət etmişdir. Siyasi fəaliyyətini burada da davam etdirən Rəsulzadə Cənubi Azərbaycanda 1908-1911-ci illər dövr inqilabının rəhbərləri olan Səttarxan və Bağırxanla görüşmüşdü. İran inqilabı yatırıldıqdan sonra Rəsulzadə 1911-ci ildə Türkiyəyə mühacirət etmişdir. Burada o, Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu ilə sıx əməkdaşlıq etmiş, "Türk ocağı" təşkilatına daxil olmuş, Cənubi Azərbaycan türklərinə həsr olunmuş çıxışlarında onların milli-siyasi hüquqlarını müdafiə etmişdir. Dövlətçiliyimizin mövqeyində duran, Azərbaycan istiqlalının müdafiəsi ideyası ifadə edən, 1918-ci ildən AXC-nin rəsmi mətbuat orqanı kimi fəaliyyət göstərən“Azərbaycan” qəzeti M.Ə.Rəsulzadənin siyasi fəaliyyətini öyrənilməsində də dəyərli bir mənbədir. Rəsulzadənin 1906-1917-ci illərdə mühacirətdə olduğu dönəmi əks etdirən “Azərbaycan” qəzeti yazırdı (10.11.1918,№35):”Sevgili mühərririmiz, istəkli natiqimiz, millət yolunda canını nisar [qurban] edən camaat xadimimiz Rəsulzadə Məhəmməd Əmin cənabları üç gündür şəhərimizə varid olmuşlardır [gǝlmişdir]. Azərbaycan imarətinin binasını qoyan, bu uğurda kərratla [dǝfǝlǝrlǝ] həyatını təhlükəyə atmış olan Məhəmməd Əmin əfəndi biz Azərbaycan türkləri üçün işıqlı bir ulduz rolu oynayaraq, istiqlali-milli [milli istiqlal] yoluna rəhbərlik etməsi ilə vətənimizə böyük bir xidmət göstərmişdir.” M.Ə.Rəsulzadənin siyasi fəaliyyətini inqilabdan sonrakı dövründən bəhs edən “Azərbaycan” qəzetində davamı olaraq 13.11.1918-ci il, 38 № buraxılışında qeyd edilirdi: “İstanbulda bir mühərrir sifəti ilə, Məhəmməd Əmin əfəndi müxtəlif qəzetǝ və məcmualarda iştirak edərək Azərbaycan – Qafqaziya türk-islamlarını Osmanlı türklərinə tanıtdırmaqda mühüm bir rol oynamışdır. Bakının Rusiyayamı, ya Azərbaycanamı məxsus olması məsələsində, Məhəmməd Əmin əfəndi, tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı və gözü olduğunu isbata qalxışdı və haqqımızda bunca haqsızlıq işləmiş olan dövlətlərə protesto verdi. 20 yaşından bugünədək 13 il müddətində türklük, islamlıq, hürriyyət və istiqlaliyyət uğrunda Məhəmməd Əmin əfəndi fövqəladə fədakarlıq ibraz etmişdir [nümayiş etdirmişdir]. Azərbaycanlılar Məhəmməd Əminlər yetişdirməsinə iftixarla, öylələri haqqında qədirşünaslıqlarını da ibraz edirlər.” Rəsulzadə 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumidən sonra Bakıya qayıdaraq, 1911-ci ildən yaradılmış "Müsavat" partiyasının rəhbərliyinə keçmiş və milli azadlıq mübarizəsində daha fəal iştirak etmişdir. 1917-ci il aprelində Bakıda və həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultaylarında öz mövqeyini uğurla müdafiə edərək çıxışında irəli sürdüyü "Milli-məhəlli (ərazi) muxtariyyət" proqramı Əhməd Salikovun "milli-mədəni muxtariyyət" proqramından fərqli olaraq böyük səs üstünlüyü ilə qəbul olunur. Bu, Rusiyanın türk xalqları arasında onun nüfuzunu daha da artırdı. 1917-ci ilin iyununda Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə yaradılan"Türk Ədəmi-Mərkəziyyət" Partiyası "Müsavat”la birləşərək "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”adlandırıldı. “Axirüləmr [nǝhayǝt;sonda] Rusiya inqilabı başlanması ilə artıq meydanı açıq görərək, Azərbaycan muxtariyyəti şüarını meydana ataraq, məzkur [deyilǝn] şüarla işləyən Gəncə firqəsi ilə birləşib, son il yarım vaxtını ancaq bu fikrə təxsis etmişdir [ayırmışdır].” Həmin ilin oktyabrında “Müsavat”ın I qurultayında firqənin sədri M.Ə.Rəsulzadə çıxışında partiyanın mübarizə istiqamətini müəyyən edərək bildirdi: "Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal". 1917-ci il Oktyabr çevrilişindən sonra Rusiyada hakimiyyətə gəlmiş bolşeviklər silah gücünə keçmiş Rusiya imperiyasının sərhədlərini bərpa etmək siyasəti yeridildi.Bu məqsədlə Bakıda və onun ətraflarında hakimiyyəti ələ keçirən S.Şaumyanın bolşevik-daşnak qüvvəlləri Azərbaycana vəd etdikləri "muxtariyyət" əvəzinə 1918-ci ilin martında Bakıda və bunun ardınca ölkənin digər bölgələrində xalqımıza qarşı soyqırımları törədildi və təbii ki, onların əsas siyasi rəqibi olan "Müsavat”ın binası və "Açıq söz"ün redaksiyası yandırıldı. Həmin dövrdə Rəsulzadə milli azadlıq hərəkatının digər görkəmli nümayəndələri ilə birlikdə Tiflisdə Zaqafqaziya Seyminin müsəlman fraksiyası rəyasət heyətinin sədri seçilir. Gürcüstanın çıxması ilə Seym öz fəaliyyətini dayandıqdan sonra Rəsulzadə 27 may 1918-ci ilində Batum konfransında iştirak etdiyinə görə, gizli səsvermə nəticəsində Azərbaycan Milli Şurasının sədri olaraq Azərbaycanı müstəqil dövlət elan edir. Osmanlı dövləti ilə 1918-ci il, iyunun 4-də imzalanan Batum müqaviləsinin 4-cü maddəsinə əsasən Osmanlı dövləti Bakı sovetinin daşnak-bolşevik hərbi birləşmələri tərəfindən soyqırıma məruz qalmış Azərbaycan xalqına qardaşlıq yardımı göstərmiş və Azərbaycanın, eləcə də bütün Cənubi Qafqazın türk-müsəlman əhalisi qırılıb məhv olmaqdan qurturaraq, Bakı azad etmişlər. Bakının alınmasının zəruriyyətindən bəhs edən Mǝhǝmmǝd Əmin bǝy “Azərbaycan”qəzetinin 3 oktyabr 1918-ci il tarixində nəşr olunan buraxılışında yazırdı: “Bolşeviklǝrlǝ Azǝrbaycanlılar arasında axıdılan qan yalnız Azǝrbaycan mǝqsǝdinin hüsulunu [ǝldǝ edilmǝsini] tǝmin etmǝk şǝrtilǝ dayandırıla bilǝr. Bunu biz sǝmimi-qǝlblǝ arzu edǝriz, çünki mǝqsǝdimiz qan axıtmaq deyil, Bakıya malik olmaqdır. Çünki ǝfǝndim, Bakı Azǝrbaycanın, Azǝrbaycan da Bakınındır. Şübhǝsiz ki, Bakı petrollarının alǝmşümul bir ǝhǝmiyyǝti vardır, ǝlbǝttǝ ki, bu petrol mǝsǝlǝsi rusları da, Qafqaziyadaki mǝktǝblǝri dǝ, Türkiyǝ ilǝ müttǝfiqlǝrini dǝ ǝlaqǝdar edir. Petrolun ǝhǝmiyyǝti-beynǝlmilǝliyyǝsindǝn [beynǝlmilǝl ǝhǝmiyyǝtindǝn] istifadǝ üçün Azǝrbaycan Hökumǝti ilǝ anlaşmaq vǝ bağlaşmaq mümkün ikǝn, qafayı bǝdǝndǝn ayıracaq qǝdǝr qanlı tǝdabirǝ [tǝdbirlǝrǝ] ǝcǝba nǝdǝn ehtiyac görülsün?! Azərbaycan torpaqlarının azad olunmasında osmanlı türklərinin yardımını yüksək dəyərləndirən M.Ə.Rəsulzadə həmin günlərdə Nuri paşanın şərəfinə təşkil olunmuş ziyafətdə söyləmiş olduğu nitqi qəzetin 14 noyabr 1918-ci il tarixindəki 39 № buraxılışında verilmişdir:” Demokratizm prinsipinisui-istemal [sui-istifadǝ] edən bolşeviklər burada türk və müsəlman mərkəzində yerli əmələ [fǝhlǝ] vǝ köylünün protestosuna rəğmən yabançı bir cəmiyyət təşkil eyləmiş, bolşevik-daşnaksaqan çetələri [cinayǝtkar dǝstǝlǝri] Bakıya müstəvli olmuşlardı [yayılmışdılar; ǝlǝ keçirmişdilǝr]. Müvəqqət qələbə onların, daimi – bizimdir! Lillahülhəmd [Allaha şükür olsun] ki, neyyiriistixlasımız [qurtuluş günǝşimiz] cənubun bərraq [lǝkǝsiz] və safsəmasından doğdu. Həzərat, maddətən qələbeyi-daimi qazanmış olduğumuz, nəuzübillah [Allah qorusun], müvəqqət olsa belə, Azərbaycan istiqlalı mənən qazanılmış nemətlərdəndir. O böyük fikrin ulduzu doğdu. Dan yeri ağardı. bizə doğru qoşduran, yolumuzda qurbanlar verdirən iştə bu məfkurə, bu yeni doğmuş əməl [arzu] günəşidir. O əməl günəşi ki, bir “nuru” da (Nuri paşayı göstərərək) iştə bizimlə bərabər! “ 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinın tərkibinə M.Ə.Rəsulzadə(sədr), X.Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idi. Çox mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın mənafeyini uğurla müdafıə etmiş Rəsulzadə Azərbaycanda hərbi işin təşkili, maliyyə problemi, ərazi məsələsi haqqında Osmanlı rəsmiləri ilə danışıqlar aparmış, xüsusən Bakı məsələsində çevik və prinsipial mövqe tutmuşdur. Səfərdən qayıdan Rəsulzadə “Azərbaycan” qəzetinə İstanbul təəssüratları haqqında müsahibə vermişdir: “Heyətimizin qəsdi, Mərkəzi Dövlət nümayəndələri ilə bərabər, İstanbulda vaqe olacaq Qafqaziya cümhuriyyətlərinin kofransında iştirak etmək idi. Lakin siyasət aləmindəki təbəddülata [dǝyişikliklǝrǝ] görə konfrans baş tuta bilmədi. Hər halda bizim İstanbulda olduğumuz mənfəətsiz keçmədi. Bizim heyətimiz təntənəli bir surətdə Türkiyə sultanı tərəfindən qəbul edildi. Sultan həzrətləri bizim təbrik nitqimizə cavab olaraq izhar etdilər ki, Türkiyə Hökuməti bacardığı müsaid vəsail [uyğun vasitǝlǝr] ilə Azərbaycan istiqlaliyyətini mühafizə və müdafiə edəcəkdir. Bundan əlavə, sultan həzrətləri [VI Mehmedin] Azərbaycan əhalisinə salam göndərilməsini xahiş etdi.” Azərbaycanda ikihakimiyyətliyə son qoyulduqdan sonra Gəncədən Bakıya köçürülən hökumətin başlıca vəzifəsindən biri Müəssislər Məclisinin çağırılması idi. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyununda baş vermiş ilk hökumət böhranın aradan qaldırılması məqsədilə fəaliyyətini dayandırmış Milli Şura 1918-ci il noyabrın 16-da fəaliyyətini bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır. Bu haqda o, deyir:“Fəqət nasıl? Böylə ikən əcəba hangi ümidlə Şurayi-Milli açılır? Tamamilə ümidsiz bir halda deyiliz. Şurayi-Millinin açılması ilə azərbaycanlılar müqəddaratlarını tamamilə kəndi əllərinə alırlar. Ümid edəlim ki, bütün millətlərə haqq və hürriyət vəd edən Vilson zümrəsi Azərbaycan hürriyət və istiqlalını boğacaq bir vəziyyət almasın. Əvət, ümid edəlim. Bu gün biri digəri ardından devrilən taxtların, qurama söküyü kimi parçalanan dövlətlərin, yarı Avropanı istila edən inqilabların yalnız bir mənası vardır: demokratizmin qələbəsi.” M.Ə.Rəsulzadə öz tarixi nitqini yekunlaşdıraraq demişdi: "Azərbaycan bir atəş mənbəyidir... Bu atəş sönməmək üçün əl-ələ verib müttəhidən çalışalım, əfəndilər! Mən sizi belə bir ittihada dəvət edirəm". 1918-ci il 7 dekabrında Parlamentin təntənəli açılışında Milli Şuranın və "Müsavat" fraksiyasının sədri M.Ə.Rəsulzadə parlaq nitqində Azərbaycan Cümhuriyyəti qarşısında duran ən mühüm məsələlər barəsində fikirlərini söyləmiş, başlıca milli mənafeyin azadlıq və müstəqillik ideyalarını gerçəkləşdirmək və təsdiq etmək olduğunu vurğulamışdı. Onun "...müstəqil Azarbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhrarnəsini təmsil edən bu iiç boyalı bayraq daima başlarımızın üstündə ehtiraz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir" sözləri Parlament üzvlərinin ayaq üstə sürəkli alqışları ilə qarşılanmışdı. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" fraksiyasına (1919-cu ilin oktyabrından "Müsavat" və bitərəflər fraksiyasi) başçılıq etmiş, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların qəbulunda həlledici rol oynamışdır. 1920-ci il aprelin 28-də XI Qırmızı ordunun Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan bir müddət sonra Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək, 1922-ci ilin sonlarından -1931 ilədək Türkiyədə mühacirət həyatı sürmüşdür. Həmin dövrdə Rəsulzadə azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə İstanbulda Azərbaycan Milli Mərkəzini , "Müsavat" Partiyasının Xarici Bürosunu yaratmış və "Müsavat"ın Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatına istiqamət vermişdi. Lakin,1932-ci ildə Rəsulzadə Türkiyəni tərk etmək məcburiyyətində qalaraq, siyasi mühacirətini Polşada davam etdirmişdir. O, "şəxslər müvəqqəti, ideologiya əbədidir" tezisini əsas tutaraq, siyasi mühacirləri istiqlal ideologiyasına sadiq olmağa çağırırdı. İkinci dünya müharibəsi başlandıqdan sonra, 1942-ci ildə Azərbaycanın istiqlalına qovuşması ümidi ilə Almaniya hökumətinə müraciət etsə də, məsələnin həllində müsbət nəticə əldə olmadığını görən Rəsulzadə, həmin ilin sonlarında Almaniyanı tərk edir. 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə Azərbaycan Milli Mərkəzinin sədri kimi fəaliyyətini davam etdirdi. O, eyni zamanda bütün azərbaycanlı mühacirlərini vahid mərkəz ətrafında birləşdirmək məqsədilə 1949-cu ilin fevralında Ankarada Azərbaycan Kültür Dərnəyini yaratmışdır. 1953-cü il mayın 28-də ABŞ səfəri dövründə son nəfəsinə qədər qəlbində istiqlal eşqini yaşadan xalqımızın mübariz oğlu Azərbaycanın Xalq Cümhuriyyətinin yaradılmasının 35-ci ildönümü münasibətilə "Amerikanın səsi" radiosundakı müraciətində deyirdi:”Azərbaycan, onunla bərabər bütün Qafqasiya Cümhuriyyətləri həqiqi azadlıq və istiqlalına 1918-ilin Mayısında qovuşdular. 1920-ci ildə isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basdırıldı. Faciələr və qəhrəmanlıqlarla dolu olan bu mücadilədə on minlərlə vətəndaş şəhid oldu. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə çıxmış olan Qafqasiya emiqrantları (mühacirləri) milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyəsinə (ictimaiyyətinə) anlatmaqdadırlar. Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qabiliyyət qüvvəsi qızıl istibdad zülmü altında inləyən əziz Vətənimizdə 1918-ci ilin 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz.” (Yaqublu N. “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”). Milli dövlətçiliyimizin dirçəlməsində, fəaliyyətində, sonralar mühacirətdə olduğu dönəmdə də Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan Rəsulzadə müasir dövrümüzdə xalqımızın yaddaşında əbədi olaraq həkk olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü il görkəmli ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinın qeyd olunmasını təmin edilməsini məqsədilə 30 dekabr 2023-cü ildə müvafiq Sərəncam imzalamışdır. Mehriban Əliyeva Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini
Azərbaycanın görkəmli dövlət xadimi, AXC-nin qurucularından biri, Azərbaycan Milli Şurasının və “Müsavat” partiyasının sədri, eyni zamanda jurnalist və publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə siyasi fəaliyyətinə hələ gənc yaşlarından qoşulmuşdur. 
Facebook-da paylaş








