Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinin məhkəməsində şahidlər ifadə verib
Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Maqsud Cəlilov deyib ki, Respublika Sanitariya-Karantin Mərkəzində çalışır. O, təqsirləndirilən şəxsləri tanıdığını, onlara müraciət edən fiziki və hüququ şəxslərin gətirdiyi materiallardan götürülən nümunə əsasında məhsullara sertifikat verildiyini bildirib: "Nümunələr yoxlanılır, ödəniş edildikdən sonra həmin məhsula sertifikat verilir. Bəzən nümunələri sahibkarlar özləri də gətirirlər. Biz bu nümunələr əsasında akt tərtib edirik". Hakim şahiddən sahibkarların mərkəzə gətirdikləri nümunələrin həmin məhsula aid olduğunu necə müəyyən etdiklərini soruşub. Maqsud Cəlilov da deyib ki, nümunənin həmin məhsula aid olduğunu sahibkarın gətirdiyi sənəd əsasında müəyyən ediblər: "Məhsulun ölkəyə buraxılıb-buraxılmaması gömrüyün öz işidir. Bizim sertifikat olmasa, gömrük həmin malı öhdəlik əsasında ölkə ərazisinə buraxa bilər". Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin olunub. İttihama görə, sözügedən şəxslər əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində alıblar. Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Facebook-da paylaş
