Kərim Şükürov: “Tarix İnstitutunun çox zəif potensialı var, vəziyyətimiz ürəkaçan deyil”
“Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq. Ona görə də, buna konseptual yanaşaraq, 15 cilddən ibarət Azərbaycan tarixini yazmağı planlaşdırırıq”. Şəffaflıq.az xəbər verir ki, bunu AMEA Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib. O bildirib ki, hazırda bunun üzərində işlər aparılır: “Dövlətin rəsmi tarixi olmalıdır. Düşünürəm ki, çox qısa zamanda bircildlik kitab lazımdır. Sonuncu dəfə belə bir nəşr 1993 və 1995-ci ildə biri rus, biri də Azərbaycan dillərində çap olunub. Təsəvvür edin rus dilində olan kitabda da Azərbaycan xalqının formalaşması adlı bir paraqraf mətnin içərisində deyil, kitaba əlavə şəklindədir. O, XX əsrin əvvəlinə qədər, Azərbaycan dilində olan kitab da XX əsri əhatə edir. Sonrası yoxdur. Açıq deyim ki, bu sahədə bizim vəziyyətimiz elə də ürəkaçan deyil”. Kərim Şükürov çıxışında institutun fəaliyyəti ilə bağlı tənqidi fikirlər də səsləndirib: “Bəzən deyirlər ki, Tarix İnstitutu dünya səviyyəsinə çıxa bilmir. Mən də deyirəm ki, hələ ölkə səviyyəsində özümüzü təqdim edə bilmişik ki, dünya səviyyəsinə də çıxa bilək?! Çoxları bilmir. Amma Tarix İnstitutunun çox zəif potensialı var. Dövlətin, millətin bizim qarşımıza qoyduğu vəzifələri icra edə bilmirik. Bizə mixi yazıları oxuyan, pəhləvi dilini bilən mütəxəssislər lazımdır. Elm Fonduna da müraciət edirik, dövlət səviyyəsində də bu məsələni qaldırırıq. Müzakirələr gedir, lakin perspektivdə buna nail ola bilmirik. Biz bu il və gələn il ərzində bunu edə bilməsək, Azərbaycanın bu dövrünü tədqiq edən mütəxəssisimiz olmayacaq”.Şəffaflıq.az
Facebook-da paylaş