Sənətçilərin bayram ab-havası: “Novruzda evdə oluram ki, yeddi il ailəmdən didərgin düşməyim” - Sorğu + FOTO


Milli adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramına 2 gün qalır. Novruz bayramı bayram fəslinin müjdəçisi və simvoludur. Hər il olduğu kimi bu il də məşhurların bayramı harada keçirəcəkləri maraq doğurur.

Oxu.Az-ın əməkdaşı bir neçə sənət adamının planları ilə maraqlanıb.

Əməkdar artist Xumar Qədimova başqa bir ölkədə rahatlıq tapmayacağını ifadə edib:

“Bayramı evdə ailəmlə keçirəcəyəm. Başqa harada keçirə bilərəm? Doğmalarımla keçirəcəyəm. Milli adət-ənənələrimizi özündə əks etdirən Novruzu başqa ölkədə keçirsək, çox gülünc olar. Xaricə getməyə ehtiyac yoxdur. Ən gözəl ölkə elə Azərbaycandır. Öz doğma bayramımızı doğma vətəndə keçirməliyik. Özü də plov yeyə-yeyə”.

X.Qədimova bayramda tədbirlərdə olmayacağını söyləyib:

“Bayramı evdə keçirərlər. Tədbirdə olmayacağam. Digər şəhərlərə getməyə ehtiyac yoxdur. Başqa heç bir yerdə rahatlıq tapa bilmərik. Ən rahat yer evimizdir”.

Əməkdar artist Nahidə Orucova isə Bakıdan kənara çıxa bilməyəcəyi üçün təəssüflənib:

“Bayramı hər il olduğu kimi bu il də orada-burada qarşılayacağam. Bayram çəkilişlərində olacağam. Bizim həyatımız budur. Evdən, ailədən məhrum insanlarıq. Bakıdan kənara çox istəyərdim ki, çıxım. Lakin imkan yoxdur”.

Aktrisa Çimnaz Sultanova qeyd edib ki, hər il evdə olur ki, 7 il ailədən didərgin düşməsin:

“Bayramı evdə keçirəcəyəm. Bu, mənim üçün ən əziz bayramdır. Ailəmlə olacağam. Belə bir inanc var ki, kim Novruzu evdə keçirməsə, 7 il ailəsindən didərgin düşəcək. Bacardığım qədər hər il bayramı ailəmlə birlikdə keçirirəm. Çünki bu, mənim üçün çox önəmlidir”.

Ç.Sultanova bayram üçün ata ocağına toplaşdıqlarını əlavə edib:

“Mən bakılıyam. Bakının kəndlərində bayram martın 21-də qeyd olunur. Martın 20-si bayram axşamı kimi yığışırıq. Hər il ata yurduna toplaşırıq. Dünyanın harasında oluruqsa, bayramda ata evinə toplaşırıq. Bu bayramı xüsusi qeyd edirik. Başqa bir şəhərə, rayona getmirəm. Ancaq öz doğma yurdumuzda, ata ocağımızda bayramı qarşılayıram”.

Müğənni Ayaz Babayev Novruzda hər il papaq atdığını söyləyib:

“İllərdir ki, bayramda səhnədə oluram. Səhnədən sonra ailəmlə süfrə masasında olmaq adət halını alıb. Sonra dostlarımla görüşəcəyəm. Maraqlı məqam odur ki, 10 ildir mən papaq atıram. Elə bir bayram yoxdur ki, mən papaq atmayım. Novruzu çox sevirəm. Milli adət-ənənələrimizi özündə əks etdirən ən gözəl bayramdır. Tonqal ətrafına toplaşacağıq. Novruzun adət - ənənələrini çox sevirəm”.

Nəzrin Vahid

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}