Bu ilin bayram süfrəsi: Xərclər nə qədər artacaq? - RƏY + FOTO


Novruz bayramına az bir müddət qalıb. Hazırda alış-verişin ən qızğın vaxtıdır. Hər il bayram ərəfəsində çəkilən xərclər ötən illə müqayisə olunur. Ötən ilə nəzər yetirsək, qlobal inflyasiyanın olduğunu görərik. İnflyasiya Azərbaycandan da yan keçməyib. Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsulları üzərində qiymətlərdə artım müşahidə olunur. Bu da öz növbəsində bazarlarda alıcılıq qabiliyyətinə təsir göstərəcək. Bununla yanaşı inflyasiya bayram süfrəsinə çəkilən xərcləri də artıra bilər.

Bəs görəsən, 2023-ci ilin bayram süfrəsi orta statistik azərbaycanlı üçün neçəyə başa gəlir?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, ötən illə müqayisədə 35 faiz artım müşahidə olunacaq:

“Bu günə qədər orta meyara rast gəlməmişəm. Ötən illə müqayisədə artacağını deyə bilərəm. Aydın məsələdir ki, bayram ərəfəsində istehlak olunan məhsullar qida təyinatlı olur. Bu məhsulların qiymətləri ötən illə müqayisədə rəsmi rəqəmlərə görə, 17,5 faiz artıb. Qeyri-rəsmi qiymətləndirməyə əsasən, 35 faiz artım olduğu müəyyən edilib”.

R.Həsənov qeyd edib ki, bu alıcılıq qabiliyyətinə təsir göstərəcək:

“Bir çox məhsullar idxal olunduğu üçün əvvəlki dövrlərə nisbətən 15-20 faiz bahalaşma var. Vətəndaşlar istehlak zamanı bunu müşahidə edəcəklər. Bahalaşma alıcılıq qabiliyyətini zəiflədəcək. Bu il bayram süfrələri daha zəif və yoxsul görünəcək”.

İqtisadçı Emin Qəribli qeyd edib ki, ötən illə müqayisədə qiymətlərdə 20 faiz fərq olacaq:

“Artıq etiraf etmək lazımdır ki, inflyasiya mövcuddur. İnflyasiyanın strukturuna baxdıqda qida məhsullarının üzərində artım daha yüksəkdir. Orta hesabla 10-20 faiz artım müşahidə olunur. Bu kifayət qədər böyük rəqəmdir.

Əhalinin alıcılıq qabiliyyəti də aşağı düşəcək. Saatda qiymətlər artır. Dəyişiklikləri hiss edirik. Bu proses dünyada olduğu kimi bizdə də var. Xoşagələn hal deyil”.

Nəzrin Vahid

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}