“Aqrolizinq”in nümayəndələri Şamaxıda bölgə fermerləri ilə görüşüb, onların problemlərini dinləyiblər
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilən “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində dekabrın 1-də Şamaxıda növbəti tədbir keçirilib.
AZƏRTAC- xəbər verir ki, İncəsənət və Təhsil Mərkəzinin inzibati binasında təşkil olunan tədbirə Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Kürdəmir rayonlarında fəaliyyət göstərən fermerlər, habelə müvafiq qurumların rəhbərləri qatılıblar.
Tədbirdə daxili nəzarət və təhlil şöbəsinin müdiri Elmin Rəhmanov layihənin mahiyyəti, məqsəd və hədəfləri barədə çıxış edib.
Şöbə müdirləri İsrafil İsmayılov, İlyas Həsənov, Musa Hüseynov, Ayaz Qədirov və başqaları “İnnovativ texnologiyaların tətbiqi və texnikadan səmərəli istifadə”, “Kənd təsərrüfatı texnikalarının 10 il müddətində 40 faiz güzəştli şərtlərlə lizinqə verilməsi qaydaları”, “Bol məhsul əldə etmək üçün mineral gübrə və pestisidlərin əhəmiyyəti. Gübrələrin və pestisidlərin güzəşt limitinin hesablanması”, “Aqrolizinq” ASC və fermer arasındakı münasibətlərin elektronlaşdırılması” barədə çıxış edib, fermerlərə ətraflı məlumatlar veriblər.
Görüşdə bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrolizinq” ASC dövlətin aqrar siyasətinin həyata keçirilməsinin tərkib hissəsi kimi aqrotexniki xidmətlərin göstərilməsi və kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqların lizinqə verilməsi sahəsində fəaliyyət göstərir.
Açıq diskussiya şəraitində keçən görüşdə qobustanlı fermer Qubat Mövlamov, Kürdəmirdən Rüstəm Rəsulov, Ağsudan Fərhat Abuzərov və başqaları qarşılaşdıqları çətinliklərdən, o cümlədən gübrə azlığı, sənədləşmə işlərinin sadələşdirilməsi, müqavilə vaxtının uzadılması, biçin zamanı kombayn çatışmazlığı və digər problemlərdən danışıblar. Onlara problemlərin həlli ilə bağlı ətraflı izahatlar verilib.
Tədbirin sonunda region üzrə 30-a yaxın vətəndaşa səyyar xidmət çərçivəsində güzəşt müqavilələri təqdim edilib.
Facebook-da paylaş