BİZ XOŞBƏXT NƏSİLİK!

Tarixdə şəxsiyyət fenomeni hər zaman maraq doğurub. Tarixi şəxsiyyətlər bənzərsiz olurlar, çünki tarix yaradırlar, tarixi hadisə və proseslərə ciddi təsir edirlər, özlərindən sonra zəngin irs və təcrübə qoyurlar. Məhz bu şəxsiyyətlərin əməlləri və xidmətləri sayəsində dünya durur, insanlar yaşamaq və yaratmaq eşqiylə nəfəs alır, çalışır, sabaha, gələcəyə inamla addımlayırlar. Bu gün biz qürurla deyə bilərik ki, müasir Azərbaycan tarixinin ən görkəmli və bənzərsiz şəxsiyyətlərindən biri ulu öndərimiz Heydər Əliyevdir. Onun tarixi gücünün, dərin zəkasının dəyəri və məzmunu xalqımız və gələcək nəsillərimiz üçün qoyub getdiyi müstəqil Azərbyacandır. Hamı belə düşünür, haqlı olaraq, belə fikirləşir: Heydər Əliyev Tanrının və taleyin Azərbaycana bəxş etdiyi ən böyük dəyər, ən böyük hədiyyədir. Şübhəsiz ki, ölkəmizin bugünkü varlığı, uğur və qələbələri, ilk növbədə, onun adı, ideya və əməlləri ilə bağlıdır. Çünki böyük Heydər Əliyevin qətiyyəti və düzgün siyasi xətti ilə itirilmək təhlükəsi ilə üzləşmiş dövlət müstəqilliyimiz qorundu, azadlığımız bərqərar olundu.
Ulu öndər Heydər Əliyevin böyüklüyünü, liderliyini təkcə mənsub olduğu xalqı deyil, dünyanın görkəmli siyasət və dövlət xadimləri də birmənalı qəbul edirlər. Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti Corc Buş xalqımızın böyük oğluna heyranlığını belə ifadə etmişdi: “Heydər Əliyevin şəriksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına valehəm!”
Tarixi şəxsiyyətlərin əməyini, onların insanlıq qarşısında xidmətlərini dolğun və
dürüst qiymətləndirmək, həyata keçirdikləri vəzifələri “xronoloji çərçivəyə” salmaq çətindi. Belə bir fikir var ki, tarixdə şəxsiyyətin rolu və onun fəaliyyətinin sərhədləri cəmiyyətin inkişafının düzgün təşkil olunmasıyla müəyyən edilir, şəxsiyyətin xarakteri də belə bir inkişafda güclü amil kimi meydana çıxır. Əslində isə həqiqət heç bu da deyil; tarixi şəxsiyyət “güclü şəxsiyyət-güclü xarakter-güclü lider- güclü cəmiyyət” qarşılıqlı münasibətləri fonunda meydana çıxır. Bu mənada tarixin hər dönəmində xalq içindən elə nadir şəxsiyyətlər çıxır ki, qeyd etdiyim münasibətlər fonunda ictimai-siyasi həyata güclü təsir edə bilir, onun tərəqqisini və yaxud da dövlətin, millətin taleyüklü məsələlərini zamanın, dövrün tələbinə uyğun müəyyən mənada həll etməyə qadir olurlar. Bu baxımdan müasir Azərbaycan tarixində mislisiz xidmətləri olan böyük şəxsiyyət Heydər Əliyevin rolundan bəhs etmək məsuliyyəti artırır və düşünürəm ki, mövzuya dair hələ bundan sonra da neçə-neçə elmi araşdırmalar aparılacaq, cild-cild kitablar, saysız-hesabsız monoqrafiyalar yazılacaq. Bu məsuliyyəti nəzərə alaraq, mən yalnız ulu öndərimizin əzəmətli şəxsiyyətinin və xidmətlərinin çox cüzi bir məziyyətləriylə bağlı fikirlərimi bölüşmək istəyirəm. Məncə, Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri bu oldu ki, o, Azərbaycan xalqının mənəvi mədəniyyətini, onun milli şüurunu, Azərbaycançılıq ruhunu, dünyanın siyasi və mənəvi nemətləri və dəyərləri ilə uzlaşdırıb zənginləşdirdi. Xalqın fikrini, düşüncəsini, qəlbini ehkamçılıqdan, köhnəlmiş təsəvvürlərdən və yad ünsürlərdən xilas etdi, sadəlövh sosial xülyaları, düşnülməmiş icraçılıq xəstəliklərini kənara tulladı, iqtisadi və hərbi yeniləşmə prosesinə yeni baxışlı, yeni düşüncəli kadrlar cəlb etdi. Və mən hesab edirəm ki, bu gün bizim sonsuz qürur hissiylə danışdığımız böyük Qarabağ zəfərimiz də ulu öndərin qətiyyətli şəxsiyyəti, dəmir dözümü, iradəsindən, uzaqgörən siyasi-iqtisadi və mənəvi islahatlarından qaynaqlanıb.

Müasir Azərbaycan tarixinin Heydər Əliyev dövrü xalqın və tarixin yaddaşında əbədi qalacaq; hər şeydən öncə, ona görə ki, o, fitri istedadı, ağlı, fərasəti, proses və hadisələrin önünü görmək və dəyərləndirmək bacarığı hesabına güclü dövlət yaratdı, möhtəşəm inkişafa nail oldu, xalq və dövlət üçün ən vacib sayılan problemlərin qısa müddətdə həllinə nail oldu.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərini gözümüzün qabağına gətirsək, görərik ki, Azərbaycan Birinci Qarabağ müharibəsini uduzmuş vəziyyətdə idi və 1993-cü ildə ölkəmizin başının üstünü vətəndaş müharibəsi təhlükəsi almışdı. İqtisadiyyat dağılmışdı, aclıq, mənəvi çaşqınlıq xalqın həyatını acı bir duruma salmışdı. Belə bir qorxulu durumda o dövrün başsız rəhbərləri çarəsiz qalmışdılar, hərki-hərkilik və özbaşınalıq baş alıb gedirdi. Bir sözlə, xalqın ümidləri qırılmışdı, xalq məhz öz tale məsələlərinin həllini Ulu Öndərə həvalə etdi. Çünki xalqa cəsarətli, müdrik, xalqı səfərbər edə bilən, nizam-intizamı bərpa edə bilən və gecə-gendüz yorulmadan çalışa bilən bir rəhbər lazım idi. Xalq onu seçdi və o da dəmir iradəsini ortaya qoydu, həyatını riskə qoydu, amma Azərbaycanı belə bir məsuliyyətli və dar məqamda fəlakətli aqibətdən qurtardı.
Heydər Əliyevin hakimiyyətə yenidən gəlməsiylə həyatımızın bütün sahələrində yeni bir dövr başladı, ölkədə genişmiqyaslı islahatlar həyata keçirildi, iqtisadi potensialımız formalaşmağa, sosial-mədəni həyatımız canlanmağa, milli-mənəvi dəyərlərimiz dirçəlməyə başladı. Bütün bunlar müstəqilliyimizin əbədi təminatına, işğal altında olan torpaqlarımızın düşməndən geri alınmasının təmin olunmasına xidmət edirdi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası da bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə qəbul olundu; beləliklə, yeni, müstəqil, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm bir addım atıldı. Dahi şəxsiyyətin elan etdiyi yeni neft strategiyası da, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi” də Azərbaycanın gələcək sosial-iqtisadi inkişafına möhkəm zəmin yaratdı. Bu hadisə Azərbaycan tarixində ilk idi və təcrübə göstərdi ki, ulu öndərin bu addımı vaxtında və düzgün atılmışdı.
Müstəqil dövlətimizin yaranması, onun indiki əzəmətli inkişaf dinamikası, unikal tarixi sosial-iqtisadi və milli-mənəvi dirçəlişimiz məhz ulu öndərimizin adıyla bağlıdır. Onun yaratdığı və formalaşdırdığı Azərbaycançılıq ideyalarının davam və inkişaf etdirməyə qadir və layiq olan yeni baxışlı, müasir və dünyəvi dəyərlərə malik İlham Əliyev kimi lider yetişdirməsini də müasir Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin ən böyük xidmətlərindən biri hesab edirəm. Biz bu gün iftixar hissiylə Prezident İlham Əliyevi nəinki regionun, həm də dünyanın sayılıb-seçilən liderləri sırasında görürük. Bu gün müasir Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini də ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sisteminin sabitliyinin təmin edilməsinə yönələn təkmil konsepsiya kimi qəbul edir. Bu siyasəti isə, əlbəttə, uğurla davam etdirən, yeni dünyanın tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyevdir.
Tarixi təcrübə göstərir ki, hər hansı bir hakimiyyət özünü xalq və ölkə qarşısında

duran problemlərə həsr edirsə, sözü ilə işi birdirsə, verdiyi vədlərlə əməlləri arasında uçurum yoxdursa, fəaliyyəti xalqın mənəvi-əxlaqi prinsiplərinə söykənirsə, ona heç bir düşmən bata bilməz. Azərbaycan nümunəsi sübut edir ki, son 30 ildə ölkədə uğurla həyata keçirilən xarici və daxili siyasət sahəsində, xüsusilə demokratiyanın üç əsas atributuna- seçmək və seçilmək hüququnun, siyasi fəaliyyət azadlığının və söz azadlığının reallaşmasına yönəli ardıcıl tədbirlər ölkəmizin demokratik və hüquqi dövlət olduğunun əyani göstəricisidir. Hərbi-sənaye gücümüzün inkişaf dinamikasını da nəzərə alsaq, bütün bunların ilk növbədə ölkəmizin ictimai-siyasi sabitliyinin, təhlükəsizliyinin möhkəmləndirilməsini, sözümüzün regionda və beynəlxalq aləmdə keçərli olduğunu söyləmək məntiqli olar.
Ötən müddət ərzində dahi şəxsiyyətin bizə miras qoyduğu müstəqil Azərbaycan sürətlə inkişaf edib, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyevin, birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xalqın sonsuz məhəbbətini qazanmaları, Heydər Əliyev ideyalarını sonsuz təmkin və əzmlə həyata keçirmələri indiki məsul dövrdə çox böyük əməli əhəmiyyət daşıyır. Məncə, müasir dünyanın tələbatının və cari tarixi mərhələnin irəli sürdüyü vəzifələrin həllinə doğru aparan yol belə olmalıdır.
Əlbəttə, Ulu Öndərin parlaq ideyalarını yeni dövrün nəbzinə, zamanın və dünyanın ruhuna uyğun davam etdirmək asan məsələ deyil. Dünya çox mürəkkəb proseslər və hadisələr burulğanını yaşayır. Belə bir məqamda insanı sağlam, dürüst, humanist, fəal, müstəqil və yaradıcı şəxsiyyətə çevirmək kimi böyük vəzifənin öhdəsindən gəlmək hər cəmiyyətə və onu idarə edənə nəsib olmur. Buna görə də bu gün hamımız bir nəfər kimi ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam edən Prezident İlham Əliyevin yanında olmalıyıq, ona kömək etməliyik.
Qarşımızda çox böyük yollar və üfüqlər açılıb: sözümüz, hərəkətimiz və qərarımız üçün məsuliyyətli olmaq, öz rəyimizi müstəqil dürüstləşdirmək, ehkamlara inanmamaq, problemlərimizi və tələbatlarımızı xalqın əsl mənafeyi ilə tutuşdurmağı öyrənmək, mənəvi və fiziki sağlamlığımızı göz bəbəyi kimi qorumaq, bütün sosial və mənəvi ehtiyatlarımızı, intellektual potensialımızı dövlətimizin müstəqilliyinin qorunmasına səfərbər etmək, insanlarımızın mənəvi enerjisini canlandırmaq və s. kimi gözəl imkanlarımız var. Bu imkanları bizə dahi şəxsiyyət Heydər Əliyevin banisi olduğu yeni, müasir və demokratik Azərbaycan yaradıb. Tariximizin ən qüdrətli Azərbaycanı da məhz Heydər Əliyev irsinin, ideyalarının məntiqi nəticəsi kimi Prezident İlham Əliyev tərəfindən yaranıb. Bizim borcumuz bu irsi, ideyaları qorumaq, onları layiqli həyata keçirmək, gələcək nəsillərə ötürməkdir.
Hesab edirəm ki, ulu öndərin parlaq şəxsiyyətinin siyasətdə uzunmüddətli strateji nəticələrə nail olmaq bacarığı və nümunəsi Azərbaycan taixinin qızıl səhifəsidir. Dövlətinin tarixi müstəqilliyinin möhkəmlənməsi və əbədi olması uğrunda titanik fəaliyyət ulu öndər Heydər Əliyevə ümumxalq sevgisinin ən uca məqamını qazandırıb. Belə tarixi xidmətlər isə heç vaxt unudulmur, daim qədirbilənliklə yad edilir və minnətdarlıqla xatırladılır.
Onun tariximizdəki rolunu və şəxsiyyət kimi böyüklüyünü dərk etmək üçün hələ
bundan sonra çox nəsillər tarixə müraciət etməli olacaqlar, Heydər Əliyevin həyat və
fəaliyyətini, xidmətlərini və təcrübəsini daha dərindən öyrənib dərk edəcəklər.
Onun “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” cümləsi Azərbaycan vətəndaşını, gəncini belə bir dövlətdə yaşamağa, çörəyini yediyi, suyunu içdiyi, havasını udduğu Vətənlə öyünməyə qürurlandırdı. “Biz fəxr edirik ki, azərbaycanlıyıq, biz fəxr edirik ki, Heydər Əliyev kimi dahi liderin müasiri olmuşuq” kimi bir tezisi şərtləndirdi. Bax, elə buna görə də bu gün ümummilli bir səmimiyyətlə deyirik: “Müdrik şəxsiyyət cismən aramızda olmasa da, daima qəlbimizdə yaşayıb və yaşayacaqdır!”.
Zaman keçdikcə, zamanı qabaqlayan ulu öndərlə vaxtilə bir cəmiyyətdə yaşamagın xatirələrini sevgi ilə anırıq. Biz xoşbəxt nəsilik. Ona görə xoşbəxt nəsilik ki, dahi Heydər Əliyevlə bir cəmiyyətdə yaşamışıq!

Rəşad Mahmudov,
Millət vəkili,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,
Tibb elmləri doktoru

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}