Əsas Səhifə > İdman > “Sabah”ın amerikalı basketbolçusu: “Bəzi oyunlara tam hazır deyildik” - MÜSAHİBƏ
“Sabah”ın amerikalı basketbolçusu: “Bəzi oyunlara tam hazır deyildik” - MÜSAHİBƏ2-05-2023, 16:35 |
“Sabah” BK Azərbaycan Basketbol Liqasında müntəzəm çempionatı qalib başa vurub. XXVII turda “Gəncə”nin NTD klubunu məğlub etməsi ilə paytaxt təmsilçisi rəqibləri üçün əlçatmaz olub. Pley-offa lider kimi yollanan kollektivin uğurlarında pay sahiblərindən biri də Mayk Edvardsdır. ABŞ-dən olan 27 yaşlı mərkəz oyunçusu “Sabah”a Kosovonun “Trepça Mitrovice” klubundan gəlib. Edvards “Report”a müsahibəsində həm komandasının müntəzəm çempionatdakı çıxışından, həm də şəxsi hədəflərindən danışıb. - “Sabah” Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümü lider kimi tamamladı. Komandanın çıxışını necə dəyərləndirirsiniz? - Fikrimcə, yekun nəticə çıxışımız üçün ən yaxşı qiymətdir. Ümumi performansımıza 10 ballıq şkala ilə 9,5 bal verərdim. - Mövsümün sonlarına doğru komandanızda bir qədər eniş yaşandı və ardıcıl məğlubiyyətlər oldu. Bunun səbəbini necə izah edə bilərsiniz? - Uduzduğumuz bəzi oyunlara tam hazır deyildik. Amma ən vacib matçlarda qalib gəlməyin yolunu tapdıq. İdmanda qələbə ilə yanaşı məğlubiyyət də var. Odur ki, istənilən nəticəyə hazır olmalısan. - Pley-off-da rəqib “AAAF Xırdalan” olacaq. Bu dueldən nə gözləyirsiniz? - Hər iki komandanı çətin döyüş gözləyir. Rəqabətli oyunlar olacaq. Məqsəd finala vəsiqə qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. - Artıq bir neçə aydır Azərbaycandasınız. Özünüzü burada necə hiss edirsiniz? - Burada çox rahatam. Hər şey məni qane edir. İnsanları və şəhərdəki abu-havanı sevirəm. Bir sözlə, hər şey ürəyimcədir. - Bakıdakı həyat tərziniz barədə danışardınız. Burada ən çox sevdiyiniz və sevmədiyiniz nədir? - Burada hər şey olduqca gözəldir. Yeməkləri, binaların görünüşünü və şəhəri kəşf etməyi xoşlayıram. - Azərbaycan mətbəxi ilə aranızın yaxşı olduğunu bildirdiniz. Ən sevdiyiniz yeməklər hansıdır? - Mətbəxiniz həqiqətən əladır. Bütün yeməkləri sevirəm. Heç birinə fərq qoymuram. - “Sabah”dan öncə Kosovonun “Trepça Mitrovice” klubunda çıxış etmisiniz. Daha əvvəl isə Gürcüstanda oynamısınız. Bu üç ölkənin basketbolu arasında nə kimi fərqlər var? - Liqalar olduqca oxşardır. Əslində onların hamısında yüksək rəqabət hissi var. Mənim üçün yeganə fərq məkandır. - “Sabah”a keçidiniz necə baş tutdu? - Bu komandanı mənə agentim tapdı. “Sabah”dan təklif olduğunu söylədi. Mən isə yaxınlarımla məsləhətləşdikdən sonra buraya gəlməyə qərar verdim. Qərarıma görə peşman deyiləm. - Vikipediyada sizinlə bağlı axtarış edərkən eyni ad və soyadı daşıyan başqa bir basketbolçu qarşıma çıxdı. Amma sizinlə bağlılığı olub-olmaması barədə məlumat tapa bilmədim. Maraqlıdır, atanız və ya babanız basketbolla məşğul olub? - Xeyr, atam vaxtilə reqbi oynayıb. - Ondan idmanla bağlı hansı məsləhətləri alırsınız? - Mənə hər zaman deyir ki, uğur qazanmaq üçün çox çalışmaq lazımdır. - Atanız Azərbaycanda oynayacağınızı biləndə hansı reaksiyanı verdi? - Xaricdə basketbol oynadığımı görəndə həyəcanlanır, bütün oyunlarımı izləyir. Yəni qeyri-adi reaksiya vermədi, hər şeyi normal qarşıladı. Şəffaflıq.az Geri qayıt |