Pənahəli xana şərik qoşan ermənilər...


 

Bu günlərdə ermənilərin içində ağıllı və nisbətən obyektiv siyasətçi peyda olub: Arman Yeqoyan. Məhz o, ötən ilin son günlərində demişdi ki, Zəngəzurda azərbaycanlıların iddia etdiyi kəndlər Azərbaycana məxsusdur, bizimkilərin oranı tutub, əkib-becərməsi düzgün deyildi, indi torpağın sahibi gəlibsə, ərazini özlərinə qaytarmalıyıq.

Erməni cəmiyyəti bu sözün üstündə Yeqoyanda var-yox, ölü-diri qoymadı, adamın çərçivədən keçənlərinin hamısına həqarət etdilər, sosial şəbəkədə elə bir vay-şivən qopartdılar, latayır-föhş sunamisi qaldırdılar ki, “Addımım” blokundan deputat olan Yeqoyan Feysbukda yazdığı həmin statusu silməli oldu.

Amma erməni ola, o da “xlaq düşməni”n də belə asanlıqla əl çəkə? Əsla! Dünən Arman Yeqoyanı Zəngəzur\Sünikdən də qovublar. Deputat orada xalqla görüşərkən Feysbukda yazdığı fikri bir balaca malalamağa çalışıb, Şurnux və digər kəndləri “mübahisəli ərazilər” adlandırıb və dolayısı ilə yenə deyib ki, bu kəndlər Azərbaycana məxsusdur.

Adamı eşşəkdən yıxılmışa döndəriblər və o, anlayıb ki, bu qan ocağında bir az da qalsa, hiddətlənmiş ermənilər onu, 10 noyabrda linç edilmiş Ararat Mirzoyanın (parlament sədrinin müavini) gününə salacaqlar, məcbur olub Süniki tərk edib.

Torpaq məsələsində ermənilər bu qədər maksimalist və güzəştsizdirlər.

Əslində biz də eləyik. Biz də lap əvvəldən “torpaqdan pay olmaz” şüarını dillər əzbərinə çevirmişdik və bizim üçün də “mübahisəli ərazilər” söhbəti yox idi. Hamımız bilirik və əminliklə deyirik ki, “Qarabağ bizimdir”. Hətta 1993-cü ildən ta ötən ilin sentyabrına qədər “Qarabağ bizimdir” şüarını daha çox bu variantda səsləndirirdik: “Qarabağ bizimdir, bizim olacaq!”

Bunu ona görə deyirdik ki, o vaxt Qarabağ əlimizdə deyildi və bu mesaj daha çox Qarabağı bizim edəcək gənclərə ünvanlanırdı.

Ancaq biz heç vaxt kütləvi şəkildə “Zəngəzur bizimdir”, “İrəvan bizə məxsusdur”, “Göyçə əzəli torpağımızdır” demirdik. Əslində, oralar tarixən bizim olmuşdu, amma biz həm kütləvi, həm də rəsmi şəkildə belə şüar səsləndirmirdik. Çünki avantüraya, utopiyaya oxşayacaqdı, gülüş doğuracaqdı, onu deyən adama “hələ bir Qarabağı işğaldan qurtarın, sonra Göyçə davası edərsiniz” deyərdilər.

İndi isə artıq uyğun iddia ermənilərdə gülüş doğurmur, əksinə, narahatlıq yaradır. Hazırda onlar Zəngəzurda mübahisəsiz olaraq bizə məxsus olan torpaqlardan ona görə bərk yapışıblar ki, bunun ilməsi qaçmış corab kimi sökülə-sökülə gedəcəyindən qorxurlar.

Bir də burada erməni güzəştsizliyi, maksimalizmi rol oynayır. Əgər bu gün bizdən kimsə çıxıb “İrəvanın, Göyçənin başını buraxın, onlar 100 il əvvəl artıq Ermənistanın nəzarətinə keçib” desə, 3-5 adam onu qınayar, amma bir o qədər adam da qahmar çıxar, deyərlər, dövlətlərin ərazi bütövlüyü, BMT-də tanınmış sərhədlər-filan məsələsi var.

Ermənilər isə BMT-nin, ATƏT-in özlərinə sərf etməyən sənədlərini, qətnamələrini, digər konvensiyaların müddəalarını veclərinə almırlar. Ortada torpaq, ərazi məsələsi varsa, bəsirətləri bağlanır, gözləri tutulur, kütləvi şəkildə çığır-bağır sala-sala bütün mübahisələrdə haqlı olduqlarını iddia edirlər.

Bax, ermənilərlə bizim əsas fərqimiz budur: Biz öz iddialarımıza tənqidi yanaşa, rasional düşünə bilirik, beynəlxalq qanunları nəzərə alırıq, gerçəklikləri praqmatik şəkildə dəyərləndiririk, hesablaşırıq, amma onlarda bu qabiliyyət yoxdur, onlar heç nəylə hesablaşmaq istəmir, məqsədlərinə NƏYİN BAHASINA olur-olsun çatmaq istəyirlər. Önlərində nə mənəvi, nə siyasi, nə mədəni, nə hüquqi baryer tanımırlar. Ta hərbi baryer görənə qədər irəliləyirlər... sonra geri çəkilirlər.

Bir Sünik məsələsi deyil. İstənilən deputat çıxıb desə ki, Gəncə və Bakı azərbaycanlıların şəhəridir, minlərlə erməni dərhal qarğa-quzğun kimi onun üstünə tökülüşər ki, tarixi faktı təhrif edirsən, vaxtilə Gəncədə və Bakıda böyük erməni icması yaşayıb, o şəhərlərin inkişafında, qurulmasında ermənilərin böyük xidməti olub, ona görə də onlar erməni şəhərləridir. Hətta Şuşanın bünövrəsini Pənahəli xanla yanaş bir erməni məlikinin qoyduğunu iddia etdikləri kimi, adı çəkilən şəhərlərin ilk sakinlərinin ermənilər olduğunu da asanlıqla iddia edə bilərlər (necə ki, ara-sıra iddia edirlər, amma hələ kütləvi deyil).

Yəni erməniləri ayağı hara dəyibsə, orada 5-10 il yaşayıblarsa, həmin yerlər mütləq “əzəli erməni torpağı” olur.

Bəzən ironiya ilə “onda elə çıxır ki, Los-Anceles və ya Marsel də erməni şəhəridir” deyirik, yazırıq. Elədir ki, var. Bu şəhərlər gerçəkdən də erməni şəhərləridir. Düzdür, onlar bu şəhərlərə gəlmədirlər, son 100 ildə gəlib, yerləşib, artıb, icma, diaspor təşkilatı yaradıblar və şəhəri özlərininki ediblər. Amma bu gün heç bir qüvvə erməniləri o şəhərlərdən çıxara bilməz – bunu yalnız Hitler kimi biri edə bilər. Onda da bir müddət sonra onu genosiddə, deportasiyada ittiham edib təzminat alar və öz “doğma yurdları”na geri qayıdarlar.

1988-ci ildə ortalıq qarışanda Ermənistanda yaşayan soydaşlarımız ermənilərin içində dözülməz vəziyyətdə yaşaya bilməyəcəklərini, rəsmi Bakının onların orada yaşaması üçün heç bir tədbir görmədiyini və görməyəcəyini vaxtında anlayaraq, məcburən ana vətənə sığındılar, amma ermənilər Bakıda, Gəncədə sona qədər dirəşdilər, yalnız ölkə əhalisinin səbrinin daşdığını görəndən, faciənin qaçılmaz olduğuna əmin olandan sonra getdilər.

Bu baxımdan Dağlıq Qarabağın ermənilər yaşayan şəhər və kəndləri üzərində dövlət suverenliyimizin bərpa olunması prosesi bir qədər ləng və ağrılı keçəcək, asan başa gəlməyəcək. Dəmir yumruğumuz tez-tez düyüləcək, boş qafalara ensə də, enməsə də.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}