Dünyada koronavirusa yoluxanların sayı 7,2, ABŞ-da isə 2 milyon oldu – Son statistika
Dünyada koronavirusa infeksiyasına ( Covid-19) yoluxanların sayı 7,2 milyonu ötüb.
Şəffaflıq.az bildirir ki, dünya üzrə hazırkı saata görə koronavirusa yoluxanların ümumi sayı 7 milyon 222 min 643 nəfər, bu virusdan ölənlərin sayı isə 409 242 nəfərdir. Virusa yoluxanların 3 milyon 557 min 783 nəfəri isə sağalıb.
Dünyada ən çox yoluxma hadisəsi ABŞ-da qeydə alınıb.
Belə ki, bu ölkədə indiyədək 2 milyon 26 min 869 nəfər koronavirusa yoluxub, 113 min 106 nəfər isə virusdan ölüb.
ABŞ-dan sonra virusa yoluxmaya görə yenə də ikinci sırada Braziliya gəlir.
Ölkədə virusa yoluxanların ümumi sayı 710 min 887 nəfərdir. Bu ölkə hələ də pandemiyanın cəngindən qurtula bilmir. Bu günə qədər Brazilyada 37 min 312 nəfər virusun qurbanı olub. Xatırladaq ki, ABŞ bir müddət bundan əvvəl pandemiyanın tüğyan etdiyi Braziliya ilə sərhədlərini bağlayıb.
Vəziyyətin gərgin olması və Ümumdünya Səhiyyə Təşkilatının gördüyü işlər öz səmərəsini vermədiyi üçün prezident Jair Bolsonaru artıq qurumdan ayrılacaqlarını bəyan edib:
“Ölkəmiz ideoloji quruluşa görə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağı nəzərdən keçirə bilər. Mən xəbərdarlıq edirəm: ABŞ ÜST-dən çıxdı və biz gələcəkdə bunu düşünürük. Ya ÜST ideoloji əsas olmadan fəaliyyət göstərəcək, ya da biz bu təşkilatdan ayrılacağıq”.
Rusiyada isə ölənlərin sayı 6 142 nəfərə yüksəlib.
Ölkədə virusa yoluxma durmadan artır. Son saatlarda Rusiyada 8 min 595 nəfər koronavirusa yoluxub. Qeyd edək ki, bir çox rusiyalı siyasətçilər əslində ölkədə virusa yoluxanların və ölənlərin sayının göstərilən rəqəmlərdən dəfələrlə çox olduğunu iddia edir. Məsələn, bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin keçmiş köməkçisi Andrey İllarionov ölkədə koronavirusa yoluxanların real sayının 5 dəfə çox olduğunu iddia etmişdi. Onun sözlərinə görə, ölkədə virusdan ölənlərin real sayı əslində 15-20 min nəfərdir.
Andrey İllarionov verdiyi açıqlamada Rusiya tərəfindən bəyan edilən yoluxma sayına inanmadığını, real rəqəmlərin dəfələrlə çox olduğunu deyib:
"Bu, müzakirə olunmayan həqiqətdir. Aprel ayında koronavirusdan ölənlərin sayı açıqlanan rəsmi rəqəmlərdən ən azı iki dəfə çox idi".
İllarionov qeyd edib ki, Rusiyanın digər bölgələrində vəziyyət daha ağırdır:
"Peterburqda real ölü sayı açıqlanan rəqəmlərin 12 qatı, Dağıstanda isə 25 qatıdır. Ümumilikdə baxanda isə, Rusiyada virusdan ölənlərin sayı 4-5 min deyil, 15-20 min arasındadır”.
Pandemiyanın ilk dövrlərində koronavirusun tüğyan etdiyi İtaliya artıq bir çox ölkələrlə sərhədlərini açıb.
Həmin ölkələr arasında İslandiya, Norveç, İsveçrə, Böyük Britaniya, Vatikan və digərləri var. Ölkədə bir müddət əvvəl pandemiya səngiməyə doğru gedirdi. Laki karantin rejiminin yumşaldılması ilə yenidən yoluxma sayı artmağa başlayıb. Bu günə qədər ölkədə 235 278 nəfərdə virus aşkarlanıb, 33.964 nəfər virusdan ölüb.
Facebook-da paylaş