“Azəriqaz”ın sabiq idarə rəisi yenidən hakim qarşısına çıxır


Səhlənkarlıqda təqsirləndirilən “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışmış Azər Xəlilovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyevin sədrliyi ilə araşdırılacaq. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Azər Xəlilova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, Azər Xəlilovun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrın 2-də Gəncə şəhəri, Cavadxan qəsəbəsi adlanan ünvanda yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Elmir Azər oğlu Bəbişov vanna otağında olarkən qaz partlayıb. Ağır yanıq xəsarəti alan gənc dərhal xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

İş üzrə zərərçəkmiş qismində Elmir Bəbişov və onun atası Azər Bəbişov tanınıblar. İttihamda qeyd olunub ki, partlayış nəticəsində Azər Bəbişova ümumilikdə 18 125 manat məbləğində əhəmiyyətli zərər dəyib.

Hadisədən sonra “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışmış Azər Xəlilov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Azər Xəlilov 2015-ci ildən 11 oktyabr 2021-ci il tarixədək “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}