Yuyucu toz satan hindistanlılardan 20 il əvvəl rüşvət alan müstəntiqə hökm oxundu


20 il əvvəl Bakıda yuyucu toz məmulatları satışı ilə məşğul olan Hindistan vətəndaşlarından rüşvət almaqda ittiham olunan Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və ehtiyatda olan polis zabiti Ramin Talıbovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Şəffaflıq.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Samir Kərimova verilmiş ittihamla təqsirli bilinərək ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Lakin məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Samir Kərimov məhkəmə zalından azadlığa buraxılıb.

Ramin Talıbovun isə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb.

İttihama görə, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən Samir Kərimov Yasamal Rayon Polis İdarəsinin 27-ci Bölməsinin əməkdaşı, polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətə gedib. Sabiq müstəntiq şirkətə baxış keçirib, hindistanlıları yararsız yuyucu tozlar satmaqda ittiham edib.

Bundan sonra müstəntiq məsələnin bağlanması üçün Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb. Təqsirləndirilən Ramin Talıbov isə həmin vaxt sahə inspektoru kimi fəaliyyət göstərib, müstəntiqin tələbi ilə onunla birgə gedib.

Samir Kərimovun əməlinin üstü açıldıqdan sonra prokurorluq orqanlarından xaric olunub, bir müddət sonra ölkəni tərk edib.

Qeyd olunan əmələ görə Samir Kərimov barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma), Ramin Talıbov barəsində 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb.

Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub, Ramin Talıbov isə zaminə buraxılıb.

20 il sonra - 62 yaşında Bakıya qayıdan Samir Kərimov hüquq-mühafizə orqanları tərəfindən tutulub, barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}