31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonunda elmi-praktik konfrans keçirilib - FOTO


31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Keçmişini öyrən, gələcəyini xilas et” layihəsi çərçivəsində Quba rayonunda “Azərbaycanlıların soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans “İrəli” İctimai Birliyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Quba Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, rayon ictimaiyyətinin nümayəndələri və tələbələrin iştirakı ilə keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyev, 31 mart soyqırımının qurbanları, habelə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev və ADPU-nun Quba filialının tələbəsi Namiq Qarayev çıxışları zamanı 105 il bundan öncə – 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Bakı şəhərində, habelə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində onminlərlə dinc azərbaycanlıya qarşı amansız qətliamlar həyata keçirdiyini qeyd ediblər. Kütləvi qırğınlar nəticəsində təkcə Qubada xüsusi qəddarlıqla 16 mindən artıq insanın qətlə yetirildiyi və 167 kəndin məhv edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, hadisələrə siyasi qiymətin verilməsi dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanması ilə həllini tapdı və sözügedən Fərmana əsasən, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi təsis edildi. Bu günün təsis edilməsi azərbaycanlıların məruz qaldığı etnik təmizləmə siyasəti və soyqırımı cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında olduqca mühüm əhəmiyyət kəsb edir.

Çıxışçılar həmçinin Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin tərkibi olan etnik təmizləmə, soyqırımı və digər insanlıq əleyhinə cinayətlərinin 44 günlük Vətən müharibəsində də davam etdirdiyini, Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı törədilən raket hücumlarının bunun açıq-aşkar nümunəsi olduğunu qeyd ediblər.

Tədbir daha sonra 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib.

Qeyd edək ki, “Keçmişini öyrən, gələcəyini xilas et” layihəsi çərçivəsində “İrəli” İctimai Birliyinin nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək, 105 il öncə baş vermiş qanlı hadisələrlə bağlı tarixi sənədlər və faktlarla tanış olublar.









Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}