Beynəlxalq Multikulturalizm Qış Məktəbi başa çatıb - FOTO
Fevralın 25-də “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” mövzusunda XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Tədbirdə əvvəlcə Xocalı qurbanlarının xatirəsi ehtiramla anılıb. Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla diqqətə çatdırıb ki, Qış Məktəbinin iştirakçıları bir həftə ərzində Azərbaycanın bir çox məkanları ilə tanış olublar. Bildirilib ki, Beynəlxalq Multikulturalizm Qış Məktəbinin əhəmiyyəti çox böyükdür. Çünki Qış Məktəbi Azərbaycanda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. “Sabah Azərbaycan tarixinin ən faciəvi günlərindən biri - Xocalı soyqırımının 31-ci ildönümüdür. Ermənilər Xocalıya hücum edərək qadınları, uşaqları, yaşlıları azərbaycanlı olduqları üçün öldürüblər. Bu hadisələrin bir daha təkrar olunmaması üçün Xocalı faciəsini unutmamalıyıq”,- deyə BBMM-in Himayəçilik Şurasının sədri vurğulayıb. Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, belə tədbirlər Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından çox önəmlidir. Qış Məktəbinin iştirakçılarının Azərbaycan xalqının qonaqpərvərliyinin əyani şahidi olduqlarını qeyd edən Rəvan Həsənov deyib: “Qış və Yay Beynəlxalq Multikulturalizm məktəbləri Mərkəzin mühüm layihələrindən biridir. Bu layihə ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələrimizi də əhatə edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbir artıq ənənə halı alıb. Məktəbdə iştirak edən əcnəbi tələbələr Azərbaycan multikulturalizmi ilə yaxından tanış olurlar”. Rəvan Həsənov vurğulayıb ki, layihənin iştirakçıları ilə dostluq və əməkdaşlıq davam edəcək. Sonda Qış Məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub. Xatırladaq ki, XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərində təhsil alan tələbələr iştirak ediblər. Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilib. İştirakçılar “Heydər Əliyev və Multikulturalizm”, “Azərbaycanın dil siyasətində multikulturalizm”, “Azərbaycanın multikulturalizm modeli: Mədəni müxtəliflikdə birlik”, “Mədəniyyətlər sərhədində ünsiyyət aktı kimi Azərbaycan ədəbiyyatının tərcümələri: Qurban Səidin “Əli və Nino” əsəri” mövzularında mühazirələr dinləyiblər. Qış məktəbi çərçivəsində təşkil olunan “Öz xalqını təqdim et” musiqili axşamda iştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, etnik müxtəlifliyi haqqında məlumat veriblər. Səfər müddətində iştirakçılar Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət ediblər. “Şahdağ” Qış-Yay Turizm Kompleksində, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində, Quba Soyqırımı Memorial Kompleksində olublar. Qubada dağ yəhudilərinin kompakt yaşadıqları Qırmızı Qəsəbədə yerli əhali ilə görüşlər keçiriblər, məscid, kilsə və sinaqoqları ziyarət ediblər. Şəffaflıq.az
Facebook-da paylaş