Naxçıvanda bir sıra sahələrdə əməkhaqqı ARTIRILDI
Naxçıvanda bir sıra sahələrdə əməkhaqqı artırılıb, ştat cədvəlləri yenilənib. Bu, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarında əksini tapıb. Nazirlər Kabinetinin 2023-cü il 25 yanvar tarixli Qərarı ilə “Dövlət büdcəsindən maliyyələşən və bir sıra təşkilatların işçilərinin aylıq vəzifə maaşları sxemləri təsdiq edilib. Adıçəkilən Qərara görə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin, “Naxçıvan Muxtar Respublikasının dövlət arxivi və rayon (şəhər) dövlət arxivlərinin, “Naxçıvan Dövlət Film Fondunun, “Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin” əməkdaşlarının, “İcra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin” əmək haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 16 yanvar tarixli Qərarına uyğun olaraq artırılıb. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika Rəsədxanası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 yanvar tarixli Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Aparatının və tabeliyində olan qurumların ştat cədvəlləri və strukturu yenidən təsdiq edilib. Şəffaflıq.az
Həmçinin Nazirlər Kabinetinin 2023-cü il 19 yanvar tarixli Qərarı ilə “Rayon (şəhər) qəzetlərinin ştat cədvəli”nin təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilib. Dəyişikliyə görə bundan sonra şəhər və rayon icra hakimiyyəti orqanı olan qəzetlərin ştat cədvəlləri Naxçıvan şəhər və rayon icra hakimiyyətləri tərəfindən təsdiqlənəcək. Nazirlər Kabinetinin 2023-cü il 23 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında” və “Xüsusi qaydada fəaliyyət göstərən notariat ofisləri işçilərinin əmək haqlarının müəyyən edilməsi barədə” qərarlarında
dəyişiklik edilərək, xüsusi qaydada fəaliyyət göstərən notariat ofislərinin ştat cədvəli və işçilərin aylıq vəzifə maaşlarının müəyyən edilməsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla müvafiq qurumlar tərəfindən həyata keçiriləcək.
Facebook-da paylaş