Vətən müharibəsi kadrlarının yer aldığı “Köhnə çamadanlar” filmi təqdim olunub
Nizami Kino Mərkəzində Vətən müharibəsini əks etdirən real döyüş kadrlarının yer aldığı “Köhnə çamadanlar” adlı tammetrajlı bədii filmin təqdimatı keçirilib.
Şəffaflıq.az xəbər verir ki, premyerada yaradıcı heyətlə yanaşı, ictimai xadimlər, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları və ssenaridə yer alan hadisələrin şahidləri iştirak ediblər.
Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadın taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların yaşadıqları psixoloji travmalar ekran işində əksini tapıb. Əsas rolları respublikanın Xalq artistləri - Məmmədsəfa Qəhrəmanov, Qabil Quliyev, Pərvanə Qurbanova, əməkdar artistlər - Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və digər tanınmış sənət adamları canlandırıb.
Böyük zəfərin debüt filmi nikbin sonluqla yekunlaşır. Ekran əsərində Azərbaycanın erməni vandalizminin qurbanına çevrilən minlərlə qəhrəman oğul və qızlarının qanının yerdə qalmadığı, qisasının alındığı vurğulanır. Qeyd edək ki, filmdə 44 günlük Vətən müharibəsini əks etdirən real döyüş kadrları ilə yanaşı, ön cəbhədən gələn müjdəni qürurla qeyd edən Azərbaycan xalqının sevinci xüsusi vurğulanır.
Ekran əsərində İkinci Qarabağ müharibəsi iştirakçıları, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmət edən hərbçilərin, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslərin aktyorluq potensialından istifadə olunub.
İkinci Qarabağ müharibəsinin debüt filmini göz yaşları və həyacansız izləmək mümkün olmayıb. Sonsuz alqışlarla qarşılanan filmin təqdimat mərasimində iştirak edən müharibə şahidləri bildiriblər ki, Vətən müharibəsi 30 illik həsrətə son qoyub, şəhidlərin qisası döyüş meydanında alınıb.
Filmin quruluşçu rejissoru Səidə Haqverdiyeva çıxışında müharibənin ağır günlərinin şahidi olduğunu qeyd edib.
Filmlə bağlı təəssüratlarını bölüşən Əməkdar artist Gülzar Qurbanova ekran işində əməyi keçən hər kəsə minnətdarlıq edib: "Bu, köhnə çamadanların içində bizim uşaqlığımız, gəncliyimiz, o günlərin həqiqətləri, tarixin bir parçası var. Sarsıntı və kədərimiz, arzu və xəyallarımızdan yığılan xatirələr var. Azərbaycan qadınının Birinci Qarabağ müharibəsində yaşadıqlarına baxmayaraq, nə qədər güclü olduğunu burada gördük.
Çamadanların içərisində olan ümidimiz, inamımız bizi qələbəyə gətirdi. Ağır itkilərə sinə gərən şəhid analarının qarşısında baş əyirəm".
Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Əliyev, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur.
Xronometrajı iki saata çatan bədii ekran əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır. 2021-ci ilin payızından çəkilişlərinə başlanılan “Köhnə çamadanlar” tammetrajlı bədii film “RS Production”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. “OYUN” inklüziv teatr MMC-nin istehsalı filmin baş sponsorları “RS Production” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər sponsorlar isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və “AK Company”dir.
Facebook-da paylaş