Azərbaycanda büdcə qaydası dəyişdirilir
Şəffaflıq.az xəbər verir ki, bu, qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, büdcə qaydasında mövcud olan icmal büdcə xərclərinin yuxarı həddinə və xərclənə bilən neft gəlirlərinə məhdudiyyətlərin aradan qaldırılması, əvvəlki qaydada mövcud olan 1 məhdudiyyətin (qeyri-neft baza kəsirin qeyri-neft ÜDM-nə nisbəti) saxlanılması, eləcə də dövlət borcunun ÜDM-ə nisbəti ilə bağlı yeni limitin müəyyən edilməsi nəzərdə tutulub.
“Təklif edilən dəyişiklik qəbul olunacağı təqdirdə büdcə qaydasında əvvəllər mövcud olan xərclənə bilən neft gəlirləri komponentinin neftin qiymətinin yüksək olması halında protsiklik siyasətin təsirinə məruz qalma riski də aradan qaldırılmış olur ki, bu da yeni qaydanın müsbət xüsusiyyəti kimi qiymətləndirilə bilər. Eyni zamanda, yeni layihədə büdcə qaydasında neftin qiyməti amili nəzərə alınır ki, buna zərurət Hesablama Palatasının dövlət büdcəsinin layihələrinə əvvəlki illərdə verilmiş rəylərində şərh edilib.
Bununla yanaşı, qaydaya təklif edilən dəyişikliklərin təhlili bir neçə məqamı da qeyd etməyə imkan verir:
İlk olaraq, yenilənməsi nəzərdə tutulan qaydada “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilmiş “Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan (ARDNF) transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır” tələbinin icrası ilə əlaqədar ARDNF-dən dövlət büdcəsinə transfertlə bağlı məhdudiyyət birbaşa deyil, dolayı müəyyən edilib.
Həmçinin, qaydaya təklif edilən dəyişiklik- icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbətinin tələb kimi nəzərdə tutulması, neft gəlirlərindən xərcləri azaltmadan da, qeyri-neft ÜDM-nin artımı ilə qaydaya riayət edilmənin mümkünlüyünü də göstərir.
Beləliklə, müvafiq maddəyə dəyişikliklərin edilməsi zamanı “2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” ölkə prezidentinin 27 dekabr 2016-cı il tarixli fərmanında ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərin hazırlanması ilə bağlı tapşırığın tələbinin nəzərə alınmasını, Fonddan dövlət büdcəsinə transfertə dair məhdudiyyətin dolayı deyil, birbaşa müəyyənləşdirilməsini, qeyri-neft baza kəsiri və ona qoyulan hədlərin mütləq ifadədə göstərilməsini məqsədəuyğun hesab edirik”, - Palata qeyd edib.
Facebook-da paylaş