APREL ZƏFƏRİ İSMAYILLI QƏHRƏMANLARIMIZIN İZİ İLƏ!


 

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixə düşdü. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

İsmayıllıdan olan igid əsgərlərimiz də Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdilər. İsmayıllı sakinləri həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalmış igid həmyerlimiz Mikayıl Vahabzadənin xatirəsini həmişə əziz tutur, onu ehtiramla yad edirlər.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsi həmişə ehtiramla anılır.

Vahabzadə Mikayıl Yaqub oğlu 1993-cü il iyun ayının 25-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Mikayıl 2000-ci ildə Maçaxı kəndinin 4 illik ibtidai məktəbinin 1-ci sinifinə gedib. Mikayıl 4 illik orta məktəbi öz doğma kəndində fəallıqla başa vurduqdan sonra təhsilini davam etdirmək üçün 2004-cü ildə Tircan kəndində Musa Piriyev adına tam orta məktəbinə gedib. 


O, Tircan kəndində də oxuduğu müddətdə öz fəallığı ilə müəllimlərinin hörmətini qazanmışdır və 9-cu sinfi Tircan kəndində başa vurduqdan sonra 10-cu və 11-ci sinfi daha da yaxşı hazırlaşmaq məqsədi ilə Yeniyol kənd məktəbində 2 illik təhsilini davam etdirmişdir. Elə məktəbi bitirdiyi ildə yəni 2011-ci ildə istədiyinə nail oldu və Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakultəsinə qəbul oldu. 

Mikayıl 4 illik universitet həyatında fəal olmaqla bərabər həm də işləyirdi ki, ailəsinin üstünə çox yük düşməsin. Beləliklə, o,  2015-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurdu. Ardınca isə Mikayılın çox səbirsizliklə gözlədiyi hərbi çağırış gəldi və o, 2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşdü. Hərbi həyatında da çox bacarıqlı olan Mikayıl komandirlərindən təşəkkür məktubu da almışdı. 2016-cı ilin 02-05 aprel tarixində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu və neytral zonada qaldı. Aprel ayının 8-də isə atəşkəsdən sonra götürülüb və aprelin 9-u doğulub boya başa çatdığı İsmayıllı rayonu Maçaxı kənd Qəbirstanlığında torpağa tapşırılıb.

Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Aprel döyüşlərində qəhrəmanlıq göstərən igidlərimizdən biri də qazi Ağayev Yaşar Təvəkkül oğludur. Yaşar 1989-cu ilin iyul ayının 7-də İsmayıllı rayonunda anadan olub. 1996-cı ildə N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib və 8-ci sinfə qədər həmin məktəbdə oxuyub. Sonra Respublika Olimpiya Liseyində təhsilini davam etdirib. 2007-ci ildə həmin liseyi bitirib. Həmin ilin oktyabr ayında hərbi xidmətə gedib, hərbi xidmətini başa vurduqdan sonra kiçik gizir (kiçik miçman) rütbəsi alaraq Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmətini davam etdirmişdir. 2016-cı ilin aprel döyüşlərində gizir (miçman) rütbəsində iştirak edib və döyüşlər zamanı baş nahiyəsindən ağır yaralanıb. Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında müalicə alıb, daha sonra müalicəsi Türkiyədə davam etdirilib. Döyüşdən sonra baş gizir (baş miçman) rütbəsi almışdır. Aprel döyüşlərindən sonra  xüsusi fədakarlığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” 3-cu dərəcəli medalı ilə təltif edilmişdir.

Bu gün xalqımız Qarabağ torpaqlarının işğaldan azad olunmasının sevincini yaşayır. 44 günlük Vətən müharibəsi də tarixi Aprel döyüşlərinin növbəti estafeti idi. Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bötüvlüyünün bərpa olunması uğrunda zaman-zaman aparılan müharibələr, döyüşlər, eləcə də tarixi Aprel döyüşləri zamanı canından keçərək şəhidlik zirvəsinə ucalan bütün vətən oğullarımızın əziz xatirəsini dərin hörmətlə anırıq!


 

 


Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!

Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}