Milli Məclisin Sədri Sahibə Qafarova TBMM-nin nümayəndə heyəti ilə görüşüb


 

Martın 9-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-nin) Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, sədr qonaqları səmimi salamlayaraq səfərin əlaqələrimizə yeni töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Spiker ötən həftə Bitlisdə baş verən helikopter qəzasında türk hərbçilərinin şəhid olması ilə bağlı qonaqların simasında türk xalqına, həyatını itirənlərin yaxınlarına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.

İki dost və qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında münasibətlərin daim inkişaf etdiyini vurğulayan Sədr deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Qeyd edilib ki, Vətən müharibəsi dönəmində də Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərib, qardaş Türkiyə xalqı Azərbaycanın yanında yer alıb. Bu, Ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” ifadəsinin real həyatda bariz təcəssümü idi. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasındakı münasibətlərin dünya siyasi sistemində alternativi yoxdur. Ortaq dilə, dinə, mədəniyyətə, tarixə sahib xalqlarımız arasındakı bu münasibətlər əsl qardaşlıq ruhuna söykənir.

Münasibətlərimizin inkişafında parlamentlərin rolundan danışan Spiker hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, parlamentlər arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Sədr üçtərəfli formatda – Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin əməkdaşlığını əhəmiyyətli hesab edib. Bildirib ki, bu gün regional formatda görüşlərin keçirilməsi çox önəmlidir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç ölkəmizə səfərindən nümayəndə heyəti üzvlərinin məmnunluq duyduqlarını söyləyib. Qeyd edilib ki, Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dönəmində bütün türk xalqı kimi, türkiyəli millət vəkilləri də bölgədə baş verən hadisələri diqqətlə izləyib, qardaş Azərbaycanın uğurlarına seviniblər.

Azərbaycanın hiss etdiyini Türkiyə də hiss edirdi. Biz Azərbaycanla qardaşlığımızı hər zaman duymuşuq.

Söhbətdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxış edərək beynəlxalq təşkilatlarda, regional qurumlarda ikitərəfli və çoxtərəfli formatlarda hər iki ölkə deputatlarının səmərəli əməkdaşlığı barədə fikirlərini bölüşüb, deputatlarımızın qarşılıqlı səfərlərini və mütəmadi görüşlərini yüksək dəyərləndiriblər.

Görüşdə TBMM-nin Xarici əlaqələr komitəsinin üzvləri Derya Bakbak, Ahmet Kamil Erozan, İsmail Özdemir, Utku Çakırözer, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}