Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Bu il Azərbaycanda 494 nəfər İİV-ə yoluxub
Bu il Azərbaycanda 494 nəfər İİV-ə yoluxub1-12-2020, 13:31 |
1 dekabr 2020-ci il tarixinə qədər ölkəmizdə İİV ilə yaşayan 7247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb. Onlardan 1864 nəfər QİÇS mərhələsindədir. Şəffaflıq.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Gününü barədə danışarkən deyib. Onun sözlərinə görə, İİV infeksiyasından ölənlərin sayı 1082 nəfərdir. "2020-ci ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib. 484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır". E. Alməmmədova bildirib ki, Birləşmiş Millətlər Təşkilatının HİV / QİÇS üzrə Birgə Proqramına (UNAIDS) görə, hazırda dünyada 38 milyon HİV ilə yaşayan insan var: "Bunlardan 1.8 milyonu 14 yaşdan kiçik uşaqlardır. Artıq 25.4 milyon insan həyat üçün zəruri antiretovirus müalicəsinə (ART) başlayıb, 12 milyonu isə hələ də öz müalicə növbəsini gözləməkdədir. Təxminən 7,2 milyon insan yoluxduqlarını bilmir". Həkim qeyd edib ki, profilaktikanın təsirli bir vasitəsi əhalini xəstəliyin özü, yoluxma yolları və qarşısının alınması üsulları haqqında geniş məlumatlandırmaqdır, eyni zamanda vətəndaşları İİV testindən keçməyə sövq etmək də olduqca vacibdir. “Son onilliklər ərzində davamlı profilaktik tədbirlərin həyata keçirilməsi ölkəmizin əhalisinin testlərdən keçirilmə əhatəsinin daha da genişləndirilməsini təmin edib. COVID-19 pandemiyasına baxmayaraq, İİV testi ilə əhatə nisbəti azalmayıb. Bu ilin 10 ayı ərzində 75.499 İİV testi aparılıb. 2020-ci ildə Avropa İİV Test Həftəsi çərçivəsində Azərbaycanda, ənənəvi olaraq, bahar və payız HİV test kampaniyası keçirilib (European HIV Testing Week). Qeyd etmək istərdim ki, “HIV in Europe” beynəlxalq təşkilatının bu təşəbbüsü çərçivəsində Səhiyyə Nazirliyi 2013-cü ildən etibarən test kampaniyaları həyata keçirir. Bu müddət ərzində ölkə daxilində on minlərlə vətəndaş pulsuz testlərdən keçib, vəziyyətlərindən xəbərdar olub, İİV-infeksiyasının ötürülməsi, qarşısının alınması və müalicəsi yolları haqqında məlumat alıb”. Esmira Alməmmədovanın sözlərinə görə, Səhiyyə Nazirliyinin və dövlətin həyata keçirdiyi tədbirlərin effektivliyinin başqa bir real nəticəsi İİV- xəstələrinin 74,7 faizinin dispanser nəzarətində olması və ÜST tərəfindən tövsiyə olunan müasir sxemlərə əsasən lazımi müalicənin alınmasıdır. "COVID-19 pandemiyası dövründə Səhiyyə Nazirliyinin səyləri ilə antiretovirus terapiyasının təmin edilməsi sabit qalıb. Bütün dərmanlar UNDP vasitəsi ilə alınıb və ölkəyə çatdırılıb. İİV / QİÇS-lə Mübarizə üzrə Milli Proqramın prioritetlərindən birinin İİV -lə yaşayan insanlarda opportunistik və yanaşı gedən infeksiyaların müalicəsidir. Səhiyyə Nazirliyi ÜST tərəfindən "C" virus hepatitinin müalicəsi üçün tövsiyə olunan müasir pangenotipik dərmanları alıb. Bu cari ilin 11 ayı ərzində İİV-pozitivli və "C" virus hepatit ilə birgə infeksiyalı 1034 nəfər pasientin müalicəsini həyata keçirmək üçün imkan yaradıb". Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova qeyd edib ki, koronavirus pandemiyası hamının ümumi təhlükəsizliyinin hər kəsin individual bir təhlükəsizliyindən birbaşa asılı olduğunu aydın şəkildə nümayiş etdirib. Onun fikrinə əsasən, istənilən uğurlu nəticəni əldə etmək üçün ehtiyacı olan hər kəsə daima vaxtında yardım göstərmək lazımdır. Həkim damğanın və ayrıseçkiliyin aradan qaldırılması, əhalinin mənafelərinin nəzərə alınması, insan hüquqları və gender bərabərliyinə əsaslanan yanaşmaların tətbiq edilməsinin həm İİV / QİÇS, həm də COVID-19 pandemiyası ilə uğurlu mubarizənin təməl şərtlərindən olduğuna inandığını bildirib. Geri qayıt |