Əsas Səhifə > ELM VƏ TƏHSİL > AMEA alimlərinin sudan səmərəli istifadəyə dair Dövlət Proqramının layihəsi müzakirə olunub
AMEA alimlərinin sudan səmərəli istifadəyə dair Dövlət Proqramının layihəsi müzakirə olunub20-11-2020, 23:36 |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan Şəffaflıq.az-a verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər - Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin digər üzvü, akademik Gövhər Baxşəliyeva iştirak ediblər. Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademik Kamal Abdullayevə 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib. Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. Akademik-katib, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov yığıncağın gündəliyinə çıxarılan ilk məsələnin AMEA-nın Yer, Biologiya və Tibb Elmləri bölmələri tərəfindən hazırlanmış “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət Proqramı”nın layihəsi haqqında olduğunu bildirib. Mövzu ilə bağlı çıxış edən akademik Ramiz Mehdiyev ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət nəzərə alınaraq, həmçinin su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli Sərəncam imzalandığını xatırladıb. Qeyd edib ki, Sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib, Tədbirlər planının icrası ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. R.Mehdiyev Sərəncamdan irəli gələrək bu ilin avqust ayında AMEA Rəyasət Heyətinin iclasında ölkədə su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması sahəsində geniş elmi tədqiqatların aparılmasına dair müzakirələrin keçirildiyini və akademiyada tanınmış alimlərdən ibarət İşçi Qrupunun yaradıldığını söyləyib. Diqqətə çatdırıb ki, prioritet istiqamətlərlə bağlı hazırlanmış təkliflər elmi bölmələrdə müzakirə edilərək müəyyənləşdirilib və yekunda “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Sonra Dövlət Proqramı təqdim edilib. Bildirilib ki, Dövlət Proqramının layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılıb. AMEA-nın Yer və Biologiya və Tibb Elmləri bölmələri tərəfindən hazırlanmış Dövlət Proqramının həyata keçirilməsinin respublikamızda ilk dəfə olaraq su mənbələrinin hər bir qrupuna aid olan su obyektlərinin əsas kəmiyyət, keyfiyyət göstəriciləri və ekoloji şəraitinin qiymətləndirilərək müxtəlif mənşəli su ehtiyatları haqqında müasir tələblərə cavab verən kompleks məlumat bazasının yaranmasına imkan verəcəyi qeyd edilib. Sonra Rəyasət Heyətinin qərarı ilə Dövlət Proqramının layihəsi qəbul edilib və təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırılması qərara alınıb. İclasda müzakirə edilən məsələlər ətrafında akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, akademik Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, professor Elton Məmmədov, hüquq elmləri doktoru Habil Qurbanov, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev və digərləri müvafiq təkliflərlə çıxış ediblər. Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək qeyd edib ki, bu gün Azərbaycan elminin prioritet inkişaf istiqamətləri üzrə tədqiqatlar daha da genişləndirilməli və bu yöndə Rəyasət Heyəti tərəfindən alimlərə zəruri dəstək verilməlidir. Elmin bəşəriyyətin gələcəyini müəyyənləşdirən başlıca faktorlardan olduğunu vurğulayan Akademiya rəhbəri AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyətini dövrün tələblərinə uyğun, müasir texnologiyalardan istifadə etməklə qurmasının əhəmiyyətini bildirərək müvafiq tapşırıqlarını çatdırıb. Geri qayıt |