Əsas Səhifə > Dünya > "Pandemiya daha ağır fəsadlar törədə bilər" - Ümumdünya Səhiyyə Təşkilatı

"Pandemiya daha ağır fəsadlar törədə bilər" - Ümumdünya Səhiyyə Təşkilatı


20-11-2020, 12:12

 

Pandemiya getdikcə daha geniş vüsət alaraq bundan əvvəlki dövrə nisbətən daha da ağır fəsadlar törədə bilər. 


Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qahirədə keçirilən onlayn brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regionu üzrə direktoru Əhməd əl Məndəri bildirib.

O, kütləvi ölümlərdən yayınmağın yeganə yolu kimi ölkələr tərəfindən karantin məhdudiyyətlərini sərtləşdirməyi, qabaqlayıcı tədbirləri sürətləndirməyi göstərib.

Yaxın və Orta Şərq regionu ölkələrində daha əvvəl tətbiq edilən qorunma tədbirlərinin yumşaldılmasından narahatlıq ifadə edən təşkilat rəsmisi həmçinin ara məsafəsi saxlamaq, qoruyucu maska taxmaq qaydaları kimi təməl tədbirlərə belə tam şəkildə əməl olunmadığını, bunun fəsadlarının da dolub-daşan xəstəxanalarda aydın nəzərə çarpdığını dilə gətirib.

Ötən 9 ay ərzində region ölkələrində koronavirusa 3,6 milyondan artıq insanın yoluxduğunu, bunlardan 76 mindən artığının da dünyasını dəyişdiyini xatırladan təşkilat nümayəndəsi ötən həftə yoluxmaların 60 faizinin İran, Mərakeş, İordaniyanın payına düşdüyünü, Pakistan və Livanda yoluxmaların artım göstərdiyini, İordaniya, Livan və Tunisdə isə ən yüksək gündəlik ölüm sayının qeydə alındığını bildirib.

“Qarşıdakı dövr bəlkə də son 9 aya nisbətən daha ağır olar. Peyvəndin tapılması da hələ pandemiyanın sonu demək deyil”, - deyən regional direktor bu günədək sınaqları keçirilmiş dörd yeni dərmanın hələ heç birinin rəsmi qeydiyyatdan keçmədiyini, təhlükəsizlik baxımdan təkrar tədqiqatların zəruri olduğunu qeyd edib.

Ekspertin vurğuladığı kimi yoluxmaların artımı heç də qışın gəlməsi, havaların soyuması ilə birbaşa bağlı deyil: “Sadəcə olaraq yay mövsümünə nisbətən insanlar daha çox qapalı, az havalandırılan məkanlarda vaxt keçirdiklərinə görə xəstəliyin yayılması da sürətlənir”.

Geri qayıt