Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Məmurları pəncərədən atmağa, hakimiyyəti zorla devirməyə çağıran Elvin İsayevə 8 il cəza verildi

Məmurları pəncərədən atmağa, hakimiyyəti zorla devirməyə çağıran Elvin İsayevə 8 il cəza verildi


31-10-2020, 22:05

 

Azərbaycana ekstradisiya edilən Elvin İsayev növbəti dəfə hakim qarşısına çıxarılıb. E.İsayevə hökm oxunub.

Şəffaflıq.az Musavat.com-a istinadən xəbər verir ki, dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən E.İsayevin məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən məhkəmə iclasında Elvin İsayevin vəkili vəsatətlər verib. Vəsatətlər E.İsayevin təzyiqlərə məruz qalması, istintaq təcridxanasında döyülməsi və onu saxlayan DTX əməkdaşlarının müəyyən edilməsi ilə bağlı olub.

Prokuror vəsatətlərə münasibət bildirərkən deyib ki, E.İsayev istintaqda 50 dəqiqə videoçəkilişlə ifadə verib, törətdiyi əməlləri səmimi şəkildə etiraf verib.

Dövlət ittihamçısı E.İsayevin təcridxanada döyülməsi ilə bağlı heç bir faktın olmadığını, E.İsayevin təcridxanaya gətirilən zaman müayinədən keçirildiyini, orada olduğu müddətdə də həkim nəzarətində olduğunu söyləyib.

Məhkəmə müşavirədən sonra vəsatətlərlə bağlı qərarı elan edib. Qərara əsasən vəsatətlərin təmin edilmədiyi bildirilib.

Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Prosesin davamında dövlət ittihamçısı çıxış edərək E.İsayevə cəza istəyib.

İttihamda göstərilir ki, E.İsayev Laçın Məmmədov, Qurban Məmmədov və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sosial şəbəkələrdə hakimiyyətin zorla ələ keçirilməsi, kütləvi iğtişaşlara çağırışlar edib.

E.İsayev əvvəlcə Sankt-Peterburq şəhərində olub. Sonradan Almaniyaya, Berlinə gedərək bir qrup şəxslə görüşüb və sosial şəbəkələrdə paylaşacaqları məlumatlarla bağlı müzakirələr aparıblar. Ordan da Sankt-Peterburqa qayıdıb.

Prokuror çıxışında göstərib ki, E.İsayev youtube kanalındakı "Bütlər aşacaq", "Xaricdə yaşayanlar nə vaxta qədər suacaq" başlıqlı bir çox çıxışlarında insanları hakimiyyət əleyhinə addımlar atmağa səsləyib.

İnsanları icra hakimiyyətlərinin, polis idarələrinin, dövlət qurumlarının binalarına hücum etməyə dəvət edib. 500-1000 nəfərlə idarələrə getməyi, məmurları pəncərədən atmaq, zor güclə onları hakimiyyətə qarşı çıxmağa çağırıb.

Prokuror E.İsayevin əməllərinin məhkəmə istintaqı dövründə tam sübuta yetirildiyini bildirərək ona 9 il azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

E.İsayevin vəkili müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirərək onun barəsində bəraət hökmü çıxarılmasını istəyib. E.İsayev də vəkilinin çıxışı ilə razı olduğunu deyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən E.İsayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.İsayev Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ittiham olunur. Rəsmi açıqlamaya görə, Azərbaycan vətəndaşı İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabrda Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Azərbaycan ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilərək xahişi əsasında Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasovanın iştirakı ilə ona ittiham elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

Qeyd edək ki, E.İsayev Ukraynadan Azərbaycana ekstradisiya olunub.

Geri qayıt