Əsas Səhifə > Gündəm > Ehtiyac yarandıqda Türkiyə hərbi dəstək də verə bilər, tam qanunidir
Ehtiyac yarandıqda Türkiyə hərbi dəstək də verə bilər, tam qanunidir8-10-2020, 10:36 |
Çavuşoğlunun “Lazım gəlsə, bir millət, bir dövlət kimi davranacağıq” bəyanatının açması; Elman Nəsirov: “BMT-nin nizamnaməsinə görə Azərbaycan müttəfiqləri ilə birgə müdafiə olunmaq hüququna malikdir, qardaş ölkənin istənilən formada Azərbaycanın yanında olması tamamilə qanunauyğundur” Türkiyənin xarici işlər naziri Bakıya gəldi və Azərbaycana qardaş dövlətin dəstəyi bu şəkildə də ortaya qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Mövlud Çavuşoğlu bəyan etdi ki, Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya səfərə gəlib: “Türkiyə olaraq və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq. Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik". M.Çavuşoğlu Bakıya səfərindən az öncə isə “Lazım gəlsə, bir millət, bir dövlət kimi davranacağıq” bəyanatını verib. Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Türkiyə xarici işlər nazirinin məhz indi Bakıya səfər etməsinin xüsusi mənası, özəllliyi, əhəmiyyəti var: “Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Prezident çox maraqlı bir ifadə işlətdi. Cənab Prezident dedi ki, Siz dəfələrlə Azərbaycana gəlmisiniz, amma budəfəki gəlişin özəl mənası var: Budəfəki gəliş bizim üçün xüsusi məna və əhəmiyyət kəsb edir. Yəni biz Ermənistanla müharibə vəziyyətindəyik və belə olan vəziyyətdə qardaş dövlətin xarici işlər nazirinin Azərbaycana gəlişi bizə olan siyasi, mənəvi dəstəyin ifadəsidir ki, Türkiyə Azərbaycanın yanındadır. Türkiyənin xarici işlər naziri söylədi ki, biz millət iki dövlətik, amma lazım gələcəksə, bir millət bir dövlət də ola bilərik. Bu, o deməkdir ki, ekstremal vəziyyətlərdə, Azərbaycanın buna ehtiyacı olacağı təqdirdə Azərbaycanla Türkiyə bir dövlət kimi də çıxış eləyə bilər. Yəni bunun bütün detallarına varmaq istəmirəm, lakin nələrin nəzərdə tutulduğunu dərk etmək çətin məsələ deyil. Bu bəyanat Azərbaycana istənilən dəstəyin olacağını özündə ehtiva edir. Bu gün biz Türkiyədən mənəvi dəstək alırıq. İstənilən dəstək isə eyni zamanda özündə hərbi dəstəyi də ifadə edir. Burada heç bir qanuna zidd, beynəlxalq hüquqa zidd bir şey yoxdur. Bilirsiniz ki, Birləşmiş Millət Təşkilatının Nizamnaməsinin, o nizamnamə ki, onun 19 fəsli, 111 maddəsi var-51-ci maddəsində aydın şəkildə yazılıb ki, ərazisi təcavüzə məruz qalan dövlətin fərdi, eyni zamanda kollektiv müdafiə hüququ var. Yəni ərazisi təcavüzə məruz qalan dövlət-bu gün Azərbaycan ərazisi təcavüzə məruz qalan dövlətdir-Azərbaycan 51-ci maddəyə görə kollektiv müdafiə də oluna bilər. Bu o deməkdir ki, Azərbaycan müttəfiqləri, dostları ilə birgə müdafiə olunmaq hüququna malikdir. Həmin maddəyə görə Türkiyənin Azərbaycanın yanında istənilən formada olması tamamilə qanunauyğundur”. Deputat qeyd etdi ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri özünün yüksək zirvəsindədir: “27 sentyabra qədər münaqişənin adı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Amma 27 sentyabrdan sonra bu artıq münaqişə deyil, bu, Ermənistan-Azərbaycan müharibəsidir. Müharibəyə münasibətdə dövlətlər üç kateqoriyaya bölünür. Var müttəfiq dövlətlər, var düşmən dövlətlər, var neytral dövlətlər. Cənab Prezidentimizin söylədiyi kimi, indi həqiqət anıdır, hər bir dövlət öz mövqeyini ifadə etməlidir, ya haqqın, beynəlxalq hüququn yanında olmalıdır, Azərbaycanla müttəfiq kimi davranmalıdır, ya nahaqqın yanında olub beynəlxalq hüququ pozmalıdır, düşmən kimi davranmalıdır, ya da neytral qalıb kənara çəkilməlidir. Türkiyə haqqın, beynəlxalq hüququn yanındadır. Təəssüf ki, Fransa dövləti və onun prezidentinin simasında biz nahaqqın yanında dayanışı görürük. ATƏT-in Minsk Qrupunun həmsədr dövləti öz missiyasına uyğun olaraq qərəzsiz, neytral mövqedə dayanmalı idi. Amma Fransa işğalçının müttəfiqi kimi özünü aparır. Ona görə də indi Azərbaycan ictimaiyyətinin haqlı bir tələbi var ki, Fransa Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılsın, Türkiyə həmsədrlərdən biri olsun. Nəhayət, sonda onu da qeyd edim ki, ola bilsin bundan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinə heç bizim ehtiyacımız qalmasın. Onun fəaliyyəti cəmisi bir dəfə bizə lazım olacaq. Bütün işğal olunmuş ərazilərimizdə biz qələbə bayrağımızı qaldırandan sonra Minsk Qrupuna 11 üzv dövlətin iştirakı ilə ATƏT-in Minsk konfransı keçirilsin və qələbəni fiksasiya eləsin və bundan sonra sülh müqaviləsi imzalansın”. Şəffaflıq.az Geri qayıt |