Əsas Səhifə > Hadisə > İran-Azərbaycan sərhəd zastavasında atışma - 1 hərbçimiz həlak oldu, digəri yaralandı. FOTO

İran-Azərbaycan sərhəd zastavasında atışma - 1 hərbçimiz həlak oldu, digəri yaralandı. FOTO


10-03-2019, 23:08

 Bu gün  Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.
Şəffaflıq.az xəbər verir ki, sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.
Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Füzuli oğlu sinəsindən güllə yaraları alıb, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.
Hadisədən dərhal sonra DSX-nın rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib.
DSX-nın rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş S.Məmmədovun atası ilə görüşüb və başsağlığı veriblər.
 
DSX rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.
Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanılıb.


 
Geri qayıt