Əsas Səhifə > Gündəm > Nazim Bəydəmirli: “2010-2015-ci illər arasında dövlət büdcəsi gömrük ödənişlərindən ümumilikdə 4 milyard dollardan çox vəsait itirib”

Nazim Bəydəmirli: “2010-2015-ci illər arasında dövlət büdcəsi gömrük ödənişlərindən ümumilikdə 4 milyard dollardan çox vəsait itirib”


7-11-2018, 16:17

 

Mətbuatdan da bəlli olduğu kimi, Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi "Samur” gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən Rusiya Federasiyasının vətəndaşı Fəqan Cavanşir oğlu Baxışzadədən 1000 Rusiya rublu məbləğində rüşvət alıb. Bildirildi ki, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu (13 Azərbaycan manatı) özünə götürüb, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozub.
Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Davud Rövşən oğlu Qəhrəmanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Əlbəttə, rüşvətin miqdarından asılı olmayaraq, qanunsuzluğa yol verən hər bir məmur qanun qarşısında cavab verməlidir. Bununla yanaşı, bir sual da çoxları üçün düşündürücüdür: milyardlarla yeyintisi olan, korrupsiya və rüşvətxorluğun ayaq açıb yeridiyi bir ölkədə hansısa məmurun 13 manata görə işdən azad edilib, cinayət məsuliyyətinə cəlb edilməsi nəyin göstəricidir? Bu addımı Dövlət Gömrük Komitəsinin “korrupsiyaya qarşı mübarizəsi” kimi qəbul etmək olarmı?
“Gömrük Komitəsi bir xidmət olaraq Vergilər, yaxud Maliyyə Nazirliyinə tabe edilməlidir”
Keçmiş millət vəkili, tanınmış iqtisadçı Nazim Bəydəmirli sualımızı belə cavablandırdı:
“Əsla! Bu, sadəcə bir görüntüdür. Çox guman ki, arxası olmadığı üçün həmin müfəttişi çıxdaş ediblər. Əslində, Gömrük Komitəsində islahatlar elə komitənin ləğvi ilə başlamalı və Gömrük Komitəsinin bir xidmət olaraq Vergilər, yaxud Maliyyə Nazirliyinə tabe edilməsi ilə sonuclanmalıdır. Çünki Komitənin məsul şəxslərinin dəyişdirilməsi, özəlliklə komitə sədri Aydın Əliyevin başqa biri ilə əvəz edilməsi strukturun iş prinsipini dəyişmir.
Düzdür, bu ilin əvvəlində Nazirlər Kabineti formalaşan zaman cənab prezident Dövlət Gömrük Komitəsinin gömrük idxal statistikasını Vergilər Nazirliyi ilə paralel aparması haqqında sərəncam imzaladı. Mən bu addımı çox müsbət qiymətləndirirəm. Əslində, gömrük orqanları qarşısında qoyulmuş proqnoz göstəricilərinin yerinə yetirilməsindəki irəliləyiş sırf Vergilər Nazirliyinin xidmətidir.
Gömrük Komitəsində ilə 1 milyard dollarlıq yeyinti
Gömrük əməkdaşının 500 rublla tutulması hər kəs tərəfindən istehza ilə qarşılanır. Çünki BMT-nin statistikasına uyğun olaraq, yəni ölkəmizə idxal olunan malların statistikasına (güzgü statistikası) görə, yalnız 2010-2015-ci illər arasında dövlət büdcəsi gömrük ödənişlərindən ümumilikdə 4 milyard dollardan çox vəsait itirib. Mən artıq sübuta yetirilmiş faktlardan danışıram. Özü də bu məbləğ yalnız dövlət büdcəsindən yayındırılan əlavə dəyər vergisi və gömrük rüsumuna aiddir.
“Mən Gömrük Komitəsinin ləğvinin tərəfdarıyam”
Bircə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda bütün istehlak mallarının, yəni idxal olunan malların qiymətinin baha olmasına səbəb məhz monopoliyadır. Monopoliya isə yalnız və yalnız Gömrük Komitəsi vasitəsilə həyata keçirilir. Sadəcə forma dəyişdirilir. Əvvəllər bu iş Gömrük Komitəsi tərəfindən razılaşdırılmış şəkildə brokerlər tərəfindən görülürdüsə, indi bu əməliyyatlar müxtəlif şirkətlər tərəfindən həyata keçirilir, bir sözlə, neomonopoliya yaradılıb.
Bu baxımdan, mən Gömrük Komitəsinin ləğvinin tərəfdarıyam. Çünki dünyanın əksər ölkəsində mərkəzi icra hakimiyyəti orqanı olaraq Gömrük Komitəsi yoxdur, sadəcə bir prosedur orqanı kimi fəaliyyət göstərir, amma icazə verən bir struktur səlahiyyətinə malik deyil. Gömrük Komitəsi ilə bircə dəfə üz-üzə gələn hər bir ölkə vətəndaşı bilir ki, komitənin “icazə”si olmadan hər hansı malın Azərbycana keçirilməsi çox müşkül məsələyə çevrilər, aylarla gömrükdə qalar, xarab olar, qiymətdən düşər bilər və bununla da sahibkara külli miqdarda maddi ziyan dəyər. Bununla bağlı kifayət qədər video materiallar, təkzibolunmaz faktlar, şikayətlər mövcuddur. Bu baxımdan, kiminsə 500 rublla tutulması, Gömrük Komitəsinin bu hadisəni şişirdib korrupsiyaya qarşı mübarizə kampaniyası kimi təqdim etməsi təəssüf hissi doğurur.
“Kifayət qədər böyük vəzifə və nüfuz sahibi olmayan insan korrupsiya hüquq pozması həyata keçirə bilməz”
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilən şəxslərin siyahısına nəzər salsaq, daha çox Bələdiyyə sədrlərinin, müəllimlərin, Mənzil İstismar İdarələrinin müdirlərinin, həkimlərin adlarına rast gələrik. Yəni, adları mətbuata, cəmiyyətə açıqlanan şəxslər daha çox bunlardır. Halbuki hər kəsə məlumdur ki, korrupsiya hüquq pozmaları vəzifə cinayətidir. Kifayət qədər böyük vəzifə və nüfuz sahibi olmayan insan korrupsiya hüquq pozması həyata keçirə bilməz.
Bir müfəttişin qulluq mövqeyindən istifadə edib 500 rubl mənimsəməsinin korrupsiyaya bağlı cinayətlə heç bir əlaqəsi yoxdur. Bir daha qeyd edirəm ki, bu, sadəcə görüntü xarakterli, ictimaiyyəti çaşdırmaq, ölkə vətəndaşlarının fikrini başqa səmtə yönəltmək üçün atılan bir addımdır.
Çox təəssüf edirəm ki, Gömrük Komitəsinin bu əməli sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində ictimaiyyətin qınaq obyektinə, lağ-lağı mövzusuna çevrilsə də, amma bundan heç bir nəticə çıxarılmır, müvafiq addımlar atılmır. Əksinə bu qurumda yerlibazlıq, qohumbazlıq, regionçuluq ən yüksək səviyyədə inkişaf etdirilir.
Çox təəssüf ki, Gömrük Komitəsi dedikdə, Azərbaycan ictimaiyyətində, yerli sahibkarlarda, hətta sadəcə bir dəfə sərhəddi keçmiş sadə vətəndaşlarımızda belə, çox mənfi assosiasiyalar yaranır. Çünki ölkə vətəndaşları, eləcə də əcnəbi qonaqlar gömrük əməkdaşlarının mədəniyyətsiz rəftarı, qabalığı, səviyyəsiz danışığı ilə qarşılaşır. Mən dəfələrlə bu haqda yazmışam, misallar da gətirmişəm. Mənimlə yanaşı bu haqda yazan, bu cür hallara etirazını bildirənlər kifayət qədərdi, amma çox təəssüf ki, hələ ki, heç bir nəticə yoxdur”

 Hurriyyet.org
Geri qayıt