Əsas Səhifə > Dünya > “Boeing” şirkəti böhranla üzləşib, ixtisarlara başlayır

“Boeing” şirkəti böhranla üzləşib, ixtisarlara başlayır


26-09-2020, 22:35

 

ABŞ-ın məşhur “Boeing” şirkəti maliyyə problemlərini aradan qaldırmaq üçün rəhbər heyətdə ixtisarlar aparmaq, bir sıra daşınmaz əmlaklarını satmaq niyyətindədir.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Şirkətin 170 əməkdaşına illik əməkhaqqını almaq müqabilində işdən çıxmaq təklif olunub. “Boeing”in bir neçə vitse-prezidenti də vəzifəsini itirəcək.

Şirkət Missuri ştatında əvvəllər rəhbər əməkdaşların istirahət etdiyi kompleksi də satışa çıxarmağı planlaşdırır. Eyni zamanda “787 Dreamliner” təyyarələrinin istehsalı üçün bütün istehsal gücünün Cənubi Karolina ştatında cəmləşdirməyə hazırlaşır.

“Boeing” pandemiyaya qədər və pandemiya dövründə ciddi böhranla üzləşib. Şirkət 2019-cu ilin dekabrında “Boeing 737 MA X” təyyarələrinin istehsalını dayandırıb. Buna səbəb həmin tip təyyarələrin 10 mart 2019-cu ildə Efiopiyada, 29 oktyabr 2018-ci ildə isə İndoneziyada qəzaya uğramasıdır. Bu qəzalar zamanı müvafiq olaraq 157 nəfər və 189 nəfər həyatını itirib. “Boeing” bu qəzaların səbəbinin idarəetmə sistemindəki problemlərlə əlaqədar olduğunu etiraf edib. Bundan sonra dünya ölkələri bu sərnişin təyyarələrinin istismarını dayandırıb.




Geri qayıt