Əsas Səhifə > İdman > Çempionlar Liqası: Pley-offa yüksələn ilk üç klubun adı müəyyənləşdi
Çempionlar Liqası: Pley-offa yüksələn ilk üç klubun adı müəyyənləşdi16-09-2020, 07:06 |
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Şəffaflıq.az məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma gerçəkləşib. Günün ilk matçında Ukraynanın "Dinamo" klubu Kiyevdə Niderland AZ-sini qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. İlk qolu Azərbaycan yığması ilə UEFA Millətlər Liqasında eyni qrupda yer alan Lüksemburq komandasının hücumçusu Jerson Rodriges vurub. Qalan iki oyunda eyni hesab qeydə alınıb. II raundda Türkiyənin "Beşiktaş" komandasını mübarizədən kənarlaşdırmış PAOK Yunanıstanda Portuqaliya təmsilçisi "Benfika"nı da üstələməyi bacarıb. "Gent" isə Belçikada Avstriyanın "Rapid" (Vyana) komandasına qalib gəlib. Bu mərhələ bir oyundan ibarət olduğu üçün Kiyev "Dinamo"su, PAOK və "Gent" Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib və ən azı Avropa Liqasının qrup mərhələsində yerlərini təmin edib. Qrup mərhələsinə gedən yolda "Gent" "Dinamo" ilə üz-üzə gələcək. PAOK-un rəqibi isə hələ məlum deyil. Görüşlər 22-23 və 29-30 sentyabrda olacaq. AZ, "Benfika" və "Rapid" (Vyana) isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcəklər. 15 sentyabr Çempionlar Liqası III təsnifat mərhələsi 21:00. "Dinamo" (Kiyev, Ukrayna) - AZ (Niderland) - 2:0 Qol: Jerson Rodriges, 49 22:00. PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 2:1 22:30. "Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya) - 2:1 Qeyd edək ki, III təsnifat mərhələsinə bu gün 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Geri qayıt |