Əsas Səhifə > Dünya > Erməni kəşfiyyatının Azərbaycana qarşı qurduğu “satqınlar ordusu” - Planda NƏLƏR VAR?

Erməni kəşfiyyatının Azərbaycana qarşı qurduğu “satqınlar ordusu” - Planda NƏLƏR VAR?


6-03-2019, 18:00
 Azərbaycanı parçalamaq üçün erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadə həbs edildi. Ermənistan mediası və Avropada erməni lobbisinin təsiri altındakı təşkilatlar onun həbsini “insan haqları” fonunda təqdim etməyə cəhd göstərsə də, Azərbaycan dövləti bu addımla işğalçı Ermənistanın ərazi bütövlüyümüzə qarşı təhlükəli planlarını həyata keçirmək istiqamətindəki növbəti təxribatının qarşısını aldı. Lakin bununla erməni xüsusi xidmət orqanlarının planları sıradan çıxarıldımı? Xeyr. Fəxrəddin Abbaszadə bu planda yer alan satqınlardan yalnız biridir.
 Ermənistanın Azərbaycanı parçalama planı: işğalçı ölkə bu planlarını gizlətmir, açıq, yaxud gizli formada davam etdirir. Hədəf məlumdur: parçalanacaq Azərbaycanın hesabına Ermənistan ərazilərinin genişləndirilməsi; Dağlıq Qarabağın işğalına tam zəmanətin təmin edilməsi;

Bütöv və güclü Azərbaycan Ermənistanın nəinki uzaq perspektivə hesablanmış işğal planlarının qarşısında maneədir, həm də bu gün Ermənistanın iqtisadi və siyasi məngənədə sıxılaraq, kiçilməyə doğru getməsində başlıca faktordur. Xüsusilə Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətdə Azərbaycan dövlətinin davamlı siyasəti işğalçı ölkənin bütün məkrli planlarını alt-üst edir.

Və bu maneəni aradan qaldırmağı xəyal edən ermənilər klassik silahı işə salırlar: satqınların tapılması və istifadə edilməsi.

Erməni xüsusi xidmət orqanları belə satqınları tapır, ardınca erməni diasporu/lobbisi dövriyyəyə girir və onları pul, o cümlədən, müxtəlif vədlərlə ələ alır. Hərçənd, F.Abbaszadə kimilərin timsalında bu satqınlar satılmaq üçün bazara çıxarılmış hazır məhsul kimidirlər, təki onları alan olsun.

Proseslərin analizi göstərir ki, Ermənistan bu satqınlara təlimatların göndərildiyi məkan, erməni diasporu/lobbisi onların fəaliyyət göstərdiyi ölkələrdə maliyyə və siyasi dəstək verən qrup rolunu oynayır. Erməni xüsusi xidmət orqanları isə bu fəaliyyəti koordinasiya edir.

Rusiya və Avropa ölkələri, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra isə ABŞ: ermənilər satqınları Azərbaycana qarşı üç istiqamətdən hərəkətə keçirib.

Rusiya: bu ölkədə erməni diasporu/lobbisi Fəxrəddin Abbaszadə başda olmaqla satqınlardan ibarət qrup formalaşdırıb. Bu qrupa daxil olanlar uzun illərdir İrəvandan gələn təlimatlara uyğun olaraq Azərbaycan dövlətinə qarşı çağırışlar edirlər. F.Abbaszadə Rusiyada bu qrupun əsas fiquru sayılırdı. Təsadüfi deyil ki, onun Hollandiyada məskən salmış digər satqın Əlikram Hümbətovla bir müddət öncə baş vermiş pul davasında ermənilər birincini müdafiə etmiş, hətta Azərbaycana qarşı ideoloji təxribat qrupu olan “Pankurt” tərəfindən ikinci ağır ifadələrlə təhqir olunmuşdu. Bu, F.Abbaszadənin erməni xüsusi xidmət orqanları üçün daha “əhəmiyyətli fiqur” olduğunu göstərirdi. Mümkündür ki, F.Abbaszadənin “əhəmiyyətli” olması onun satqınlıq səviyyəsindən yox, yaşadığı Rusiyanın Azərbaycanla sərhəd olması və erməni xüsusi xidmət orqanlarının coğrafi yaxınlığın planlarını həyata keçirmək üçün geniş imkanlar yaratdığı düşüncəsindən irəli gəlirdi. F.Abbaszadənin həbsi ilə əlaqədar Ə.Hümbətovun Ermənistanın “lragir” saytında dərc olunan bəyanatı isə satqınların “daxili problemlərini” həll etdikləri görüntüsünü yaradır.

“Azərbaycanı regionun sabitliyi üçün əsas təhlükə adlandırması və bu təhlükəni birdəfəlik aradan qaldırmaq üçün ermənilər və ruslarla birləşməyin vacib olduğunu” deyən, o cümlədən, “Azərbaycan dağıdılacaq” tipli çağırışlar edən F.Abbaszadə son dövrlər Azərbaycan üçün “Osetiya ssenarisi”ni arzulayırdı. O, “Rusiya və Ermənistanın köməyi ilə Azərbaycanı parçalamağın mümkün olduğunu” deyir və bununla İrəvan mətbəxində hazırlanmış mesajı Moskvaya ötürürdü.

Moskva göz yaşlarına inanmadı” və bu satqın qanunvericiliyə uyğun olaraq, Azərbaycana təhvil verildi. Dünənə qədər ermənilərin yatağından çıxmayan və Azərbaycan dövlətini dağıtmaq xəyalları quran bu xain qanun qarşısında cavab verməli olacaq: Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri üzrə cinayət işi açılıb.

Lakin F.Abbaszadənin həbsi Rusiyada erməni xüsusi xidmət orqanları ilə “nikaha” girənlərin birinci halqasının sıradan çıxarılmasıdır. Və burada sual yaranır: ermənilər Abbaszadəni kiminlə əvəzləyəcək?

Bu sualın cavabında iki satqının adı diqqət çəkir: İsmayıl Şabanov və Zahirəddin İbrahimi.

İsmayıl Şabanov V.P.Qoryaçkina adına Moskva dövlət kənd təsərrüfatı universitetini bitirdikdən sonra uzun müddət aqronom kimi çalışıb. Həmçinin, SSRİ-də komsomol və partiya işində fəal olub. SSRİ-nin dağılmasından sonra isə Rusiyada erməni xüsusi xidmət orqanlarının nəzarətinə keçərək Azərbaycana qarşı planlarda yer alıb. 2013-cü ildən sonra o, xüsusilə fəallaşıb. Hələ o, vaxt Şabanov Milli Şuraya dəstək mesajı ünvanlamışdı. Məlumatlara görə, o, bu dəstəklə Mili Şuranın yaradılmasının “xaç atası” olan “Milyarderlər İttifaqı”ndan maliyyə dəstəyi almağı düşünürmüş. Şabanov 2015-ci ildə Rusiya və Türkiyə arasındakı təyyarə qalmaqalı zamanı yenidən meydana atıldı. Rusiya telekanallarının birində verilişə qatılan Şabanov Türkiyənin Rusiya təyyarəsini vurmaqla terrora dəstək verdiyini, Azərbaycanın da Türkiyəyə dəstək verməklə eyni addım atdığını iddia etdi. Bir il sonra onun səsi Əlikram Hümbətov və Fəxrəddin Abbaszadə ilə birlikdə İrəvandan gəldi. İ.Şabanov 2016-cı ilin 3 mart tarixində İrəvandakı “Ani Plasa” hotelində keçirilən “Azərbaycanda yaşayan köklü xalqlar: reallıqlar və perspektivlər” adlı konfransa canlı bağlanaraq, ermənilərə dəstəyini nümayiş etdirdi.

Daha sonra onunla Fəxrəddin Abbaszadə arasında erməni diasporunun ayırdığı pulların bölüşdürülməsi uğrunda açıq mübarizə başladı. Bu, mübarizədən erməni xüsusi xidmət orqanlarının “gözü” olan Abbaszadə qalib çıxdı və Şabanov oyundan kənarda qaldı. Onun İrəvandakı konfransa qatılmasının hədəfi də ayrılan puldan öz payını almaq idi. Buna nail ola bilməyən İ.Şabanov İrandan dəstək almaq üçün “tat kartı”nı oynamağa başladı və bu gün də eyni istiqamətdə hərəkət edir. Lakin F.Abbaszadənin Rusiyada saxlanılmasından sonra Şabanov bu ölkədəki satqınların koordinasiyasını üzərinə götürmək cəhdləri edir. Görünür, Abbaszadənin sıradan çıxarılması onun önündə qapıları açıb. Mümkündür ki, erməni xüsusi xidmət orqanları Abbaszadənin Azərbaycana təhvil verilməsinə qədər onun təcridxanadan çıxa biləcəyi ümidi ilə gözləyirmiş, lakin bu, baş tutmadığına görə, hazırda əsas “stavka” Şabanova verilə bilər. Şabanov da illərdir bu günü gözləyirdi.

- Zahirəddin İbrahimi Azərbaycana qarşı əsasən Ermənistan mediasından tribuna olaraq istifadə edir. Özünü “politoloq” kimi təqdim edən bu satqın Əlikram Hümbətov tərəfindən ermənilərlə birlikdə işğal altındakı Şuşa şəhərində yaradılan qondarma radioda çıxışlar edir, Azərbaycana qarşı təxribat fikirləri səsləndirir. Son dövrlər Z.İbrahiminin Azərbaycana qarşı təxribatçı məqalələri Rusiyada fəaliyyət göstərən “Realist” informasiya agentliyində yayımlanır. Bu agentliyin – realtribune.ru – ofisi Moskvada Varşava şosesində yerləşir, baş redaktoru Sarkis Saturyandır. Z.İbrahimi agentlikdə fevralın 22-də dərc olunan məqaləsində Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakı” tezisini müdafiə edir, Azərbaycan torpaqlarında ermənilər tərəfindən yaradılmış separatçı rejimin “müstəqil” olması fikrini irəli sürür. Erməni xüsusi xidmət orqanları İ.Şabanovla yanaşı Z.İbrahimini də “satqınların lideri” olaraq önə çıxara bilər.

Avropa: Hollandiyada yaşayan Əlikram Hümbətov ermənilərin Avropa üzrə Azərbaycana qarşı istifadə etdikləri satqınların əsas kuratoru rolunu oynayır. Hümbətov 2004-cü ildən sonra Hollandiyaya köçüb və aktiv şəkildə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. O, İrəvana mütəmadi səfərlər edir, o cümlədən, işğal altındakı Dağlıq Qarabağa da gedərək Azərbaycana qarşı çağırışlar edir. Onun satqılığı bütün Azərbaycanda məlumdur. Lakin 2010-cu ildən sonra Ə.Hümbətovun fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri “demokratik missiyasıdır”.

Onun oğlu Tural Hümbətovun rəhbərlik etdiyi CODA (Committee Outlines of Democracy in Azerbaijan) “Azərbaycanda Demokratiya Komitəsi” adlı təşkilat 2010-cu il 19 may tarixində Hollandiyada qeydiyyatdan keçib. Təşkilat “Azərbaycanda demokratiyanın müdafiəsi” adı altında kampaniyalar keçirir.

Erməni xüsusi xidmət orqanları tərəfindən Hümbətovlar ailəsinə tapşırılmış “demokratiya missiyası”nın cari və gələcək olmaqla iki hədəfi var: cari hədəf Avropada, xüsusilə Hollandiyada yaşayan azərbaycanlı “siyasi mühacirləri” CODA-nın çətiri altına toplamaq; gələcək hədəf Azərbaycanı məhz “demokratiya” adı altında parçalamaq; (https://asifnerimanli.wordpress.com/2019/02/13/erm%C9%99ni-k%C9%99sfiyyatinin-muhacir-ovu-v%C9%99-separatcilarin-qarabag-planinda-yeri/).

Bu fakt təsdiqləyir ki, Ermənistan indiyə qədər satqınları koordinasiya edən Ə.Hümbətovun Avropadakı bütün azərbaycanlılara nəzarət edən “fiqura” çevirməyi planlaşdırır.

ABŞ: Ermənistanda Rusiyayönümlü Sarkisyan hakimiyyəti devriləndən və rəhbərliyə Qərbyönümlü Nikol Paşinyan gələndən sonra erməni xüsusi xidmət orqanları erməni lobbisinin güclü olduğu okeanın o tayında satqınların aktivləşdirilməsi prosesinə start verib. Bu, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiyanın öz torpaqlarındakı ermənilərə münasibətinin əvvəlki kimi olmadığından irəli gəlir, o cümlədən, burada ermənilərin ABŞ-Rusiya qarşıdurması və “şərq ekspedisiyası”ndan istifadə etməklə öz planlarını həyata keçirmək niyyəti yatır.

Ermənilərin okeanın o tayında dövriyyəyə saldığı satqın Yusif Sərdarzadədir. Feysbuk hesabında 1980-ci ildə doğulduğu qeyd olunan Y.Sərdarzadə Kolorado ştatının Denver şəhərində yaşayır, ABŞ Futbol Federasiyasının (U.S. Soccer) yerli nümayəndəliyində işləyir.

Denver şəhərinin Azərbaycanın işğal edilmiş ərazilərində ermənilər tərəfindən yaradılan qondarma “DQR”-in “müstəqilliyini” tanıdığı faktı diqqətdən qaçmır.

Y.Sərdarzadə sosial şəbəkələrdə Azərbaycana qarşı F.Abbaszadə, Ə.Hümbətov kimi satqınların iddialarını irəli sürür, “Dağlıq Qarabağ xalqının” Azərbaycana qarşı vuruşaraq, “müstəqilliklərini” qazandıqlarını deyir və bunu müdafiə edir. Son dövrlər Ermənistan KİV-i və satqınların ermənilərlə birgə yaratdıqları “televiziya” və “media orqanları” Y.Sərdarzadənin təbliğatını aparır.

Sərdarzadənin sosial şəbəkə hesabında paylaşdığı xəritədə Azərbaycanın cənub bölgəsi ayrıca “ölkə” kimi təqdim olunur, maraqlıdır ki, İran sərhədləri daxilindəki Gilan və Ərdəbil bölgələri də bu xəritəyə qatılıb. Bu, ABŞ-n İranla bağlı planları fonunda diqqət çəkir və mümkündür ki, ermənilər çirkin planlarını həyata keçirmək üçün belə satqınların dili ilə Vaşinqtona “eyni cəbhədə” olduqları mesajını ötürürlər. Məqsəd ABŞ-ın İrana qarşı gələcək hücumu zamanı öz paylarını almaqdır.

Bu faktlar təsdiqləyir ki, erməni xüsusi xidmət orqanları erməni diasporu/lobbisi ilə birlikdə Azərbaycana qarşı “satqınlar ordusu”nun traektoriyasını genişləndirir. F.Abbaszadənin həbsi bu planlara ilk və ağır zərbə oldu, lakin bundan sonra baş verəcəklər, xüsusilə Rusiyada Abbaszadənin yerinə hansı satqının gətiriləcəyi, Avropada məhz satqınların əli ilə həyata keçirilən “siyasi mühacir” ovu və ABŞ-da Y.Sərdarzadənin timsalında nələrin baş verəcəyi diqqətlə izlənilməlidir.

Asif Nərimanlı - https://asifnerimanli.wordpress.com/
Geri qayıt