Əsas Səhifə > ELM VƏ TƏHSİL > NAZİR YENİ TƏDRİS İLİ İLƏ BAĞLI SON QƏRARLARI AÇIQLADI

NAZİR YENİ TƏDRİS İLİ İLƏ BAĞLI SON QƏRARLARI AÇIQLADI


28-08-2020, 00:05

 

Təhsil naziri Emin Əmrullayev, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni təhsil ilinə hazırlıqla bağlı bu dəqiqələrdə mətbuat konfransı keçirirlər.

Tədbirdə pandemiya dövründə məktəblərin, uşaq bağçalarının, universitetlərin açılıb-açılmayacağı, tədris prosesi başlayacaqsa bunun hansı formada təşkil olunacağı ilə bağlı məlumat verilir.

Ən səmərəli seçim...

Təhsil naziri Emin Əmrullayev nazirliyin təklif və planları haqda məlumat verib. Bildirib ki, martın 3-də ilk yoluxma halı qeydə alınandan sonra təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, tədris onlayn qaydada davam etdirilib. Növbəti tədris ili başlamamışdan əvvəl hamını maraqlandıran sual tədrisin olacağıdır.

Sentyabrın 15-də dərslər başlayır

Nazir bildirib ki, təhsil alan və təhsil verənlərin yaş xüsusiyətləri tədrisin təşkilində nəzərə alınmalıdır. Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır. Sentyabrın 15-də tədris müəssisələrində tədris bərpa edilir. O qeyd edib ki, avqustun 25-nə olan məlumata görə, 134 ölkədə təhsillə bağlı qərar verilib. 63 ölkədə məktəblər açılıb, 54 ölkədə məktəblərin açılacağı tarix bəlli olub, 34 ölkədə isə bu istiqamətdə hələ də müzakirələr aparılır.

Uşaq bağçaları açılır

Uşaq bağçaları ilə bağlı təklif odur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən başlayaraq bərpa edilsin. Nazir deyib ki, ilk növbədə o yerlərdə ki, virusun yayılma səviyyəsi azdır, orada uşaq bağçaları fəaliyyətə başlasın.

Məktəbəqədər qruplarda tədrisin başlanması...

Əmrullayev bildirib ki, oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla, məktəbəqədər qruplarda tədrisin başlanması planlaşdırılır: "Noyabrın 2-nə qədər bu rejimdə işləyə bilsək, bu, müəyyən mənada uğur hesab edilə bilər. Bu il 120 min uşağın məktəbəqədər qruplarda təhsil alması planlaşdırılır".

İbtidai siniflərlə bağlı təkliflər...

Sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla ibtidai siniflərdə tədrisin başlaması təklif edilir. E.Əmrullayev bildirib ki, 1-ci sinif şagirdlərinin həftədə 3, digər sinif şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi təklif edilib. Təklif qəbul olunsa, ibtidai siniflərdə təhsil alan 650 min uşaq dərsə gedəcək. Bu qrupun 257 min nəfəri Bakı, Sumqayıt şəhərlərində, Abşeron ərazisinə düşür. Bu ərazilərdə isə epidemioloji vəziyyət gərgindir.

5-9-cu siniflərin dərsləri oktyabradək onlayn keçiriləcək

Sentyabrın 15-dən orta məktəblərin 5-9-cu siniflərində dərslər onlayn qaydada başlayacaq. Oktyabrın 1-dən 5-9-cu siniflərin məktəbə əyani şəkildə dərsə gəlməsi planlaşdırılır. Epidemioloji vəziyyət imkan verərsə, 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış qaydada tədrisə cəlb etmək nəzərdə tutulur. Orta məktəblərin 10 və 11-ci sinif şagirdlərinin isə məktəblərə oktyabrın 15-dən qayıtması planlaşdırılır. Sentyabrın 15-dən qeyd olunan siniflər üçün tədris onlayn olacaq.

Ali məktəblərdə dərslər başlayır

Ali məktəblər sentyabrın 15-dən distant qaydada fəaliyyətə başlayacaq. Nazir bildirib ki, oktyabr ayından 1-ci kursa qəbul olunmuş tələbələrin ənənəvi qaydada müəyyən universitet və ali məktəbləri ilə tanışlıq üçün gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və digər əyani təhsil üzrə tədris başlayacaq. Noyabrın 2-dən bu məsələyə yenidən baxıla bilər.

Valideynlər qərar verəcəklər

Əmrullayev əlavə edib ki, distant təhsil paralel davam etdirildiyinə görə valideynlərin uşaqlarını məktəbə göndərib-göndərməmək seçimi tanınır. Belə ki, bu seçim valideynlərin öhdəsinə buraxılır: "Əgər hansısa ailədə kiminsə qızdırması varsa, şagirdin məktəbə gəlməməsinin tərəfdarıyıq".

Bədən tərbiyəsi dərsi ilə bağlı təkliflər var

Nazir deyib ki, məktəblərdə bufetlər, eləcə də ayrı-ayrı kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müvafiq qaydalar hazırlanacaq. Soyunub-geyinmə otaqları imkan vermirsə, bədən tərbiyəsi dərsləri təxirə salına bilər. Bununla bağlı Operativ Qərargahla birgə işlənilir, ictimaiyyətə məlumat veriləcək.

Təhsil naziri məlumat verib ki, ölkədəki 4 439 məktəbdən cəmi 182-də 1 500 və ya daha çox şagird təhsil alır. Ümumiyyətlə, 2 335 məktəbdə şagird sayı 200 nəfərdən azdır. 2 104 məktəbdə şagird sayı 200 nəfərdən çoxdur: "Yəni şagird sıxlığı ilə bağlı ölkə səviyyəsində elə də ciddi problemlə üzləşəcəyimizi düşünmürük. Amma 338 sinifdə şagird sayı 40-dan yuxarıdır. Bunlar bizə problemli siniflər kimi görünür, o mənada ki, bu siniflərdə şagirdlərin 2-yə və ya 3-ə bölünməsi sualı var. Yerdə qalan 99,5 faiz sinifdə şagird sayı 40-dan aşağıdır. Yəni həmin siniflərdə yarım qruplardan danışanda, 20 nəfərdən az şagird haqqında danışırıq. Şagird sayının 30 nəfərdən az olduğu siniflər təxminən 93,3 faiz təşkil edir. Ümumilikdə şagird sıxlığı bir çox siniflərdə problem deyil".

Uşaqların koronavirusa yoluxma faizi aşağıdır

Bunu isə nazirin müşaviri Rüstəm Ağayev deyib. Onun sözlərinə görə, dünyada uşaqlarda virusa yoluxma 1-2 faizdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, 12 yaşdan kiçik uşaqların maska taxması məcburi deyil. Bu məsələ valideynin səlahiyyətinə buraxılır. 12 yaşdan yuxarı şəxslərin isə maska taxması tövsiyə olunur.


Şəffaflıq.az
Geri qayıt