Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > “Azərsu” yeni reydlər keçirib
“Azərsu” yeni reydlər keçirib19-08-2020, 20:16 |
Prezident İlham Əliyevin içməli su sektorunda israfçılıq və su itkilərinin qarşısının alınması barədə tapşırıqlarının icrası məqsədilə “Azərsu” ASC nəzarət-yoxlama tədbirlərini davam etdirir. Şəffaflıq.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qruplar gücləndirilmiş iş rejimində çalışaraq gün ərzində və gecə saatlarında reydlər keçirir. "Abşeron yarımadasındakı sukanal idarələrinin xidməti ərazilərində, eyni zamanda regionlarda aparılan nəzarət tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən magistral su kəmərlərinə, paylayıcı şəbəkələrə, yanğın hidrantlarına qanunsuz müdaxilə faktları aşkarlanıb. Son bir həftə ərzində istixana, marketlər şəbəkəsi, mənzil-tikinti koopertaivləri, quşçuluq müəssisəsi, gözəllik salonları, ət kəsimi və avtoyuma məntəqələrində sudan uçotsuz istifadə və sayğacdankənar su xətlərinin çəkilməsi halları müəyyən edilib. Abşeron rayonu Masazır qəsəbəsində gecə saatlırında keçirilən reyd zamanı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan su təchizatı sistemindən avtoyuma məntəqəsinə qeyri-qanuni xəttin çəkilməsi aşkar olunub. Hökməli qəsəbəsində isə sudaşıyan maşınlara suyun doldurulmasının qarşısı alınıb. Xəzər rayonu Mərdəkan qəsəbəsində su satışı ilə məşğul olan şəxs yanğın hidrantından qanunsuz su doldurarkən yaxalanıb. Aparılan nəzarət tədbirləri çərçivəsində Abşeron, Binəqədi, Sabunçu rayonlarında OBA və Almarket şəbəkələrinə məxsus bir neçə mağazada, eləcə də Bakı-Sumqayıt yolunun kənarındakı Super marketdə sudan uçotsuz istifadə hallarının qarşısı alınıb. Ceyranbatan-Maştağa yüksək təzyiqli magistral su xəttinin Ramana qəsəbəsindən keçən hissəsində 110 mm diametrli borularla qeyri-qanuni xətt vasitəsilə götürülən sudan ərazidəki istixana kompleksində suvarma məqsədilə istifadə edildiyi məlum olub. Magistral xəttin Savalan yaşayış massivindən keçən hissəsində isə bir qrup şəxs kəmərə müdaxilə edərək ərazidə süni sututar yaradaraq heyvanların sulanması üçün istifadə edib. Ən çox müdaxilə hallarına qəsəbələrin inkişaf ərazilərində, yeni salınan massivlərdə rast gəlinir. Belə ki, Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsinin sakinləri tərəfindən özbaşına, tikinti normalarına cavab verməyən su şəbəkəsinin yaradılması və magistral xəttə qoşulma faktı aşkarlanıb. Xəzər rayonu Binə qəsəbəsində aparılan nəzarət tədbirləri zamanı vətəndaşların xüsusi texnikaların köməyi ilə xəndəyin qazılması və uzaq məsafədən su xəttinin çəkilməsinə hazırlıqların görüldüyü aşkar edilib. Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib. Eyni zamanda içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə vətəndaşlar və sahibkarlar ətraflı məlumatlandırılıb. Qeyd edək ki, texniki imkanlar nəzərə alınmadan su təchizatı sistemlərinə özbaşına qoşulma halları israfçılıq və itkilərlə yanaşı, yaşayış məntəqələrinin içməli su təchizatının dayanıqlığını pozur və bəzi abonentlərin su təminatını pisləşdirir. Vətəndaşları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək, sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq və hər bir hal üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə qurum bəyan edib. Geri qayıt |