Əsas Səhifə > Gündəm > Şamaxının millət vəkili rayonun gənclərilə video konfrans keçirib

Şamaxının millət vəkili rayonun gənclərilə video konfrans keçirib


13-08-2020, 11:00

 

Millət vəkili Tamam Cəfərova 12 avqust 2020-ci il tarixdə Şamaxı rayonunun fəal gəncləri ilə “Beynəlxalq gənclər günü” münasibətilə video konfrans keçirib.
 
Tamam Cəfərova çıxışının əvvəlində bu gün bir ayı tamam olan Tovuz döyüşlərindəki möhtəşəm qələbəmiz və şəhidlərimiz haqqında ətraflı məlumat verdi və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra qeyd olundu ki, gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar, onlar kimi şücaətli, mərd, qorxmaz olmalıdırlar.

Bundan əlavə, millət vəkili gəncləri “Beynəlxalq gənclər günü” münasibətilə təbrik etdi və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən qayğıdan, ölkəmizdə aparılan gəncləşmə siyasətindən, gənclərə göstərilən böyük etimaddan danışdı.

Tamam Cəfərova həmçinin, gənclərə ölkəmizdə koronavirus pandemiyası ilə aparılan mübarizə haqqında ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan dünyada koronavirus pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdəndir. O, qeyd etdi ki, pandemiyanın ilk günlərindən cənab Prezident İlham Əliyevin rəhbərliyilə kompleks, qətiyyətli tədbirlər həyata keçirilməyə başlandı və xəstəliyin yayılmasında bugünkü müsbət dinamika da məhz bu siyasətin məntiqi nəticəsidir. Xüsusi vurğulandı ki, cənab Prezidentin tapşırığı ilə insanların sağlamlığının qorunması ilə yanaşı, həm də onların məşğulluğunun və sosial rifahının qorunması istiqamətində də tədbirlər planı həyata keçirildi və bu işlər davam etdirilir.

Pandemiya ilə mübarizədə gənclərimizin də fəaliyyətinə toxunan millət vəkili 2020-ci ilin könüllülük ili elan olunması və könüllülük hərəkatının əhəmiyyəti haqqında fikirlərini bildirdi.

Konfransda Şamaxı “Şəffaflıq” media qrupunun təsisçisi və baş redaktoru Vahid İsmayılov, Şamaxı rayonu İctimai Nəzarət Koalisiyasının sədri Nuranə Məmmədova, Şamaxı 10 saylı məktəbin müəllimi Toğrul Şıxıyev və Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı Filialının tələbələri Bayramova Zahidə, Məmmədova Əsma, Ağayev Daşqın məruzələrlə çıxış etdilər.

Sonda Tamam Cəfərova gənclərin suallarını cavablandırıb və onların təkliflərini dinləmişdir.

 
Şəffaflıq.az
Geri qayıt