Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Nazir açıqladı-Bu şəxslər ayda 400 manat alacaqlar ...
Nazir açıqladı-Bu şəxslər ayda 400 manat alacaqlar ...25-02-2019, 21:20 |
Sosial müavinətlərin artırılması ilə bağlı sərəncamla əlillərin aldığı vəsait ciddi şəkildə artacaq. Şəffaflıq.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, bununla da sosial müavinətlər 120-130 faiz artmış olacaq. "Bu sərəncamla birinci qrup əlilliyi olan şəxslər üçün müavinət 82 manatdan 150 manata , eyni kateqoriyadan olan vətəndaşlara verilən prezident təqaüdü isə 73 manatdan 100 manatadək artırılacaq. Aprelin 1-dən etibarən birinci qrup əlillər 300 manat müavinət alacaqlar. Ümumi səbəbdən ikinci qrup əlilliyi olan şəxslərin müavinəti 61 manatdan 130 manat, üçüncü qrup əlilliyi olanlara 52 manatdan 110 manata çatdırılıb. Birinci qrup müharibə əlilləri 150 manat sosial müavinət alacaq, prezident təqaüdləri artırılaraq 250 manata çatdırılacaq. Beləliklə, ümumilikdə birinci qrup müharibə əlilləri ayda 400 manat vəsait alacaqlar. İkinci qrup müharibə əlilləri cəmi 360 manat, üçüncü qrup müharibə əlilləri isə 320 manat müavinət alacaq. Birinci qrup əlillərə qulluq edən şəxslərə əlavə 50 manat dəyərində əlavə vəsait veriləcək". Nazirin sözlərinə görə, sağlamlıq imkanı məhdud olan 18 yaşadək uşaqlar 82 manat alırdılarsa, bu rəqəm indi 150 manata çatdırılır, onlara qulluq edənlərə əlavə 50 manat müavinət veriləcək: "Beləliklə sağlamlıq imkanı məhdud olan uşaqlar üçün dövlətin ayırdığı vəsait 200 manata çatdırılıb, bu rəqəm hazırda 82 manatdır. Bu, ümumilikdə əlilliyi 256 min vətəndaşı əhatə edir. Sosial müavinətlərə əlavə olaraq 250 milyon, təqaüdlərdə isə 26 milyon artım olacaq. Əlilliyi olan şəxslərə pensiyalarla birlikdə artım ümumilikdə 300 milyon manatdır". S.Babayev bildirib ki, həmçinin sosial müavinətin məbləğinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin isə 146 manatdan 300 manata çatdırılması üçün normativ hüquqi aktların layihələri nazirlik tərəfindən hazırlanaraq qeyd olunan müddətdə dövlət başçısına təqdim olunacaq: "Bu gün imzalanan sərəncam eyni zamanda Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Yaşa görə müavinət 73 manatdan 130 manata artırılır". Geri qayıt |