Şəffaflıq.az xəbər verir ki, Konfransı giriş sözü ilə Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov açaraq mövzu ilə bağlı məlumat verdi. Vətənpərvərlik mövzusu hər zaman gənclər siyasətinin əsas tərkib hissəsi olmuşdur. Gənclərimizdə vətənpərvərlik tərbiyəsi hisslərini aşılayan bugünkü tədbirimiz də bu baxımdan təqdirə layiqdir. Ötən ay ölkəmizin Tovuz ərazisi istiqamətinə edilən təxribatlarla bağlı baş vermiş hadisələr bu səpkili tədbirlərin keçirilməsini zəruri hesab edir.
Çıxış üçün söz ilk öncə Videokonfransda iştirak edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarova verilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov bildirib ki, Azərbaycanda həyata kelçirilən ordu quruculuğu işindən qürurla danışmaq olar. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlər bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Azərbaycan ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji əhval-ruhiyyəsi işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük inam yaradır.
Sonra Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Şamaxı rayon şöbəsinin rəsmisi çıxış edərək qeyd etdi ki, döyüşə getmək üşün müraciət edənlərin sayı respublika üzrə əlli mindən artıq olub.
Daha sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və Veteranları çıxış edərək bugünkü mövzunun vacibliyindən danışdılar və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsində ilk öncə qeydiyyatdan keçərək, bir gün sonra birbaşa Tovuz rayonuna gedib ordumuzun müdafiəsinə qalxdıqlarından söz açdılar. Belə ki, ötən ay Tovuzda baş verən hadisələrlə bağlı, Qarabağ qaziləri, veteranları ilə yanaşı gənclərimizin də, torpaqlarımızın müdafiəsinə qalxması üçün qeydiyyatdan keçmələri, Ali Baş komandanın əmrinə hər an hazır olmaları onlarda bu ruhun nə qədər güclü olduğunun bariz nümünəsidir.
Konfrans zamanı gəncləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.
Konfransa Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov yekun vuraraq gənclərə öz tövsiyyələrini verdi.
Maraqlı keçirilən müzakirələrlə yadda qalan tədbirin baş tutmasında bütün iştirakçılara, çıxışçılara, Qarabağ Müharibəsinin veteran və qazilərinə, o cümlədən Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət müəllimə təşəkkür edirik.
Şəffaflıq.az