Əsas Səhifə > Gündəm / Cəmiyyət > Rasim Balayev: “Afətdə təqsir yoxdur, təqsir onu televiziyaya çıxaranlardadır” – MÜSAHİBƏ

Rasim Balayev: “Afətdə təqsir yoxdur, təqsir onu televiziyaya çıxaranlardadır” – MÜSAHİBƏ


24-02-2019, 18:18
 Açığı, xalq artisti Rasim Balayevi müsahibəyə razı salmaq çətin oldu. “Mən nə danışa bilərəm axı, ortada bir iş olsun ki, danışasan. İş də ki, yoxdur. Danışanda da kimlərinsə acığına gəlir, bəyənmirlər. Danışmağımın da əhəmiyyəti yoxdur. Səlahiyyət sahibi deyiləm…”  Bu sözləri xalq artisti Rasim Balayev deyir, telefonda. Ancaq sağ olsun, razılaşır, könülsüz də olsa, “saat dörddə Şüvəlanda ol” deyir…
Nə gizlədim, yolboyu içimdə narahatlıq vardı, qorxurdum birdən gedib Şüvəlana çataram, telefonu açmaz, ya da fikrindən daşınar, əlim ətəyimdən uzun geri qayıdaram… Telefonda Rasim Balayevin səsləndirdiyi Quranı qoşub, yolboyu dinlədim – toxtaqlıq üçün yəqin ki. İnsan belədir: elə ki, işi çətinə düşür, onda sarılır müqəddəslərə…
Və budur – Şüvəlan. Zəng vurub çatdığımı deyirəm. Bir qədər sonra Rasim Balayev də gəlir. Maşından düşür və hal-əhval tutar-turmaz danışmağa başlayır. İlk addımlarını atan ONA-ya danışmağa başlayır…
“Deyirlər ki, qocalıb, boş-boş danışır”
– “Nəsimi ili”dir deyə, tez-tez harasa çağırırlar, görüş keçirmək, müsahibə almaq istəyirlər. Vallah, çatdıra bilmirəm. O gün məktəblərin birində mənimlə görüş keçirildi. Qonşu məktəblərin direktorları da xəbər tutub gəlmişdilər. Bilirsən, danışmağa söhbət də yoxdur e. Gərək bu söhbətlərin nəticəsi olsun. Nəticə olmayanda öz-özünə danışmış kimi olursan. Deyirlər ki, qocalıb, boş-boş danışır. Kinodan söhbət düşür, öz fikirlərimi deyirəm. Özü də əvvəldən elan edirəm ki, bu mənim subyektiv fikrimdir. Ola bilsin, düz deyil, kimsə mənimlə razılaşmaya da bilər. Səhvdir, ya düzdür – mən belə fikirləşirəm…
…Spontan alınmış bu söhbəti kəsmək istəmirəm. Və biz elə ayaq üstəcə söhbətə davam edirik:
– Kino barədə nə deyirsiniz ki, acıqlarına gəlir?  
– İyirmi-otuz il bundan qabaq fikirləşirdim ki, Allah ömür versə, axıra qədər filmlərə çəkilərəm. Başqa sənətlərdən fərqli olaraq, aktyor qocalanda da işləyə bilir. Məsələn, balet oynayanlar 30-32 yaşlarında təqaüdə çıxırlar. Bizim sənətdə isə nə qədər yaşlansan da, rol var. Əvvəl cavanı oynamışam, indi də qocanı oynayaram. Çox təəssüf, elə bir dövr yetişdi ki, mənim kimi 40 ilə yaxın kamera qarşısında olan adam birdən-birə kinosuz qaldı. Özü də mən təkcə Azərbaycanda yox, Orta Asiyada, Rusiyada, Türkiyədə – hər yerdə çəkilirdim, ilin necə keçməyini bilmirdim. Belə bir adamın indi evdə oturması çox ağırdır. Düzdür, burda konkret günahkar yoxdur, situasiya belə gətirib.
– Heç olmasa, seriallara da dəvət etmirlər?
– Dəvətlər vardı. Deyirəm, ssenarini verin oxuyum. Deyirlər, bizdə ssenari yoxdur. Ssenarini biz çəkiliş qurtarandan sonra yığışıb kollektiv yazırıq. Elə şey olar?
– Bilirsiniz, seriallar reytinqlərə hesablanır deyə, ssenari sabit olmur, çəkiliş vaxtı müəyyənləşir. Bəlkə Siz bu yeniliklərə adaptasiya ola bilmirsiniz?
– Olsun. Amma ortada sənət olmalıdır. Aktyor oyunu, rejissor işi olmalıdır, daha xaltura yox. Özü də mən öyrənirəm, bu seriallara heç kim tərəfindən konkret məbləğ verilmir, birindən 500 manat alırlar, o birindən 1000 manat.
– Sponsorla çalışırlar…
– Sponsor da birdən-birə 50 min, 100 min vermir. Şirkətin böyüyü gəlir, 1000 manat verir, çıxıb gedir. Nədir-nədir, məhsulu reklam olunacaq. Mən hələ yaradıcılığı qoyuram bir kənara, seriallarımızın bu cür maliyyə problemləri var. Serilalar bu cür çətinliklərlə pul tapırlar, ona görə aktyorlara da çox az qonorar verirlər. Mən bu yaxında Moskvada oldum. Orda Müslüm Maqomayev haqqında film çəkilirdi.
“Rusiyada Müslüm Maqomayevin əmisi roluna çəkilmişəm”
– Müslüm roluna çəkildiniz?
– Müslümün əmisi roluna çəkildim. Müslümün atası müharibəyə gedib gəlməyib, onu Camal əmisi saxlayıb. Məni də bu rola dəvət etdilər.
– Serial olacaq?
– ORT çəkib. Mən biləni, üç seriya olacaq. Orda aktyorlarla söhbət elədim. Bir seriala çəkilir, o pula Rublyovkadan ev alırlar. Yəni çox böyük qonorarlar verilir aktyorlara. Buna görə çəkildikləri seriallar da keyfiyyətli olur.
– Bizim serialları necə, izləmisinizmi? Necədir?
– Bir-iki dəfə izləmişəm, görürəm ki, çevir tatı, vur tatıdır. Bizim seriallarda sənət əlaməti yoxdur. Ümumiyyətlə, yaradıcılığın mənası olmalıdır və bundan tamaşaçı ibrət götürməlidir. Bizim seriallara 20-30 seriya baxırsan, nə demək istədiklərini bilmirsən.
– Heç türk seriallarına baxırsınız? Onlarda necədir?
– Mən vaxtilə iki türk filmində çəkilmişəm. Mənə dedilər ki, qal burda. O vaxt türk kinosu çox zəif, təsəvvür elə, hind kinoları səviyyəsində idi. Adamlar var, Bollivudu tərifləyirlər. Biz hind filmlərinə həmişə gülmüşük. Hə, o vaxt mənə dedilər ki, Türkiyədə qal, sənə ehtiyacımız var, sənin kimi aktyor bizə lazımdır. Deyirdilər, ayda 4-5 min dollar qazanacaqsan. 94-cü ildə 4-5 min dollar böyük pul idi.
– Razılaşmadığınıza görə peşmansınız?
– Yox, peşman deyiləm. Uşaqlarım məktəbdə oxuyurdular, onları yerbəyer eləmək lazım idi. Qala bilmədim və gəldim. Amma indi arabir televizoru vərəqləyirəm, görürəm ki, türk kinosunda xeyli dəyişiklik var. Düşünən-düşündürən aktyorları əmələ gəlib.
– Serialda da?
– Bəli. Orda böyük rəqabət gedir, aktyorlara da yüksək qonorar verirlər.
– Bəlkə bizdə aktyorlara az qonorar verildiyi üçün bu problemlər var?
– Aktyorun günahı yoxdur. Sən lap Mel Gibsonu gətir, xam rejissorun əlinə düşüb nə edəsidir? Kino axı individual sənət deyil. Vaxtilə Azərbaycan kinosunda professionallar yetişmişdi.
– Bəs bu ənənə niyə qırıldı?
– Pis-yaxşı, o vaxt sovet məktəbi vardı, oturuşmuş, müəyyən quruluş vardı. Bu sistem pozuldu, birdən-birə ictimai formasiyanı dəyişdik.
“Bu dövrə uyğunlaşan dramaturqlar, sənət adamları olmadı”
– Keçdik kapitalizmə…
– Kapitalizm də deyil, nə sosializmdir, nə kapitalizmdir. Bunun adı yoxdur. Amma bu dövrə uyğunlaşan dramaturqlar, sənət adamları olmadı. Deyirəm, kimlərinsə acığına gəlir. Bizdə də kino məktəbi açıblar, amma o nəticə yoxdur. Moskva Dövlət Kinematoqrafiya İnstitutu dünyada məşhurdur. Rejissor kurs işi çəkəndə belə ona peşəkar kino kameraları verirlər, peşəkar aktyorlar dəvət edilir. Və bunun qonorarı da institutun büdcəsindən ödənilir.
– Bizdə belə deyil?
– Bizdə videokamera ilə dərs keçirlər.
– Gənc aktyorlardan kimləri bəyənirsiniz?
– Adlarını bilmirəm, amma baxıb görürəm ki, filmlərdə, seriallarda yaxşı kino üzləri var, qabiliyyətləri də var. Ancaq bunları yönləndirmək lazımdır.
– Nə əcəb dərs demirsiniz?
– Mənə o vaxt təklif gəlmişdi. Gedib gördüm ki, tələbələrdə də həvəs yoxdur. Bu sənətə fədailik lazımdır, eşq lazımdır. Çox təəssüf ki, bu gün o eşqi görmürəm.
“Rol ala bilməməyim məndə depressiya yaratdı, xəstəxanaya düşdüm”
– Bildiyimə görə, sizi o vaxt bir neçə filmin sınaq çəkilişlərinə çağırıb, sonra qəbul etməyiblər. Bundan sonra depressiyaya düşüb xəstəxanada yatmısınız. Yalnız “Nəsimi” filminə dəvət alandan sonra sağalmısınız. Bu depressiya bəhs etdiyiniz həmin eşqdən irəli gəlib?
– O vaxt mənim istəklərim alınmadı. “Azdrama”da işləmək istəyirdim, götürmədilər. Dedilər, yer yoxdur, kütləvi səhnələrə gəlirsənsə, gəl. Mən də ora rolla getmək istəyirdim. O vaxt da “Azdrama”da, bilirsiniz, kimlər işləyirdi, necə nəhəng aktyorlar çalışırdı?
– Siz də cavan, iddialı…
– Hə, alınmadı. Elə oldu ki, bu dövrdə kinostudiyada ştat açdılar. Məni ora da şərtlə götürdülər. Ora ancaq məşhur aktyorları götürürdülər. Mənsə heç yerdə çəkilməmişdim. Rəhmətlik Ədil İsgəndərov dedi ki, səni götürürəm, sən bizə lazım oldun, oldun, amma bir ildən sonra gördün ki, bizə lazım deyilsən, mən sənə heç nə deməyəcəyəm, özün gəlib ərizəni yazıb gedərsən. Orda bir filmə düşdüm. O film də bağlandı.
– Bundan sonra depressiyaya düşdünüz…
– Bəli. Bu günə kimi Azərbaycan kinosunda çəkilişinə başlanıb bağlanan film olmayıb. Müslüm Maqomayev haqqında film çəkirdilər. Rejissor Arif Babayevlə bunların sözü düz gəlmədi, filmi bağladılar. Məni də ilk dəfə o filmdə rola təsdiq eləmişdilər. Ondan əvvəl də “Yeddi oğul istərəm”də, “Dəli Kür”də, “İstintaq davam edir”də yoxlanmışdım, amma keçməmişdim. Və ilk dəfə burda çəkilirəm, bu film də bağlanır. Havalandım. Bir yandan da atam rəhmətə getdi. Üstəlik, ailə qurmuşam, dolana bilməməyim – bunlar hamısı məndə depressiya yaratdı, xəstəxanaya düşdüm. Dünyadan küskün, heç nəyə ümidi olmayan bədbəxt insan… Xəstəxanada mənə “Nəsimi” filminin ssenarisini gətirdilər.
– Həsən Seyidbəyli gətirdi?
– Yox, özü gəlmədi. İkinci rejissor Əşrəf Mamayev gətirdi. Dedi ki, Həsən müəllim televiziyada şeir deyəndə səni bəyənib. Bu “Nəsimi”nin ssenarisidir, oxu, iki-üç gündən sonra gələcəyəm. Mən “Nəsimi” filminin çəkildiyini eşitmişdim və onu da eşitmişdim ki, ora çox məşhur aktyor çəkiləcək. Ora təcrübəsiz aktyor çəkmək olmazdı. Tamam ümidsiz idim, buna görə heç ssenarini də oxumadım. Üç-dörd gündən sonra Əşrəf gəldi. Soruşdu ki, oxudun? Yalandan dedim, hə, oxudum, amma Həsən müəllimə deyin, mənə ümid bəsləməsin. Mənim çox az ömrüm qalıb, sizi yarı yolda qoya bilərəm.
– O dərəcədə depressiyada idiniz yəni?
– Bəli. Əşrəf müəllim gedər Həsən müəllimə bunları deyər. Həsən Seyidbəyli də onda deputat idi. Səhiyyə naziri Hənifə Abdullayevə zəng vurar ki, yoldaş Adullayev, “Nəsimi” filminə bir cavan aktyor tapmışıq. Deyib ki, mənə ümid etməyin, bir iki-ay ömrüm qalıb. Mən xahiş edirəm, yaxşı həkimlərə göndərin, yoxlasınlar, görək, bu adam üzü bəridirsə, filmə çəkək, yox, üzü o yanadırsa, başımıza çarə qılaq.
Qəfil dayanır. “Bunları çox danışmışam”, – deyir. “Eybi yox, yenə danışın”, – deyirəm. Rasim müəllim danışdıqca öz-özümə düşünürəm ki, bu, bayaq müsahibə vermək istəməyən Rasim müəllimdir? Elə şövqlə danışır ki, sual vermək üçün güclə macal tapıram. Və mən bu şövqü, bu istəyi başa düşürəm. Bu, uzun illər kinosuz, kamerasız qalan adamın şövqü, tükənməz enerjisidir.
Nəsimi” filminə inamım yox idi”
– Bir də gördüm səhər-səhər xəstəxanaya hay-həşir düşdü. Dedilər, nazir gəlir. Ətrafında da Azərbaycanın nə məşhur həkimləri, yığıb gətirib. Bu qədər həkimi görəndə özüm də qorxuya düşdüm (gülür). Bunlar gəlib düz mənim çarpayımın yanında dayandılar. Dedim, görəsən, məndə nə xəstəlik tapılıb ki, bunlar məni müayinə eləməyə gəliblər? Lap qorxuya düşdüm. Dedim, yəqin, məndə elə xəstəlik var ki, ancaq yandırılmalıyam (gülür). Nə isə, onlar məni müayinə edib dedilər ki, onda heç nə yoxdur, adi nevrostenikdir. Bir müddət sonra məni evə yazdılar. Həsən Seyidbəyli xəbər yolladı, getdim, dedi ki, sənə putyovka aldırmışam, Mərdəkanda sinir xəstəlikləri sanatoriyası var, gedib orda qalacaqsan. Hər gün günorta ordan Kino İttifaqına gələcəksən, “Nəsimi” filmində olan vacib epizodları məşq edəcəyik. Bu minvalla biz iki aya yaxın məşq elədik.
– Sizi “Nəsimi” filmi xilas elədi, ya Həsən Seyidbəyli?
– Elə ikisi də. Mənim o filmə inamım yox idi. Çəkildim, çəkiləndən sonra məndə inam yarandı və o xəstəlik məndən sovuşub getdi.
– Taleyiniz də dəyişdi…
– Tamam dəyişdi. “Nəsimi” çəkilə-çəkilə mənə ev, yaxşı maaş verdilər. Onu başqa adam da oynaya bilərdi. Allah belə gətirdi ki, mən oynadım.
– 2019-cu il “Nəsimi ili” elan olunub. Bununla əlaqədar yenidən “Nəsimi” filmi çəkilsəydi, oynayardınız?
– Yox. Həm də məni çəkməzlər. Çünki yaşım uyğun gəlmir. Amma yaşlı vaxtını oynaya bilərəm. Cavanlığına yaramaram.
– Heç bir təcrübəsi olmayan cavan aktyora peşəkar aktyorlarla çəkilmək, özü də baş rola çəkilmək çətin deyildi?
– Açığı, çəkiliş vaxtı qorxurdum. SSRİ xalq artisti İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev… Mən bunların yanında necə oynayacam? Qorxurdum.
– Çəkiliş vaxtı hansısa kuryoz hadisə olurdu?
– Kuryoz deyəndə ki, çətinliklər olurdu. Qobustanda çəkiliş zamanı vaxtında su gətirmirdilər. Yanımızdan əqrəblər o yan-bu yana qaçışırdı. Naxçıvanda Əlincə çəkilişləri vaxtı kölgələnməyə bir dənə də ağac yox idi. Bir də görürdün, camaat girib maşınların altında sərinləyir. Biz də qalın əbalarda çəkilirdik. Cavanlıq idi də, dözürdük.
– Bayaq, deyəsən, Nəsimiyə görə tez-tez tədbirlərə dəvət edilməyinizdən şikayətləndiniz…
– O filmdə çəkilənlərdən mənəm, Şeyx Əbdüldür, Xalidə Quliyevadır, bir də Tofiq Mirzəyevdir, o da İsraildədir. “Nəsimi”də çəkilənlərdən sağ qalanlar bizik. Bir də mən baş rolu oynamışam deyə yada düşürəm. Mənim üçün xoşdur, amma bütün tədbirlərə çatdırıb gedə bilmirəm.
Nəsimi şeirinə Bollivud musiqisi yazmaq olmaz”
– Ancaq deyəsən, bundan sonra Nəsimi deyəndə Afət Fərmanqızı da yada düşəcək. Nəsiminin qəzəlinə mahnı oxuyan müğənnini deyirəm. Son vaxtlar bu mövzu gündəmdədir…
– Onda təqsir yoxdur, təqsir onu televiziyaya çıxaranlarda, studiyaya çağıranlardadır. O, toyda gedib oxuya bilər, amma televiziyada olmaz. Nəsiminin qəzəlini çırtma mahnısı eləmək olmaz. Düzdür, “Nəsimi” filmində də dərvişlər bir qəzəli oxuyurlar, amma orda mahnı muğam üstündədir. Bu qız isə hind mahnısı üstündə oxuyub. Mən musiqişünas deyiləm, amma Nəsimi şeirinə Bollivud musiqisi yazmaq olmaz.
– Rasim müəllim, sizcə belə kütləvi bayağılaşmağımızın səbəbi nədir? Zövqlər niyə belə sürətlə korlanır?
– Zövqümüzü korlayanlar var. Bunun da baiskarı televiziya kanalları, saytlardır. Bir dənə ağıllı şey görmürsən. Mənim 71 yaşım var, üzü o yanayam, mən heç, amma gənc nəsli tərbiyə etmək üçün ibrətamiz verilişlər də göstərilməlidir. Bayaq mahnılardan danışdıq. Efirdə oxuyurlar:
Yar yaman aldatdı məni, məni, məni balam.
Söz verib ağlatdı məni, məni, niyə balam?
(Oxuyur) Bu mahnını oynayırlar. Yar səni aldadıbsa, gedib onu öldürməlisən (gülür). Bu namus məsələsidir, sənsə oynayırsan. Ondan sonra bu millət “Yanıq Kərəm”ə oynayır. “Yanıq Kərəm”ə oynamaq düzgün deyil. Belə məsələlərdə həssas olmaq lazımdır. Bilirsiniz, sənət insanlardan üç-dörd pillə yuxarıda olmalıdır. Sənətin səviyyəsi düşürsə, o zaman insanların da səviyyəsi düşür.
“Fuad Poladov zəng elədi ki, kaçıbçılıqdır, gedək filmə çəkilək?”
– Sənət və şəxsiyyət, sənətkar və xarakter məsələsi barədə nə düşünürsünüz? Məsələn, rəhmətlik Fuad Poladovun timsalında da gördük ki, sənətkar şəxsiyyət olanda xalq da ona ehtiram göstərir, hörmətlə yad edir…
– Elədir. Mənə belə gəlir ki, sənətkar həyatda şəxsiyyətini, ləyaqətini gözləməlidir. Gözləmirsə… Mən elə adamlar tanıyıram, ona görə də onların heç sənətinə də hörmətim yoxdur. Amma rəhmətlik Fuadı mən yaxşı tanıyırdım. O vaxt “İstintaq davam edir” filmində mən də sınaq çəkilişlərində iştirak elədim, ancaq Fuadı seçdilər, məni yox. Çox istedadlı, zəhmətkeş, özü də şəxsiyyəti olan adam idi. Heç vaxt hansısa maddi xeyrinə görə xalturaya getmirdi. Günlərin bir günü bizə bir film təklifi gəldi. Fuad mənə zəng elədi ki, neyləyək? Kaçıbçılıqdır, gedək çəkilək? (Gülür). Filmin adı yadımdan çıxıb, ikimiz bir yerdə çəkildik. Tez-tez bir-birimizə şikayətlənirdik ki, adam nə qədər evdə oturar? Aktyor üçün film gözləmək böyük faciədir. Bir yandan da illər keçir. Bir gün oran ağrıyır, sabahı gün başqa yerin. Aktyor sağlam olmalıdır.
– Sağlamlıq demişkən, səhhətiniz indi necədir? Deyəsən, əməliyyat olunmuşdunuz…
– Ayaq barmağım çirk elədi. Bəzi nainsaf həkimlər də altı ay bədənimə antibiotik yeridib bədənimin immunitetini öldürdülər. Mən onları Allaha bağışladım. Sən demə, onu bir balaca çərtərək düzəltmək lazımmış. Bunlar isə səhv müalicə aparıblar. Sonra Çingiz Əlizadə adlı bir həkimin əlinə düşdüm, sağ olsun. O sağaltdı. Mən “Dədə Qorqud”da, “Babək”də, axırıncı dəfə də Türkiyədə çəkiləndə atdan bərk yıxılmışam. Onda belim ağrıyırdı, cavan idim, fikir vermirdim. Sən demə, məndə o vaxt “qrija” əmələ gəlib, fikir verməmişəm. Axır illərdə o ağrıyanda vurur sol ayağıma, bəzən ayağımı sürüyürəm. İndi müalicə olunmuşam, hər gün xeyli gəzirəm, şükür Allaha, yaxşıyam.
“Yalnız kamera qarşısında xoşbəxt oluram”
– Mənə maraqlıdır, Rasim Balayev bu yaşda nə arzulayır?
– İstəyirəm ki, heç kimin köməyinə möhtac olmayım, qəbir evinə qədər özümü idarə edim. Bir də yaxşı bir rol olsun, oynayım. Həyatımın qırx ili kamera qarşısında keçib. Elə bil balığı sudan çıxarmısan. Filmə çəkilmək mənim üçün böyük sağlamlıq terapiyası olardı. Çünki dəfələrlə hiss eləmişəm; səhər-səhər əhvalım pis olub, gəlmişəm, qrim olunmuşam, kamera qarşısına keçmişəm və o dəqiqə xoşbəxt olmuşam. Bir də ayılmışam ki, axşamdır.
– Yəni sizi ancaq filmdə oynamaq xoşbəxt edə bilər?
– Bəli. O da hələ yoxdur. Mən yenə deyirəm, Allah adamı heç kəsə möhtac eləməsin. Heç vaxt var-dövlət arzusunda olmamışam. Əlimdə olanları da Allah mənə yetirib, var. Heç vaxt böyük iddiada da olmamışam. Mən insana mənəviyyatına görə qiymət verən olmuşam, var-dövlətinə görə qiymətləndirməmişəm. Mən elə arzu edirəm ki, insanlar nə sənətdə olurlarsa-olsunlar, amma ləyaqətlə yaşasınlar. Bu, hər adama qismət olmur.
– Hər sənətkara da qismət olmur.
– Bəli.
Bir müsahibə daha nə qədər davam edə bilər ki? İstəsəm yenə danışar.  Amma… Özü demiş, bu danışdıqlarının bir faydası olacaqmı? Küskün bir sual işarəsi… Sağollaşıb, ayrılırıq. Rasim Balayev başını önünə əyib asta, amma məğrur addımlarla məchulluğa doğru hərəkətlənir. Edam kürsüsünə gedərmiş kimi… Axşamüstüdür. Üfüqdə günəş də qüruba getməkdədir. Sanarsan bizdən Nəsimi ayrılır… Babək ayrılır… Beyrək ayrılır… Neçə-neçə obrazları ürəyində bişirib çəkilmək üçün bir əsgər təki hazır dayanmış SƏNƏTKAR ayrılır… Sanarsan… gövdədən can ayrılır… 

 
Geri qayıt