Əsas Səhifə > SİYASƏT > Deputatdan kadr məsələlərilə bağlı maraqlı təklif – “Kadr hazırlığı məsələləri Milli Məclisin gündəliyinə salınsın”
Deputatdan kadr məsələlərilə bağlı maraqlı təklif – “Kadr hazırlığı məsələləri Milli Məclisin gündəliyinə salınsın”6-08-2020, 09:20 |
Milli Məclisin Təbii Ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında çıxış edib. Şəffaflıq.az xəbər verir ki, komitə sədri “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərlə bağlı müzakirələrdə təlim-tədris və kadr məsələlərinə toxunaraq, maraqlı təkliflər səsləndirib. S.Qurbanov bildirib ki, müasir peşə və ixtisaslara sahib kadr potensialı olmadan nə milli iqtisadiyyatı inkişaf etdirmək, nə də ki sosial müdafiə məsələlərini həll etmək mümkün deyil: “Təlim-tədris və kadr hazırlığı məsələsi müasir milli iqtisadiyyatın ən vacib dayaqlarından biri olaraq, yüksək prioritetə sahibdir. Peşə və kadr hazırlığı məsələləri dünyada gedən tərəqqi proseslərinə, qlobal biznes mühitinin dəyişməsinə, sənaye üsullarının təkmilləşməsinə töhfə verərək, milli insan kapitalının müasir çağırışların tələblərinə uyğunlaşmasını təmin edir. Ölkədə müasir peşə və ixtisaslara sahib kadr potensialı yetərli həcmdə və keyfiyyətdə olmadığı halda, nə milli iqtisadiyyatı inkişaf etdirmək, nə də ki sosial müdafiə məsələlərini həll etmək mümkündür. Dünya iqtisadiyyatının 4-cü sənaye inqilabı mərhələsinə keçməsi şəraitində, ölkəmizdə innovativ iqtisadiyyatın bərqərar olması və uzunmüddətli perspektivdə gəlirli sahəyə çevrilməsi üçün, dövlət-biznes-elm-təhsil dördlüyü arasında qarşılıqlı maraq, etimad və əməkdaşlıq mühiti yaradılmalı, müvafiq qanunverici əsaslar yaradılmalı və səmərəli hüquqi praktikalar tətbiq edilməlidir.” Deputatın “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliyin edilməsilə bağlı əsas təklif və qeydləri bir neçə bənddən ibarət olub: “Hesab edirəm ki, “İctimai iş” və “peşə hazırlığı” məsələləri biri-birindən ayrılmalıdırlar və fərqli kontekstlərdən baxılmalıdırlar, çünki “İctimai işlər” həm əhali, həm də iqtisadi subyektlər tərəfindən – müvəqqəti, ötəri hədəf kimi qəbul edilir. Peşə və kadr hazırlığı isə ölkə əhalisi və iqtisadiyyatı üçün – strateji hədəfdir və daim diqqətdə saxlanılası məsələdir. Bu mərhələdə yeni peşə və ixtisaslar üzrə kadr potensialının gücləndirilməsi məsələsi strateji xarakter daşıyaraq, ciddi narahatçılıq hissi yaradır. Bu səbəbdən, bütün ölkələrdə təlim-tədris proqramlarının, kadr hazırlığı, təkrar hazırlıq, ixtisas artırma mexanizmlərinin təkmilləşdirilməsi və ya kökündən dəyişməsi məsələlərinə ciddi diqqət yetirilir. Bu proses həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrdə geniş vüsət almış və son illər daha da sürətlənməkdədir. Bu narahatçılıq bütün mötəbər məsləhət şirkətləri tərəfindən, BMT, Avropa Birliyi, ATƏT, BƏT və digər beynəlxalq təşkilatlar tərəfindən ifadə olunur.” S.Qurbanov təklif edib ki, növbəti 10-15-20 il müddətinə tələb olunan yeni peşə və ixtisaslar, kadr hazırlığı məsələləri Milli Məclisin gündəliyinə, xüsusi mövzu kimi, salınaraq, ayrıca baxılsın. Həmçinin, peşə və kadr hazırlığı məsələlərinə həsr olunan iclaslara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, İqtisadiyyat, Təhsil, Maliyyə nazirliyinin, Neft Fondunun, ölkənin iri biznes strukturlarının, aparıcı təhsil və elm institutlarının mütəxəssisləri də dəvət olunsun və bu məsələ hərtərəfli müzakirə edilsin. Deputat bunlarla yanaşı, “Haqqı ödənilən ictimai işlər və ödənişsiz peşə hazırlığı kursları” dövlət sosial proqramının əhatə dairəsinin 20 faiz işaxtaran şəxslərə şamil olunması hesabına genişləndirilməsi, mövcud qanunvericiliklə 8 istiqamət üzrə məşğul şəxslərin elektron reyestrinin aparılması məsələsinin genişləndirilməsi və 25 istiqamətə çatdırılması, məşğul şəxslər üzrə elektron reyestrin yaradılması və idarəolunması, müxtəlif dövlət qurumları tərəfindən idarə olunacaq informasiya sistemlərinin və iqtisadi sahələr üzrə işçi qüvvəsi reyestrlərinin yaradılması və elektron məlumat mübadiləsinin təşkili. respublika və ərazi məşğulluq proqramlarının hazırlanması ilə bağlı fəaliyyətin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqantərəfindən təsdiq edilməsi, özünəməşğulluq proqramlarının əhatəsinin və səmərəliliyinin artırılması, 10 peşə təhsil müəssisəsinin yaradılması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanlarına müraciət etmiş şəxslərin 20 faizinin peşə hazırlığına cəlb olunması kimi bəndlərdən ibarət təkliflərlə çıxış edib. Geri qayıt |