Əsas Səhifə > Dünya / Cəmiyyət > Araz Ağalarov Rusiya üçün kosmodrom tikəcək - Baykonura alternativ olacaq
Araz Ağalarov Rusiya üçün kosmodrom tikəcək - Baykonura alternativ olacaq23-02-2019, 15:27 |
Tikinti işlərinə ölkəmizdən də işçilərin cəlb olunacağı gözlənilir...Azərbaycan əsilli Rusiya biznesmeni Araz Ağalarov dövlətdən yeni sifariş alır. Söhbət xeyli müddətdir tikintisi yubadılan “Şərq” kosmodromunda işləri tamamlamaqdan gedir. Rusiyanın Baykanurdan asılılığını aradan qaldırması üçün nəzərdə tutulan “Şərq” kosmodromunun tikintisinə 2011-ci ildə başlanıb.Tikinti işlərinin tamamlanma müddəti dəfələrlə uzadılıb. Bu prosesi daim əmək haqqının ödənməməsinə qarşı etiraz aksiyaları, cinayət işləri müşayiət edib. Rusiya Baş Prokurorluğunun məlumatına görə, tikinti işlərinin yubanması nəticəsində dövlətə dəyən zərərin məbləği 10 milyard rubl təşkil edir. Baş nazir Medvedyevin dediyinə görə isə kosmodromun 2018-ci ildə hazır olması nəzərdə tutulurdu, lakin indiyədək tikinti işlərinin cəmi 25 faizi görülüb. İndiyədək “Şərq”də tikinti işləri ilə bağlı 140 cinayət işi qaldırılıb, onların əsasında 50 nəfər həbs olunub. Qeyd edək ki, raket buraxılışı üçün ilkin infrastruktur olmadan kosmodromun özünün dəyəri 100 milyard rubl hesablanırdı. İlkin infrastruktur və yeni Siolkovski adlı şəhərin inşası üçün 160 milyard rubl, ümumilikdə isə 300 milyard rubl nəzərdə tutulurdu. Rusiya hazırda kosmodromda “Anqara” ağır daşıyıcı raketinin buraxılışı üçün zəruri infrastrukturun yaradılması işini sürətləndirməyə çalışır. Buraxılışın pilotsuz formada 2021-ci ildə, pilotla isə bundan 2 il sonra həyata keçirilməsi planlaşdırılır. Ümumilikdə 2017-2025-ci illərdə Rusiya kosmodromlarının inkişafı və Rusiyanın kosmik fəaliyyətinin təmin olunmasını nəzərdə tutan dövlət proqramına ilkin olaraq 750 milyard rublun xərclənməsi nəzərdə tutulur. Lakin neftin dünya bazar qiymətinin aşağı düşməsi, Rusiyanın Avropa və ABŞ sanksiyalarına məruz qalması üzündən bu məbləğ 500 milyard rubla endirilib ki, bunun da əsas hissəsi məhz “Şərq”in “Anqara” üçün hazırlanmasına yönəldiləcək. Neftin qiymətinin qalxması Rusiyaya bu işləri də sürətləndirmək imkanı qazandırır. Buna görə də hökumət Uzaq Şərqdə iş təcrübəsi olan şirkətin xidmətlərindən yararlanmaq niyyətindədir. RBK-nın məlumatına görə, bu şirkət qismində A.Ağalarovun “Crocus Group”u çıxış edir. Çünki “Roskosmos” artıq əvvəlki icraçı ilə müqaviləni dayandırıb. “Crocus Group” isə faktiki olaraq, ölkənin şərqində işləmək təcrübəsi olan yeganə normal şirkətdir. “Crocus Group”un prezidenti A.Ağalarov öz mətbuat xidməti vasitəsilə bəyan edib ki, hökumət qərar verərsə, “Şərq”də tikintini başa çatdırmağa hazırdır: “Rus adasında Uzaq Şərq Federal Universitetinin tikintisindəki təcrübəmizi nəzərə alsaq, bizim şirkətimiz bu problemi həll etməyə qadirdir”. A.Ağalarova 40 milyard rublluq tikinti işlərinin həvalə olunması nəzərdə tutulur. Onun özü bir neçə dəfə bəyan edib ki, dövlət sifarişlərini icra etmək çox çətin olduğuna görə adətən, tenderlərə qatılmır: “Mən belə işlərə yalnız hansısa tapşırıq olanda girişirəm. Dövlət tenderlərində mən iştirak etmirəm”. Reallıqda isə Ağalarov artıq 2013-cü ildən bəridir dövlət sifarişlərinin icraçısıdır. Belə ki, 2013-cü ildə “Crocus Group” Uzaq Şərq Federal Universitetini tikib. Daha sonra Kalininqrad və Rostov-Donda dünya çempionatı üçün stadionların tikintisini həyata keçirib. “Crocus Group”un “Şərq”də “Anqara”nın buraxılışı üçün lazım olan ilkin infrastrukturu inşa etməlidir. Onu da qeyd edək ki, Rusiya mətbuatında Uzaq Şərq Federal Universitetini inşa edərkən A.Ağalarovun Asiya mənşəli işçilərin əməyindən geniş yararlandığına dair məlumatlar yayılmışdı. Rusiya normalarından az qala ikiqat aşağı əmək haqqı ilə Uzaq Şərqin çətin iqlim şəraitində işlədilən asiyalıları hətta “Ağalarovun asiyalı qulları” da adlandırıdılar. Ehtimal olunur ki, bizmesmen yenidən Asiya mənşəli işçiləri işə cəlb etməyə üstünlük verəcək. Azərbaycandan da ixtisaslı işçilərin tikintiyə cəlb olunacağı gözlənilir. “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, bəzi şirkətlər Azərbaycandan ixtisaslı fəhlələri Amurda həyata keçiriləcək layihədə işləmək üçün toplamağa başlayıblar. Ehtimal olunur ki, söhbət məhz “Şərq” kosmodromundakı işlərdən gedir.“Yeni Müsavat” Geri qayıt |