Əsas Səhifə > Gündəm > Ermənistanla sərhəddəki vəziyyət Moskvada müzakirə olundu
Ermənistanla sərhəddəki vəziyyət Moskvada müzakirə olundu23-07-2020, 22:55 |
Bu gün Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev şəhərin Milli Siyasət və Dinlərarası Əlaqələr Departamentinin rəhbəri Vitaliy Surkovla görüşüb. Şəffaflıq.az xəbər verir ki, tərəflər Azərbaycanla Ermənistan sərhədindəki mövcud vəziyyəti müzakirə ediblər. “Ermənistan tərəfinin sərhəddə 12 iyul tarixindən başlatmış silahlı toqquşmalarla bağlı müzakirələr apardıq. Avropanın bir çox ölkələrində, Amerikada azərbaycanlılar dinc mitinqlər keçirərək dünya birliyindən Ermənistanın işğalçılıq siyasətini dayandırmağı tələb ediblər”, - deyə Ş.Tağıyev qeyd edib. Moskvadakı azərbaycanlı icması tərəfindən də dinc aksiya keçirilib-keçirilməyəcəyi barədə “Report”un sualına cavab verən icma rəhbəri hazırkı epidemioloji vəziyyətlə bağlı şəhərdə kütləvi aksiyalara icazə verilmədiyini diqqətə çatdırıb: “Mən bilən, bu barədə ermənilərə də xəbərdarlıq edilib. Bununla belə xatırlatmaq istərdim ki, sərhəddə döyüşlər başladığı vaxt azərbaycanlı icmanın üzvləri ölkəmizin Rusiyadakı səfirliyinin qarşısına gəlmişdilər, orada səfir Polad Bülbüloğlu ilə görüş də keçirilmişdi”. “Bununla yanaşı, qarşıdan gələn Qurban bayramı ilə də bağlı söhbət etdik. Bizdən koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən qaydalara əməl etməyin vacibliyini icma üzvlərinə çatdırmağı istədilər. O cümlədən məscidlərdə də insanların kütləvi toplaşmasına, həmçinin küçədə namaz qılınmasına icazə verilmir. Odur ki, bayram onlayn rejimdə keçiriləcək”, - deyən Ş.Tağıyev görüşün bütövlükdə səmərəli keçdiyini də dilə gətirib. Geri qayıt |