Əsas Səhifə > Gündəm > Azərbaycandakı su çatışmazlığının səbəbləri ölkə prezidentinə məruzə edilib
Azərbaycandakı su çatışmazlığının səbəbləri ölkə prezidentinə məruzə edilib23-07-2020, 22:39 |
"Bu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məruzə olunduğu kimi, su ehtiyatlarının az olması, iqlim dəyişməsi, orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirib". Şəffaflıq.az xəbər verir ki, bunu Baş Nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib. "Müşavirədə Sizin xüsusi vurğuladığınız kimi, bütün bunlar son nəticədə su təhlükəsizliyi məsələsini ən aktual mövzulardan birinə çevirmişdir. Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranıb. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Müqayisə üçün qeyd edim ki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olub. Eyni zamanda, strateji əhəmiyyət kəsb edən Mingəçevir Su Anbarında 15,7 milyard kubmetr tutuma qarşı 8,8 milyard kubmetr su mövcuddur ki, bunun da 7 milyard kubmetri ölü həcmdir. Halbuki həmin anbarda suyun həcmi 2019-cu ildə 9,7, 2018-ci ildə 10,9, 2017-ci ildə 11,6, 2016-cı ildə isə 13,6 milyard kubmetr təşkil edib. Sizin rəhbərliyinizlə əvvəlki illərdə böyük həcmdə işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərinin görülməsinə, məsələn, Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və digər layihələrin reallaşdırılmasına baxmayaraq, hazırda kəskin su çatışmazlığı müşahidə edilir", - Ş.Mustafayev bildirib. Geri qayıt |