Əsas Səhifə > SİYASƏT > ABŞ səfiri Azərbaycan XİN-ə çağırılıb

ABŞ səfiri Azərbaycan XİN-ə çağırılıb


22-07-2020, 19:59

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Los Ancelesdə yaşayan radikal erməni daşnaklarının Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binası qarşısında aqressiv və təxribatçı şüarlarla etiraz aksiyasını şərh edib.

XİN-dən verilən məlumata görə, şərhdə deyilir:

"Bu ilin 21 iyul tarixində Los Ancelesdə yaşayan radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binası qarşısında aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.

Erməni radikal qüvvələrinin aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri sayca onlardan dəfələrlə çox olan erməni təxribatçılarının qarşısına çıxıb və Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən şüarlar səsləndiriblər.

Radikal erməni daşnakları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los Anceles polisi belə onların bu vandalizminin qarşısını almağa müvəffəq olmayıb. Azərbaycanlı nümayişçilərə hücum edən erməni radikal nümayəndələri biri qadın olmaqla 7 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Təəssüflə qeyd etmək istərdik ki, hazırda dünyanın müxtəlif bölgələrində, o cümlədən ABŞ və Avropanın bir sıra ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən zorakılıq və vandalizmin tətbiq edilməsi cəhdlərini müşahidə edirik. Fundamental dəyərlərə, o cümlədən azad şəkildə fikrini ifadə etmək hüququna zidd olan və ümumiyyətlə, sivil davranışa sığmayan bu kimi təxribatçı hərəkətlər Ermənistan Respublikasının və bu ölkə rəhbərliyinin yürütdüyü təcavüzkar siyasətin radikal erməni qüvvələri tərəfindən həyata keçirilməsinin bariz nümunəsidir.

ABŞ-ın Los Anceles şəhərində, eləcə də Avropa ölkələrində, o cümlədən bu ilin 22 iyul tarixində Brüssel şəhərində azərbaycanlı nümayişçilərə qarşı erməni radikal ünsürləri tərəfindən zorakılıq və vəhşiliyin nümayiş etdirilməsinə görə erməni cinayətkarları hüquqi məsuliyyətə cəlb olunmalı, həmçinin bu ölkələrdəki azərbaycanlı icmaların təhlükəsizliyinin təmin olunmasında aidiyyəti ölkələrin hüquq mühafizə orqanları məsuliyyət daşımalıdırlar.

Qeyd etmək istərdik ki, Los Anceles şəhərində erməni radikallarının törətdiyi barbarlıq əməlləri ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri XİN-ə çağırılıb".


Şəffaflıq.az
Geri qayıt