Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > "Azərişıq" Şimal rayonlarında yenidənqurma işlərinə başlayıb

"Azərişıq" Şimal rayonlarında yenidənqurma işlərinə başlayıb


22-07-2020, 19:54

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində “Azərişıq” ASC qarşıya qoyulan tədbirlər proqramının icrasına məsuliyyətlə yanaşır. Hazırda demək olar ki, ölkənin əksər ərazilərində elektrik enerjisi təsərrüfatının yenilənməsi istiqamətində genişmiqyaslı işlər görülür.

Bu barədə qurumun mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu bildirib.

Məlumatda deyilir ki, Şimal RETSİ (Regional Enerji Təchizatı və Satışı İdarəsi), Şabran Elektrik Şəbəkəsində əhalini etibarlı və fasiləsiz şəkildə elektrik enerjisi ilə təmin etmək məqsədi ilə bir çox işlər görülüb. Şabran rayonunun elektrik enerjisi ilə təmin edən 110/10 kV-luq 2x16 MVA gücündə “Rəhimli” yarımstansiyası əsaslı şəkildə yenidənqurulmuş və gücləndirilmiş, 2 ədəd əlavə 35 kV-luq yarımstansiya tikilib istifadəyə verilib, uzun məsafəli xətlər ləğv olunaraq abonentlər yaxın və etibarlı məsafədən elektrik enerjisi ilə təchiz olunub. Şabran rayonunun Pirəbədil kəndində yerləşən ümumilikdə 6 kəndi elektrik enerjisi ilə təchiz edən 35/10 kV-luq, “Pirəbədil” yarımstansiyasında hazırda əsaslı və yenidənqurma işləri aparılır. Həmçinin rayonun 17 kəndində yenidənqurma işləri aparılaraq kabelləşmə başa çatmış, güc mərkəzləri yaradılmaqla yeni transformatorlar quraşdırılıb.

Şimal RETSİ, Xaçmaz Elektrik Şəbəkəsində də genişmiqyaslı işlər görülür. 2020-ci ilin 6 ayı ərzində yenidənqurma işləri ilə əlaqədar Xaçmaz rayonu Müşkür kəndində, Xaçmaz şəhəri 21,25 və 61-ci məhəllələrdə müasir tipli transformator məntəqələri quraşdırılıb, yeni kabellər çəkilib, yeni dəmir beton və ya metal dayaqlar basdırılıb. Bir sözlə adı çəkilən ərazilərin elektrik enerji sistemi tamamilə yenidən qurulub. Xaçmaz rayonu Maqsudkənd adlanan ərazidə yararsız dayaqlar yenisi ilə əvəz olunub, yeni kabellər çəkilərək abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Həmçinin Xaçmaz Elektrik Şəbəkəsi üzrə 60-dan çox transformator məntəqəsində cari təmir işləri görülüb.

Şimal RETSİ, Quba Elektrik Şəbəkəsi xüsusilə ucqar dağ kəndlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə yeni güc mərkəzləri istifadəyə verir. Rayonun Kuncuq kəndi ərazisində bu ilin iyun ayında 35/0,4 kV-luq 100 kVa gücündə transformator məntəqəsi quraşdırılaraq istismara verilib. Bunadək Kuncuq kəndinin elektrik enerjisi ilə təchizatı qonşu Qalmıx kəndində yerləşən transformatordan qidalanıb. Kəndlər arasında olan məsafə isə 1 800-2 000 metrdir. Bu səbəbdən də Kuncuq kəndində elektrik enerjisi çox zəif gücdə olub. Bundan başqa rayonun Qam-Qam kəndi ərazisində şəbəkələrin perspektiv inkişafı istiqamətində görüləcək işlərlə əlaqədar 35/10 kV gücü 4 MVA gücündə olan yeni “Rustov” yarımstansiyasının tikintisinə başlanılıb. Tikintini şərtləndirən amil Rustov ərazisini elektrik enerjisi ilə təchiz edən 10 kV Rustov hava xəttinin uzunluğunun normadan artıq olmasıdır (68 km). Həmin yarımstansiyanın istismara verilməsi ilə mövcud 10 kV-luq Rustov HX hava xətti 3 hissəyə bölünəcək, ümumilikdə 13 min sakinin elektrik enerjisi ilə təchizatı dayanıqlı və keyfiyyətli olacaq.

Digər tərəfdən Əsparəsti və Qorxmazoba kəndlərinin qidalanması da yeni inşa ediləcək “Rustov” yarımstansiyasından olacaq. Bununla da Pirvahid hava xəttinin uzunluğu 4,2 km qısaldılacaq.

500 dən çox sakinin yaşadığı Qubanın Caqacuq kəndinində də elektrik enerjisi şəbəkəsi tamailə yenilənir. Yararsız naqil və dayaqlar yeni beton dayaq və kabellərlə əvəz olunur, yeni müasir tipli elektrik sayğacları quraşdırılır. Ümumilikdə Şimal RETSİ ərazisində son 6 ay ərzində istehlakçılar 12 860 yeni sayğacla təmin olunub.

“Azərişıq” ASC-nin regionlarda gördüyü işlərin əsas məqsədi abonentləri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək, eyni zamanda tamamilə yenidən qurulan elektrik təchizatı şəbəkələrində itkiləri minumuma endirməkdir.


Şəffaflıq.az
Geri qayıt