Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > AZƏRBAYCANDA SOSİAL MEDİA MƏHDUDLAŞDIRILA BİLƏR?

AZƏRBAYCANDA SOSİAL MEDİA MƏHDUDLAŞDIRILA BİLƏR?


15-02-2019, 18:28

Deputatlar bununla bağlı bir sıra təkliflər səsləndirir, amma...
Osman Gündüz: "Hökumət rəsmiləri bildirdilər ki, onların sosial medianın məhdudlaşdırılması istiqamətində hər hansı addım atmaq niyyətləri yoxdur"

"İstənilən halda sosial medianın məhdudlaşdırılması istiqamətində atılan addımları məqbul hesab etmirəm"
Son günlər həm mətbuatın, həm də ictimaiyyətin diqqət mərkəzində olan mövzulardan biri də bir sıra deputatların sosial medianın məhdudlaşdırılması ilə bağlı etdiyi təkliflərdir. Məsələn, bir neçə gün əvvəl Milli Məclisin plenar iclasında çıxış edən deputat Sahib Alıyev bildirib ki, Azərbaycanda sosial şəbəkə ilə bağlı qanun hazırlanmalı, eyni zamanda "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna yenidən baxılmalıdır. Belə ki, "Sosial şəbəkələrə diqqət yetirəndə görürük ki, burada mənəviyyat terrorçuları meydan sulayırlar, Orduxanlar, Vidadi İsgəndərlilər və s…" deyən deputat hesab edir ki, onların fiziki terror törədənlərdən fərqi yoxdur: "Onlar cəmiyyət üçün qorxulu və təhlükəlidirlər. Bu cür ünsürlərin qarşısı qanunvericilik yolu ilə alınmalıdır. Bu, son dərəcə əhəmiyyətlidir".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev isə bu qənaətdədir ki, xaricdən Azərbaycana qarşı söyüş söyənlərin qarşısını almaq üçün biz də öz milli sosial şəbəkəmizi yarada və digər sosial şəbəkələri bağlaya bilərik. "Bununla da yaranan təhlükələrin qarşısını almaq mümkündür. Hər bir ölkə kimi, bunu biz də edə bilərik", deyə qeyd edən Musa Quliyevin fikrincə, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğu üçün bu cür addımları hər zaman atmağa haqqı var: "Biz ermənilərlə müharibə şəraitində yaşayan ölkəyik. Ona görə də söyüş kampaniyalarının arxasında erməni barmağının olması istisna deyil. Bəzən görürsən ki, Azərbaycanla bağlı pozitiv yazılara təhqir və söyüş dolu şərhlər gəlir. Çox güman ki, həmin şərhlər İrəvandan idarə olunur. Ona görə də biz lazım olsa dünya birliyinə də bununla bağlı müraciət edə bilərik. Nə qədər ki, müharibə bitməyib, ideoloji təxribatlara və terrora məruz qalırıqsa, informasiya təhlükəsizliyimizi qorumaq məqsədilə biz də beynəlxalq sosial şəbəkələrdən imtina edirik. Yaxud da daha çox haradan təhdidlər gəlirsə, ondan imtina edə bilərik. Əvəzində isə öz sosial şəbəkəmizi yaradıb, əhalinin bundan istifadə etməsini təmin edə bilərik. Bu zaman əgər kimsə bizimlə ünsiyyətə girmək istəsə, bizim sosial şəbəkəyə girsin. Yaxud da "Youtube" və digər sosial şəbəkələrin baş ofisləri ilə danışıb onları Azərbaycanda baza qurmağa dəvət etmək olar. Bununla da biz bilərik ki, Azərbaycana qarşı mənəvi və ideoloji terroru törədənlər kimlərdir. Bundan sonra onların fəaliyyətini məhdudlaşdırmaq olar. Yəqin ki, həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həm də Dövlət Təhlükəsizlik Xidməti bu məsələlərlə məşğul olur".
Onu da nəzərinizə çatdıraq ki, millət vəkili Hikmət Babaoğlu ötən ilin oktyabr ayında sözügedən mövzuya toxunarkən, sosial şəbəkələrə girişin, qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə olmasının vacibliyini vurğulayıb. O, mövqeyini əsaslandırarkən bildirib ki, hər kəsin sosial şəbəkələrdə yaydığı və paylaşdığı yazılarda, materiallarda məsuliyyətli olması lazımdır. Deputat hesab edir ki, bu məsuliyyəti yalnız bu cür formalaşdırmaq mümkündür: "Bu gün dünya informasiya cəmiyyətləri ilə idarə olunur. Bu informasiya cəmiyyətləri də milli iradə ilə idarə olunmayanda, təhlükəli tendensiyalara gətirib çıxarır. Ona görə də belə bir vacib sektorun, sferanın tənzimlənməsi üçün mütləq hüquqi çərçivə, hüquqi baza yaradılmalıdır. Məsələn, sosial mediaya, sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması vacibdir ki, hər kəs yaydığı və paylaşdığı yazılarda, materiallarda məsuliyyətli olsun. Bu, elə bir məkandır ki, heç də hamı hər kəsi tanımır, xüsusilə də, saxta profil istifadəçiləri olduğu təqdirdə, kimdənsə məsuliyyət gözləmək və tələb etmək mümkün olmur. Bunun üçün mütləq məsuliyyət olmalıdır".
"Son dövrlər sosial mediada sui-istifadə halları artıb, qeyri-qanuni məqsədlər üçün istifadə edənlər var"
 Məhz bu mövzu ilə bağlı fevralın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirildiyini xatırladan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, hökumət rəsmiləri sosial medianın məhdudlaşdırılması istiqamətində hər hansı addım atmaq niyyətində olmadıqlarını bildiriblər: 
"Həmin görüşdə baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, deputat Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və QHT təmsilçiləri iştirak ediblər. Orda da bu məsələlər müzakirə olunub. Tədbirdə iştirak edən hökumət rəsmiləri bildirdilər ki, onların sosial medianın məhdudlaşdırılması istiqamətində hər hansı addım atmaq niyyətləri yoxdur. Sadəcə, son dövrlər sosial mediada sui-istifadə halları artıb, qeyri-qanuni məqsədlər üçün istifadə edənlər var. Yəni söhbət bu halların qarşısının alınmasından gedir. Düşünürəm ki, həmin görüşdə xeyli səmərəli təkliflər səsləndi".
"Ümid edirəm ki, hökumət Azərbaycan internetinin, sosial mediasının daha da inkişafı, faydalılığının artırılması, sağlam mühitin yaradılması üçün görüşdə səslənən təkliflərdən yararlanacaq"
Özünün də bu mövzu ilə bağlı 8 bənddən ibarət təkliflər planının olduğunu deyən Osman Gündüz ümid edir ki, sözügedən tədbir zaman çıxışlarda sosial medianın zərərli informasiyalardan qorunması ilə bağlı səslənən təkliflər əsasında hökumət internetin və sosial medianın inkişafına yönələn addımlar atacaq: "Bir daha qeyd edirəm ki, Əli Əhmədov və Azay Quliyev, həmçinin Bahar xanım Muradova da internetin və sosial medianın məhdudlaşdırılmayacağını bildiriblər. Sadəcə, baş nazir müavininin yekun çıxışında mənfi tendensiyalara qarşı mübarizə sahəsində "digər texniki vasitələr də var və onlardan da istifadə məsələsinə baxıla bilər" fikrini anlamadım. Əgər burada söhbət hansısa antidemokratik ölkələrin istifadəçiləri izləmək məqsədilə tətbiq etdiyi müxtəlif gizli, qeyri-qanuni proqram təminatlarından gedirsə, biz bunu dəstəkləmirik. Düşünürük ki, bu, Azərbaycana başucalığı gətirməz. Odur ki, Azərbaycan İnternet Forumu olaraq bizim yanaşmamızı da çıxışımızda qeyd etdik: 1.Problemin həllində özünü tənzimləmə və ictimai qınaq məsələlərinə üstünlük vermək; 2.Maarifçilik işləri aparmaq; 3.Hüquqi tənzimləmələrdən, məhkəmə praktikasından istifadə etmək; 4.İctimai faydalı insanların, millət vəkillərinin, məmurların və rəsmilərin sosial mediaya gəlməsinə çalışmaq; 5.AzNet-i, sosial medianın Azərbaycan seqmentini, milli kontenti inkişaf etdirmək (Hətta Əli müəllimdən bu məqsədlə konkret məbləğ də istədik); 6.Sosial mediaya yalnız ictimai müzakirə platforması olaraq yox, biznes məkanı və s. digər daha geniş aspektən yanaşmaq; 7.Hansısa istənilən məhdudlaşdırmaları, şəxsiyyət vəsiqəsilə qeydiyyatı, deputatların bu istiqamətdəki çıxışlarını və s. məqbul hesab etmədik; 8.Global resurslarla əməkdaşlığa çalışmaq, onların ofislərinin Azərbaycanda olmasına, məlumat bazalarının bizim Data Mərkəzlərimizdə yerləşməsinə nail olmaq və s. Ümid edirəm ki, hökumət Azərbaycan internetinin, sosial mediasının daha da inkişafı, faydalılığının artırılması, sağlam mühitin yaradılması üçün görüşdə səslənən təkliflərdən yararlanacaq".
"Milli sosial şəbəkələrin oturuşması, populyarlaşması üçün böyük xərclər çəkilməli, bu işə milyonlarla vəsait qoyulmalıdır"
İstənilən halda sosial medianın məhdudlaşdırılması istiqamətində atılan addımları məqbul hesab etmədiyini bildirən Azərbaycan İnternet Forumunun prezidentinin fikrincə, bu, doğru olmazdı: "Milli sosial şəbəkə ilə bağlı məsələyə gəlincə, hesab edirəm ki, kimsə bunu yaradırsa, burda qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq, milli sosial şəbəkələrin oturuşması, populyarlaşması üçün böyük xərclər çəkilməli, bu işə milyonlarla vəsait qoyulmalıdır. Çünki insanların ora getməsi üçün stimullaşdırıcı bir amil olmalıdır. Yəni "Nə üçün mən ora getməliyəm?" sualının cavabı olmalıdır. Düşünürəm ki, bu, uzun və ciddi xərc tələb edən bir prosesdir. Bildiyimə görə, indiyə kimi bununla bağlı 10-15 cəhd edilib və hamısı uğursuz olub".
Şəffaflıq.az

Geri qayıt