Əsas Səhifə > Gündəm > Tovuzda şəhid olan hərbçilərin ailələrinə Prezident təqaüdü veriləcək
Tovuzda şəhid olan hərbçilərin ailələrinə Prezident təqaüdü veriləcək18-07-2020, 12:18 |
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai, Sumqayıt, Tovuz, Qazax, Ağstafa, Biləsuvar, Masallı və İsmayıllı şəhər və rayon bölmələrinin rəhbər şəxsləri şəhidlərin ailələri ilə görüşüb, onlara dövlətin daim dəstəyi ilə əhatə olunacaqları bildirilib. Şəhidlərin ailələrinə Azərbaycan Prezidentinin aylıq təqaüdlərinin, həmçinin pensiya hüququ olmayan ailə üzvlərinə aylıq müavinətlərin, ailə başçısını itirməyə görə müvafiq sosial təminat ödənişlərinin təyinatı istiqamətində işlər görülüb. Eyni zamanda, onlara dövlət məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Şəhidlərin ailə üzvlərindən işsiz olan şəxslərin özünüməşğuluq proqramına cəlb edilmək üçün potensialları müəyyən edilib. Onların proqram çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları məqsədilə müvafiq işlərə başlanılıb. Həmçinin həmin şəxslərdən bir qismi istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə və digər aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri üçün qeydiyyata götürülüblər. Qarşıdakı dövrdə şəhidlərimizin ailələrinin sosial vəziyyəti diqqətda saxlanılacaq, müvafiq dəstək tədbirləri ilə əhatə olunacaqlar. Şəffaflıq.az Geri qayıt |