Əsas Səhifə > Gündəm > “10 FAİZİNİ ÖZÜMƏ GÖTÜRÜRDÜM...” – XİN-də rüşvət bölgüsü necə aparılıb?

“10 FAİZİNİ ÖZÜMƏ GÖTÜRÜRDÜM...” – XİN-də rüşvət bölgüsü necə aparılıb?


6-07-2020, 20:02

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat bir daha ölkədəki əksər nazirlik və idarələrin hansı “prinsiplər” əsasında işlədiyinə dair təəssürat yaratdı.

Şəffaflıq.az “AzPolitika.info”-ya istinadən xəbər verir ki, DTX-nın XİN-də keçirdiyi əməliyyata dair yaydığı görüntülərdə nazirliyin İşlər İdarəsinin müdiri, həmçinin bu qurumun Tender Komissiyasının sədri Fərhad Molla-zadənin ilkin ifadələri yer alıb.

F.Mollazadə həmin ifadəsində nazirliyin ayrı-ayrı şirkətlərlə bağladığı tender müqavilələrinə görə müəyyən məbləğdə haqq aldığını, şirkətlərə ayrılan pulun bir hissəsinin nazirliyə rüşvət şəklində geri verildiyini etiraf edir: “Öz istədiyimiz şirkətlərə imkan yaratmışdıq. Mənim göstərişimlə Səlim Əlizadə məşğul idi, mən Tender Komissiyasının sədri idim. Prosedurlarda qanunsuzluqlara yol vermişik. Pulları Səlimə (Nazirliyin Təsərrüfat Şöbəsinin müdiri-red.) təqdim etmişdilər, o da mənə gətirmişdi. 10 faizini özümə saxlayırdım, 10 faizini Səlimə verirdim. Yerdə qalanını nazirliyin problemlərinin həlli üçün xərcləyirdik”.

XİN rəsmisi qeyd edib ki, müxtəlif məbləğlərdə - 19 min manatdan tutmuş, 59 min manata qədər pullar alıblar. O, peşman olduğunu da dilə gətirib: “Heyfslənirəm ki, belə bir addım atmışam və özümü çox pis hiss edirəm. Başa düşürəm ki, düzgün hərəkət etməmişəm”.

DTX-nın yaydığı məlumata əsasən, XİN-in İşlər İdarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib.

Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Fərhad Mollazadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

F.Mollazadənin yuxarıda qeyd edilən ifadəsindən isə belə məlum olur ki, nazirlikdə şirkətlərlə tender müqavilələrindən alınan rüşvətin müəyyən faizlərlə bölgüsü həyata keçirilib. Belə çıxır ki, həmin məbləğin 10 faizi Mollazadəyə, 10 faizi isə Əlizadəyə çatıb. Yerdə qalan 80 faizin hara və kimlərə getdiyini təsəvvür etmək isə çətin deyil. F.Mollazadənin bu ifadəsi həm də XİN rəhbəri Elmar Məmmədyarovun Nyu-Yorkda aldığı və “şəxsi işi olan” bir neçə milyon dollarlıq mənzillərin hansı pulla alınmasına dair suallara da müəyyən qədər aydınlıq gətirmiş olur...

Geri qayıt