Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > “Qəzetlərin ölüb sıradan çıxması halı baş verməyəcək” – Yadigar Məmmədli

“Qəzetlərin ölüb sıradan çıxması halı baş verməyəcək” – Yadigar Məmmədli


11-02-2019, 22:07

Şəffaflıq.azMətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədlinin Teleqraf.com-a müsahibəsini təqdim edir:
- Yadigar bəy, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının yeni qərarı şərtlərə cavab verməyən bir sıra qəzetlərin bundan sonrakı fəaliyyətini sual altına salıb. Siz necə düşünürsünüz, print media qalmalıdırmı?
- Azərbaycan dünyada gedən proseslərdən kənarda deyil, ölkəmiz dünyaya inteqrasiya edir, dünyada da bu proses xeyli vaxtdır gedir. Əsrin əvvəllərindən yeni media formalaşmağa başlayıb, günümüzdə internet media çap mətbuatını, televiziyanı, radionu üstələyib və artıq ön sıraya keçib. Ön planı müəyyənləşdirən isə istifadəçilərin sayıdır. Qəzetin reytinqini onun tirajı, televiziyanı tamaşaçılar, radionu dinləyicilərin sayı müəyyənləşdirir. Nə qədər çoxdursa, deməli daha çox izlənir. İş elə gətirib ki, indi insanların böyük əksəriyyəti informasiyanı internet mediadan üzərindən alır.
Son zamanlar sosial şəbəkələr internet medianı da qabaqlayır. Doğrudur ki, sosial şəbəkələri media növü kimi qəbul etmirik, ancaq müəyyən məqamlarda sosial şəbəkələrin xidmətindən istifadə edirik. Elə bir media orqanı yoxdur ki, sosial şəbəkələr üzərindən yayılmasın. İstər qəzetlərin, istərsə də TV və radioların Feysbuk, Tvitter, İnstaqramda səhifələri var. Bu, həmin media orqanına insanlara daha çox çatmaq imkanı verir. Bundan kim yaxşı istifadə edirsə, onun fəaliyyəti daha uğurlu olur və dövrlə ayaqlaşa bilir. Kim ki öz işini bu şərtlərə uyğun qura bilmirsə, müəyyən qədər geriləyir, bu və ya digər səbəblərdən bağlanma təhlükəsi qarşısında qalır. Məsələ bizdə də belədir. Demək olmaz ki, ənənəvi KİV sıradan çıxıb. Əksinə, bəzi statistik məlumatlara görə, ABŞ, Avropa ölkələrində müəyyən qəzetlərin tirajı 10 il əvvəllə müqayisədə artıb. Elə qəzet var ki, kreativ variantlardan istifadə edərək öz çapını artırıb. Qəzetlərin PDF variantları da var. Qəzetin bu variantı daha ucuz təklif edilir və alıcı öz evində oturub telefonunda, kompüterində oxumağa başlayır. Bu, o deməkdir ki, həmin qəzet ölməyib, onun həm çap, həm də PDF versiyası var.
İmkanlar çox müxtəlifdir. Bu baxımdan qəzetlərin ölüb sıradan çıxması halı baş verməyəcək. Təbii ki, öz formasını, modellərini dəyişəcəklər, amma ölməyəcəklər. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun qəzetlərlə bağlı yeni şərtləri cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri bunu qəzetlərə qarşı hərəkət kimi qələmə verir. Amma əslində söhbət qəzetlərə olan yardımın dayandırılmasından, hər hansı KİV-ə yardıma imtinadan yox, ayrılan maliyyə yardımları üçün şərtlərin dəyişməsindən gedir. Cənab Prezidentin sərəncamı ilə KİVDF 10 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində çoxlu pullar ayrılıb. KİV-lər bu maliyyə yardımından səmərəli istifadə etməli və dövrün tələbləri ilə ayaqlaşaraq uyğun modelləri seçməli idi. Qəzetlərin saytları fəaliyyət göstərməli, saytla bərabər PDF variantlar olmalıydı, sosial şəbəkələrin gücündən istifadə etməli idilər ki, bu gün belə çıxılmaz vəziyyətdə qalmasınlar.
Bu, hər zaman deyilirdi, dünya bu yolu getmişdi. Elə media orqanları var ki, fəaliyyətlərini internet üzərindən gücləndirməyiblər, kağız variantda çapla kifayətləniblər. Bu da müəyyən qədər problemlər yaradır. Mənə elə gəlir ki, müəyyən dövrdən sonra məsələ öz həllini tapacaq. Amma mən Azərbaycanda reklamla bağlı problemi qabartmaq istərdim.
Reklam bazarının olmamasına dair zaman-zaman iradlar səslənir...
- KİV növündən asılı olmayaraq, biznes subyektidir. Biz məhsul istehsal edirik və onu satırıq. Digər məhsul istehsal edənlərdən fərqimiz odur ki, bizim məhsulumuz özəl informasiyadır. Bu baxımdan yanaşanda Azərbaycanda məhsulun satılması üçün bazar olmalıdır. Ölkədə bu bazar var, bunun müxtəlif formaları mövcuddur. Qəzeti götürsək, yayımla bağlı dövlət və özəl firmalar vardı, onların fəaliyyətində canlanma olmadı. 20 il bundan qabaqla indi qəzet köşklərinin müqayisəsini aparsaq, vəziyyət xoş deyil. Mətbuatın yayımında çoxlu problemlər var və ötən dövr ərzində yayım modernləşib yenilənmədi. Əl yayımı ölüb getdi. Halbuki əl yayımının da özünün üstünlükləri vardı.
“Qaya” mətbuat yayımının ölkə boyu çoxlu sayda qəzet köşkləri vardı ki, onları sayı azalıb. Bunlar hamısı qəzetin yayılmasına, onun tirajına birbaşa təsir edən amillərdir. Amma bu da əsas deyil. Əsas olan bazar münasibətləridir. Bu münasibətlər ölkəmizdə qurulub, amma təəssüf ki, liberallaşmayıb. Bazar münasibətlərində müəyyən qədər monopoliya qalmaqdadır. Hər kəs öz malını bazara çıxarmaqda, yaxud reklam etməkdə sərbəst deyil.
Çoxlu sayda məhsullar var ki, onların reklamı liberal deyil. Hər kəsin öz malını bazarda reklamı sərbəst və şəffaf olmalıdır ki, bundan mətbuat da istifadə edə bilsin. Bizim tirajımızı, cəmiyyətdəki gücümüzü aldığımız reklamın dərəcəsi göstərməlidir. Əfsuslar olsun ki, bu münasibətlər qurulmayıb və o səviyyəyə çatmayıb ki, hər kəs öz keyfiyyətli fəaliyyətinə görə reklam ala bilsin. Bunun başqa tərəfi də ondan ibarətdir ki, dövlət büdcəsindən maliyyələşən çoxlu sayda təşkilatların sosial reklamları var. Amma bu reklamlar da bazarda buna layiq olan media orqanlarına verilməlidir. Bizdə bazar münasibətləri liberal olmadığına görə bu indekslər itib. Müxtəlif dövlət qurumları var ki, sosial reklamlarını özlərinin təsis etdikləri qəzetlərə verirlər.
- Yeri gəlmişkən, müvafiq qanunvericiliyə görə, hər bir dövlət qurumuna ayrılan büdcənin 1 faizi reklama yönəldilməlidir. Amma əksər qurumlar mediaya reklam vermir. Səbəb nədir?
- Bəli, qanunvericiliyə görə, dövlət qurumlarının sahə KİV-i olmalıdır, amma hər dövlət qurumunun tərkibində çoxlu sayda sahəvi mətbuat orqanı olmamalıdır. Bunlar ləğv olunsa, dövlət orqanı o reklamı çox oxunan, cəmiyyətdə populyar olan KİV-ə verəcək. Bununla həmin müəssisənin reklamı daha çox adama çatacaq, eyni zamanda KİV subyekti də maliyyə əldə etdiyinə görə bundan faydalanacaq və daha güclü olacaq. Proseslər belə getməlidir.
Təəssüf ki, sosial reklamlarla bağlı tenderlər elan olunmur, alışdığımız populyar KİV-lərdə dövlət tenderlərinə az rast gəlirik. Demirəm, heç yoxdur, amma sayı azdır. Halbuki, hamısı bu formada yayılmalıdır. Belə olarsa, bu, KİV-in inkişafına təkan verər. Dünyada reklamın böyük əksəriyyətindən onlayn media qazanır. Qərbdə, Türkiyə və Rusiyada reklamın böyük hissəsi daha çox yeni mediaya ayrılır. Sonrakı yerdə televiziya, radio, qəzet, küçə reklamları gəlir.
Azərbaycanda isə mediaya ayrılan reklam çox azdır. Bizdə küçə reklamlarına daha çox pul ayrılır. Onlayn medianın üzərinə düşən payın böyük hissəsi televiziya və radioya gedir, qəzet və yeni mediaya cüzi qisim qalır. Bu da normal deyil. Bazar münasibətləri liberal olanda hər şey öz qaydasına düşəcək.
- Sahəvi media orqanlarından söz açdınız, araşdırma zamanı məlum olub ki, bəzi nazirliklərin hətta 3 media orqanı var. Sizcə, buna lüzum varmı?
- Əlbəttə, buna lüzum yoxdur. Bu məsələlər administrativ qaydada həll olunmamalıdır. Elə qurum var ki, qəzeti, jurnalı, bülleteni var. Əslində hər bir qurumun təkcə bülleteni olmalıdır, verilən qərarlar, hesabatlarla bağlı öz şəbəkəsini məlumatlandırmaq xarakteri daşımalıdır, bütövlükdə məlumatları ictimaiyyətə çatdırmaq üçün sahəvi qəzetlərdən istifadə etmək doğru deyil. Sahəvi media orqanı daxili istifadə üçün saxlanmalıdır. Sosial reklamlar və məlumatların geniş ictimaiyyətə çıxışı normal KİV üzərindən olmalıdır. Bir daha qeyd etmək istərdim, bu, administrativ qaydada yox, liberal qaydada edilməlidir. Belə olan halda daha çox fayda gətirər.
- Bəzi həmkarlarımız abunə kampaniyasına başlayıb. Sizcə, nəticəsi olacaq? Dövlətin dotasiyası olmadan mövcudluğunu saxlaya bilməyən qəzet lazımdırmı?
- Qəzetlər dövlətin dotasiyası olmadan çıxa bilmirsə, bu, artıq o deməkdir ki, həmin qəzetlər digər resursları da itirib. Dövlətin etdiyi yardımlar 100 faiz deyil, çapla, maddi- texniki bazanın artırılması ilə bağlı müəyyən qədər köməklikdir ki, cüzi hissəni təşkil edir. Mənə elə gəlir ki, bu, qəzetlərin səhv fəaliyyətinin nəticəsidir. Qəzetlərin abunə kampaniyasına gəlincə, bunu normal və lazımlı hesab edirəm. Hər zaman kampaniya aparmaq lazımdır. KİV-in cəmiyyətin dəstəyinə həmişə ehtiyacı var. Kampaniyalar abunə ilə bitməməlidir, müxtəlif kreativ tədbirlər təşkil etmək olar. Bu tədbirlərdə insanların, imkanlı adamların iştirakı, təşkilatların bu kampaniyalara qoşulması yaxşı olardı. Əslində dünyanın hər yerində qəzetlər, müxtəlif KİV-lər öz kampaniyalarını aparırlar. Düşünürəm ki, bizdə də effekti olacaq.
- Çap məhsulları üzərindən ƏDV-nin götürülməsi təkliflərinə münasibətiniz necədir?
- Ən ağrılı məsələlərdən biri də budur. KİV məhsullarına ƏDV tətbiq olunmağa başlayandan bunun ciddi psixoloji təsiri oldu. Bizim istehsal etdiyimiz məhsulun cəmiyyət üçün gərəkliliyi hər zaman vurğulanır. Amma belə çıxır bizim məhsulumuzun digər məhsullardan heç bir fərqi yoxdur. Əslində isə çox fərqi var və bunun üzərində əlavə dəyər vergisi qoyulmamalıdır. Psixoloji baryer var. Eləcə də bu, maliyyə çətinliyi yaradır. Bununla bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu dəfələrlə Milli Məclisin tribunasından çıxış ediblər. ƏDV KİV-in üzərindən nə qədər tez götürülsə, əlavə nəfəslik yaradacaq.
- Onlayn media ilə bağlı qanunun vacibliyi də tez-tez müzakirə olunur. Media orqanlarının MMC kimi qeydiyyatdan keçməsi media anlayışı ilə nə dərəcədə uyğun gəlir?
- İnternet media ilə bağlı bir sıra qanunlarda əlavə və dəyişiklik edilir. Amma mənə elə gəlir ki, müvafiq qanunvericiliyə ayrı-ayrı maddələr salınmaqdansa, yeni media ilə bağlı qanunun qəbulu daha yaxşı olar, bütün məsələlər kompleks şəkildəhəllini tapar. Yeni qanun ən xırda incəliklərin nəzərə alınmasına imkan yaradardı. Başqa qanunlarda bu və ya digər dəyişiklik ediləndə bunu tam şəkildə əhatə etmək olmur. Ümidvaram ki, bu təşəbbüs yaxın zamanlarda müsbət dəyərləndiriləcək, yeni qanunun şahidi olacağıq.
- Bundan sonra proses necə davam edəcək? KİVDF onlayn mediaya da maliyyə ayıracaqmı?
- KİVDF rəhbərliyi və Mətbuat Şurası çərçivəsində məsələyə baxılıb. KİV deyəndə indi əksərən oxunma, reklam və digər statistikaya görə onlayn media götürülür. Bu baxımdan dövlətin onlayn mediaya maliyyə yardımı ayırması məntiqlidir. Təəssüf ki, 2019-cu ilin büdcəsində bu, əksini tapmayıb. Amma ümid edirik ki, cənab Prezidentin Ehtiyat fondundan internet mediaya müəyyən maliyyə yardımı ayrılacaq. Yaxud da KİVDF-yə ayrılan maliyyədən onlayn mediaya verilə bilər. Hər halda optimist yanaşırıq, bu məsələnin öz həllini tapacağına ümid edirik, çünki bu, dövrün tələbidir.
Geri qayıt